Meşələrin vurğunu

Meşələrin vurğunu
Kiçik yaşlarından bağlı-bağatlı mühitdə böyüyən və tərbiyə alan kiçik oğlanı onu əhatə edən zümrüd meşələr, quşlar özünə çəkirdi. Atası da kənddə təcrübəli bağban kimi tanınırdı. İlk yaşlarından bu mühitə bağlanan balaca Bəhram ömrünün sonuna qədər təbiət vurğunu olaraq qaldı. Meşələrin vurğunu

Kiçik yaşlarından bağlı-bağatlı mühitdə böyüyən və tərbiyə alan kiçik oğlanı onu əhatə edən zümrüd meşələr, quşlar özünə çəkirdi. Atası da kənddə təcrübəli bağban kimi tanınırdı. İlk yaşlarından bu mühitə bağlanan balaca Bəhram ömrünün sonuna qədər təbiət vurğunu olaraq qaldı.
Meşələrin vurğunu
Bu bağlılıq da onun gələcək həyatını müyyənləşdirdi. Məktəbə getdi, dərslərini oxumaqla yanaşı, doğma təbiəti gəzməyi, onun hər ağacı, gülü, çiçəyi ilə təmasda olmağı sevirdi. Sinifdən- sinfə keçirdi, qış aylarında bəyaz qara bürünmüş meşələri gəzməyə çıxar və bundan zövq alardı. Yem axtarmaq üçün kolluqlarda eşələnən qırqovullara, qaratoyuqlara və digər quşlara tamaşa etməkdən doymazdı. Bəzən isə evdən dən gətirər, kolların dibinə səpər, özü bir ağacın arxasında gizlənib bu mənzərəni seyr edərdi. Bu, bir növ onun məşğuliyyətinə çevrilmişdi. Atası oğlunun bu hərəkətini bildi, onun təbiətə vurğunluğuna xeyli sevindi. Onun bu hərəkəti atada qürur hissi oyatdı, deməli, oğlunun kiçik qəlbinə mərhəmət toxumları səpə bilmişdi. Bir gün oğluna müraciətlə:
– Ay oğul, sənin bu hərəkətini bəyəndim, çətinə düşənlərə kömək əli uzatmaq xeyirxahlıqdır. Ancaq unutma ki, bununla meşənin bütün quşlarını doyura bilməzsən. Allah yaratdığı hər bir canlıya ruzi də verir…
Haqqında söhbət açmaq istədiyimiz Bəhram Bəy oğlu Tarverdiyev 1934-cü ildə İsmayıllı rayonunun Qalınçaq kəndində dünyaya göz açıb. Ata-ana qayğısı altında böyüməyə başladı. Valideynlərin ilki idi.
Məktəb yaşı çatdı, Bəhram da kənd məktəbinin birinci sinfinə getdi, yeddinci sinfi bitirib, orta məktəbi İsmayıllıda davam etdirdi. Gənclər bəzən ixtisas seçməkdə çətinliklər qarşısında qalırlar. Ancaq Bəhram bu sahədə seçimini etmişdi, o, meşəçi olmaq arzusundaydı. 1951-ci ildə bu arzu onu qədim Gəncə şəhərinə gətirdi. Sənədlərini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşəçi fakültəsinə verdi və imtahanları uğurla verib tələbə adını qazandı. Aylar, illər arxada qaldı və 1956-cı ildə təhsilini başa vurdu. Əmək fəaliyyətinə İsmayıllı Meşə Təsərrüfatında başladı.
Gənc mütəxəssis dövrü mətbuatda müxtəlif mövzularda məqalələrlə də çıxış etməyə başladı. Mərhum akademik, təbiət vurğunu, təbiətşünas alim Həsən Əliyev Bəhramın məqalələri ilə tanış olur, onunla əlaqələr qurur. Qocaman alimlə tanışlıq Bəhramın həyatında mühüm rol oynayır. Alimlə tanışlıq gənc mütəxəssisin formalaşmasında, meşəçi kimi yetişməsində və inkişafında xüsusi yeri var. O, alimin işgüzarlığından, təcrübəsindən öyrənir, onları fəaliyyət sahəsinə tətbiq etməyə çalışırdı. B.Tarverdiyev özünü Həsən Əliyevin tələbəsi hesab edir. Çünki, alim həmişə ona yardımçı, mənəvi dayaq olmuşdur.
