Daha çox kitab oxuyaq

Daha çox kitab oxuyaqDaha çox kitab oxuyaq

2014-cü il İsmayıllının kitabsevərləri üçün uğurla başladı. Yanvarın 2-də Heydər Əliyev adına Mərkəzi Meydanda Facebook sosial şəbəkəsində fəaliyyət göstərən “İsmayıllı rayonu” səhifəsinin təşkilatçılığı, “Ивановка” səhifəsinin, “İsmayıllı”, “İsmayıllı – bizim məkan” qruplarının, İstedadlı Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin (İGİD İB), İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsi, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin, eləcə də rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Kitablarımızı paylaşaq, daha çox kitab oxuyaq!” devizi altında aksiya-görüş keçirilib.
Daha çox kitab oxuyaq
Xoş mərama xidmət edən aksiyanın keçirilməsində məqsəd kitab oxumağın təbliğ edilməsi və İsmayıllı gənclərinin bir-birini tanıması olub.
100 nəfərə yaxın kitabsevərin bir araya gəldiyi tədbirdə şairlərdən Musa Yaqub, Maarif Soltan, Şahməmməd Dağlaroğlu, Bəhruz Məmmədov çıxış etmək, tədbirin əhəmiyyəti barədə fikir söyləməklə yanaşı, İsmayıllını tərənnüm edən şeirlər söyləyib, xoş arzularla avtoqraf yazdıqları şeir kitablarını tədbir iştirakçılarına hədiyyə ediblər.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rayon gəncləri adından çıxış edən “İsmayıllı” qrupunun rəhbəri Tərlan Səfərov kitab oxumanın faydalarından, mədəni məzmunlu toplantıların əhəmiyyətindən danışıblar. Çıxışların əksərində bu kimi tədbirlərin davamlı olması arzulanıb.
Tədbirə qatılanların hər birinə İsmayıllı yazarlarının “Dağ çiçəkləri” ədəbi toplusu şair M.Yaqubun, kitabın redaktoru və tərtibçisinin avtoqrafları ilə hədiyyə olunub. Aksiya kifayət qədər maraqlı keçib.
Sonda tədbirin iştirakçıları öz aralarında kitabları dəyişdiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz