Qartal zirvəni sevər

Qartal zirvəni sevər
Nağıla bənzər ecazkar təbiəti, saf insanları ilə tanıyıram İsmayıllını. Bu rayonun adı çəkiləndə əsrarəngiz meşələri yada düşür. Qədimliyi, gözəlliyi, daha nələri, nələri… sevdirib bu coğrafi məkanı mənə. Bu məkanı mənə sevdirən həm də hələ məktəbli ikən sevimli şairimiz Səməd Vurğundan oxuduğum “Talıstan” poeması olub. Qartal zirvəni sevər

Nağıla bənzər ecazkar təbiəti, saf insanları ilə tanıyıram İsmayıllını. Bu rayonun adı çəkiləndə əsrarəngiz meşələri yada düşür. Qədimliyi, gözəlliyi, daha nələri, nələri… sevdirib bu coğrafi məkanı mənə. Bu məkanı mənə sevdirən həm də hələ məktəbli ikən sevimli şairimiz Səməd Vurğundan oxuduğum “Talıstan” poeması olub.
Qartal zirvəni sevər
Təbiətim belədir; təbiət gözəlliyinin, zəhmətkeş saf insanların vurğunuyam. Elə bu yazımda da vurğunu olduğum, yaxşı mənada qibtə etdiyim bir insandan söz açmaq istəyirəm. Arifə müəllimə İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli tam orta məktəbinin dil-ədəbiyyat müəllimidir. Respublikada tədris etdiyi fənn üzrə ilk “Dayaq Məntəqə”sinin yaradıcısıdır. Ümumilikdə İsmayıllını, İsmayıllı təhsilini ucaldan insanlardandır. Təhsilin inkişafında xidmətləri olub, uzun illərdir təhsil sistemində çalışır. Zirvələr fəth etməyə, uğurlu təhsil islahatında, bütün varlığı, canı ilə sözünü deməyə can atmış bir fədai, gözəl insan, savadlı, istedadlı pedaqoqdur bu xanım.
Arifə müəllimədən söz açıb, danışdıqca onu elə bil yenidən “kəşf” edirəm. Onun yenilməz, qırılmaz iradəsinə həsəd aparıram. Saçları ağarsa da (“Uca dağların başı qar olar”), qüvvəsi azalmır, əksinə, daha da artır.
Bu elm, təhsil fədaisi ümummilli liderimiz Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq fəaliyyət göstərir: ”Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir”. Bu baxımdan da müəllimənin işi, fəaliyyətinin əsas istiqaməti ”Dayaq Məntəqəsi”ni yaratmaq, Azərbaycan Təhsil Nazirliyinin “Pedaqoji kadrların İxtisasının artırılması prosesinin təkmilləşdirilməsi barədə” 2000-ci il tarixli, 163 saylı və “Dayaq məntəqələri mexanizminin tətbiqi” ilə bağlı 17 oktyabr 2000-ci il tarixli, 953 saylı əmrini həyata keçirmək, bu sahəni rayonda təşkil və inkişaf etdirmək oldu.
A.Bəşirova öz iradəsi ilə rayonda əsasını qoyduğu işi başa çatdıra bildi. Buna o, biliyi, təcrübəsi, yüksək dərəcədə məsuliyyəti və bacarığı ilə nail oldu. 2009-cu ilin 25 dekabrında isə “Dayaq Məntəqə Mərkəzi”nin açılışı oldu…
Keçən dörd il ərzində Mərkəz daha da zənginləşib. Bu yaxınlarda, Bakıya gedərkən yolüstü Azərbaycan Müəllimlər İnstitutunda “Öyrədənləri öyrədən” kursunda tanış olduğum, ünsiyyət qurduğum Arifə müəlliməyə baş çəkdim. Onun yaratdığı Mərkəzlə maraqlandım. Çox zəngin kabinetdə ilk baxışdan diqqəti cəlb edən səliqə-sahman yaradılmışdı. Otaqda olan hər şey gərgin insan əməyindən xəbər verirdi.