B.Tarverdiyev bir müddət İsmayıllı Meşə Təsərrüfatı İdarəsində meşə mühafizə mühəndisi vəzifəsində çalışmışdır. İdarədə onun işi hamıdan çox idi. Bütün meşə sahələrinə nəzarət heç də asan deyildi. O biri həmkarlarına nə vardı ki, hərə öz sahəsinə cavabdehlik daşıyırdı. Bəhram isə hamısına baş çəkməli, yoxlamalı, nəzarət etməli idi. Onun müəyyən edilmiş dəqiq iş saatı yox idi. Buna baxmayaraq, o hər yerə çatırdı. Gah sorağı Basqal meşəçiliyindən, gah da Buynuzdan gəlirdi. Məşhur operada olduğu kimi, Fiqaro burda, Fiqaro orda. Sanki bu adam sehrbazlar kimi, eyni zamanda müxtəlif yerlərdə olmağı bacarırdı. Bax, buna deyərəm təbiətə vurğunluq.

Uzun illər İsmayıllı Meşə İdarəsində direktor vəzifəsində kənardan gəlmə mütəxəssislər çalışıb. Nəhayət, həmin ənənəyə 1975-ci ildə son qoyuldu. B.Tarıverdiyev bu vəzifəyə təyin edildi. Heç bir nailiyyəti ilə fərqlənməyən idarədə yeniliklər, nailiyyətlər gözə çarpmağa başladı. Gənc direktor idarənin işini əməlli-başlı dirçəltməyə başladı, nailiyyətlər də artdı. Onu da xüsusilə qeyd edək ki, onun direktor işlədiyi dövrlərdə (2001-ci ilədək) İsmayıllıda 650 hektar qoz bağı salınmışdır. Bu, çox böyük rəqəmdir. Hazırda həmin qoz bağları məhsul verməkdədir. Meşəçilər həmin məhsuldan toplayıb yeni tinglər yetişdirirlər. Digər tərəfdən də Qurbanəfəndi, Topçu, Buynuz və digər kəndlərin əhalisi də həmin məhsullardan faydalanırlar. Yeri gələndə, əhali bağ salanlara dua da edirlər.
Meşəçilərin əsas vəzifəsi mühafizə və bərpa işləridir. Bu sahədə onun işinə el ifadəsi ilə desək, pəl vuranlar da olub. Meşələrin təbii artımına yaxınlardakı kəndlərin mal-qarası çox ziyan vurur. Bunun qarşısını almaq məqsədilə meşələrin ətrafı dəmir torla hasara alındı. Adamlar şikayətlərlə müxtəlif təşkilatlara müraciət etdilər. İş o yerə çatdı ki, əkilən qoz tingləri məhv edildi. Direktor isə müxtəlif təşkilatlara izahatlar vermək məcburiyyətində qaldı.
Əvvəllər, daha dəqiqi, 1981-1982-ci illərin əvvəlləri meşə idarəsi şəhərin mərkəzində yerləşirdi. İdarəni meşəyə daha da yaxınlaşdırmaq məqsədilə Xanagah kəndinin yaxınlığındakı ərazidə yer alıb orada obyektlər (idarə, anbar binaları, qaraj və sair yardımçı binalar) inşa edildi. Qısa müddətdən sonra meşə idarəsi oraya köçürüldü. Təbiətə, həm də meşələrə yaxın olan bu idarə daha münasib idi. Bu işdə, o zamanlar İsmayıllı Rayon Partiya Komitəsinin birinci katibi işləmiş mərhum Qəşəm Aslanov Bəhrama çox köməklik göstərmişdir.
2001-ci ilədək respublikada Azərbaycan Meşə Birliyi adlanan bir qurum fəaliyyət göstərirdi. Bütün meşə idarələri də bu quruma tabe idi. Birliyə isə Musa Məmmədov sədrlik edirdi. Həmin dövrdə İsmayıllı Meşə İdarəsi respublikada yaxşı işi ilə hamıya nümunə göstərilirdi. Təsərrüfatın qabaqcıl iş təcrübəsi respublikada yayılmışdır. Bütün növlər üzrə plan və tapşırıqlar artıqlaması ilə yerinə yetirilirdi. SSRİ Meşə Təsərrüfatı Komitəsinin Şərəf lövhəsinə adı yazılmışdı, özü də on il. Bu da həmin təsərrüfatın işinə yüksək qiymət vermək üçün kifayət edəcək faktdır. B.Tarverdiyev 22 avqust 1990-cı ildən Əməkdar meşəçi kimi fəxri ad daşıyır.