Öz işinin ustası olan, bilik və bacarığına inanan, gördüyü işlərdən zövq alan, qürur duyan sərkərdəyə bənzətdim Arifə müəlliməni. Səhv etməmişdim də… Hazırladığı əyaniliklər, iş planları, açıq dərslərin qrafikləri, tezislər, müraciətlər, keçirilən tədbirlərdən şəkillər, video lentlər, məntəqədə görülmüş işlərdən hazırlanmış elektron yazılar, slaydlar, məntəqənin nəzdində olan məktəblərin informasiya bankı, açıq dərslərin protokolları… Daha nələr, nələr… Qürur hissi keçirməyə, öyrəndiklərini öyrətməyə haqqı var Arifə müəllimənin. Dayaq məntəqəsinin işinin düzgün planlaşdırılması və təşkilində Azərbaycan təhsilinin, İsmayıllı maarifinin külüng çalan ”Fərhadı”dır.
Məntəqədə yetərincə məlumatlarla, yeniliklərlə tanış olmaq mümkündür. Burada açıq dərslərin kollektiv dinlənilməsi və təhlili, problem mövzulara aid məsləhətlərin verilməsi qeydləri də səliqə ilə qovluqlara yığılaraq saxlanılır.
Dayaq məntəqəsi, onun işləri ilə tanış olmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, “Siqma” təşkilatının nümayəndələri Xalidə Rüstəmova və Dostuxanım Zülfüqarova Mərkəzin rəy kitabına ürək sözlərini yazmışlar: ”Məntəqə ilə tanışlığı olan müəllimlər təhsildəki yenilikləri yüksək peşəkarlıqla işinə tətbiq edir. Təhsildə aparılan islahatlar baxımından burada görülən səmərəli iş göz qabağındadır. Bu işdə A.Bəşirova özünü peşəkar müəllim kimi tanıtmışdır”. Məntəqədə önəmli məsələlərdən biri də distant (məsafədən) ötürücü vasitələr ilə yeni materialların əldə olunması, bu istiqamətdə fikir mübadiləsinin aparılmasıdır.
Arifə müəllimə bəzi əlavə məlumatlar da verdi. O, Azərbaycan Müəllimlər İnstitutunda 2010-cu il aprelin 27-də “Öyrədənlərin öyrədəni” proqramı əsasında Dayaq məntəqə rəhbəri olan müəllimlərin həftəlik seminarında məruzə ilə müdavimlər qarşısında çıxış etmişdir. Burada o, həmçinin öz iş təcrübəsindən də söz açmışdır.
Arifə müəllimənin təşkil etdiyi Dayaq məntəqəsində pedaqoji, psixoloji, elmi yeniliklər, dərs vəsaiti və dərsliklərdə, plan və proqramda olan yeniliklərlə müəllimlər tanış edilir, bu sahədə həmkarları – Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə fikir mübadiləsi aparılır.
Bundan başqa, qabaqcıl mütəxəssislər Dayaq məntəqəsinə dəvət olunur, plan və proqramlara əsaslandırılmış təkliflər verilir. Qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi daim diqqət mərkəzində saxlanılır.
Nəzərdən keçirdiyim, araşdırdığım materiallardan belə qənaətə gəldim ki, Arifə müəllimə bacarıqlı təhsil işçisi, bacarıqlı təşkilatçı və peşəkar müəllimədir. Hələ kursda olarkən mühazirələrdə, seminarlarda, debatlarda onun yüksək elmi-nəzəri biliyə, praktik təcrübəyə malik olduğu qənaətinə gəlmişdim. Müəllimənin hazırladığı sənədlər göstərirdi ki, o, açıq dərslərin elmi-praktik konfransların və qabaqcıl pedaqoji mühazirələrin vaxtlı-vaxtında keçirilməsinə rəhbərlik edir. Müəllimləri qabaqcıl təcrübə ilə tanış edərkən, onlara tətbiq olunan metodların üstünlüklərini də aydınlaşdırır, dərsləri müşahidə etməklə yeniliyin mahiyyətini, onun üstünlüyünü müəllimlərə aşılayır.
Arifə müəllimə ürəklə gördüyü işlərdən danışır, sənədlərin hamısını qısa vaxt ərzində mənə göstərməyə, izah etməyə çalışırdı.
Ayrılarkən ona həyatda can sağlığı, arzularının həyata keçməsini arzuladım… Üz-gözündə xəfif bir təbəssüm gördüm…
Qəlbimdə isə həyatda çox məhrumiyyətlər görmüş Arifə müəlliməyə inam hissi vardı: belə çalışmaqla, onun hələ çox zirvələr fəth edəcəyini düşünürdüm.
Axı, qartal zirvələri sevər!
Səadət Səfərəliyeva,
Oğuz rayonu

Şərh Yaz