Meşələrin vurğunu
Bəhramın əmək fəaliyyətinə verilmiş qiyməti əks etdirən digər bir sənədi misal çəkmək yerinə düşər. Anadan olmasının 65 illiyi münasibətilə ona göndərilmiş təbrik məktubunu aşağıda veririk:
Hörmətli Bəhram Tarverdiyev!
Yaşınızın 65 olmasına baxmayaraq, Siz əvvəlki kimi yenə də cavansınız. Sağlam döyünən ürəyiniz hələ uzun illər üçün faydalı əməklə məşğul olmağa, öz övladlarınız kimi bəslədiyiniz, qoruyub saxladığınız, əkib-becərdiyiniz, büllur meşələrin daha da çiçəklənməsini, genişlənməsini və artmasını təmin etməyə imkan verəcəkdir.
Hörmətlə: Azərbaycan Meşə Birliyinin sədri Musa Məmmədov.
İşlədiyi illər ərzində dəfələrlə nazirliyin Fəxri fərmanlarını almışdır. SSRİ Meşə Təsərrüfatı Komitəsinin “30 illik qüsursuz və əla xidmətinə görə” döş nişanı ilə təltif edilmişdir. Bu döş nişanı tək-tək meşəçilərə qismət olurdu. B.Tarıverdiyev nizam-intizamı sevən, özünə də, işçilərinə də qarşı tələbkar adamdır. O, meşələrin mühafizəsində heç kəsə güzəştə gedən deyil. Onun direktorluğu dövründə meşələrə istirahətə gələnlərə ad və soyadları yazılmış biletlər verilirdi. Bu biletlər pullu idi. Onları meşəbəyilər satırdı. Əgər orada yanğın, antisanitariya müşahidə edilərdisə, günahkarı tapmaq asan olurdu. İstirahətə gələn özü də məsuliyyət hiss edərdi. Meşələrdə yanğın-filan da olmazdı.
Özü savadlı mütəxəssis olduğuna görə ətrafına da belələrini toplamışdı. Onu həm də xeyirxah insan kimi tanıyırlar. Neçə-neçə ev tikənə meşə materialından, imkansızlara odun tədarükündə kömək əli uzatmışdır.
2001-ci ildə Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı və Meşə Birliyi və onun yerlərdəki təsərrüfatları da onunla birləşdirildi. Yeni nazir B.Tarverdiyevin qalıb direktor kimi fəaliyyət göstərməsinə icazə vermədi. Bununla da Bəhramın əzablı günləri, daha dəqiq desək, illəri başladı. Respublikanın müxtəlif təşkilatlarına şikayətlər başladı. Məhkəmələr quruldu, qərar çıxarıldı ki, işinə bərpa olunsun. Qərar icra olunmadı. Qısacası, bu xəmir çox su apardı. Avropa məhkəməsi işə qarışandan sonra işinə bərpa olundu, bir neçə ildən sonra. Bu iş 2007-ci ilədək uzandı. Bu süründürməçiliklər, özbaşınalıqlar, əsəb gərginlikləri onun səhhətinə də mənfi təsir göstərdi.
Qocaman meşəçinin 80 yaşı tamam oldu. Ömrünün 60 ilini İsmayıllı meşələrinin mühafizəsinə həsr etmişdir. Rayon ictimaiyyəti onun yubileyini təntənəli surətdə qeyd etdi. RİH başçısı Mirdaməd Sadıqov B.Tarverdiyevin keçdiyi mənalı, müasir gənclərə örnək ola biləcək həyatı haqqında danışdı və ona xoş arzularını çatdırdı. RİH adından yubilyara Fəxri fərman və pul mükafatını təhsil veteranı, tanınmış ziyalı Fərman Bəşirov təqdim etdi. Yubilyar çıxışında onu yad edənlərə təşəkkür etdi və hamını İsmayıllının abadlaşdırılmasında fəallığa çagırdı.
B.Tarverdiyev mehriban ailə başçısıdır, beş oğul, iki qız atasıdır. Övladlarının dördü ali təhsil alıb, hərəsi bir sahədə çalışır. Sevimli babadır.
Sonda qocaman meşəçiyə möhkəm cansağlığı, palıd kimi uzun ömür arzulayırıq.
B.Babayev

Şərh Yaz