Seçimimizdə qətiyik: Qarşıdakı illərdə də İlham Əliyevlə!

Bu yaxınlarda 70 illik ömrümün ən unudulmaz, ən dəyərli günlərindən birini yaşadım. Qurucusu ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının V qurultayının nümayəndəsi idim. Qurultayda iştirakdan qürur duydum. Qürur duydum ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinə mən də səs verdim. Dövlətimizin daha qüdrətli olmasını, arzularımızın həqiqətə, gerçəyə çevrilməsini, özümüzü sayılıb-seçilən bir ölkənin vətəndaşı kimi hiss etmək, balalarımızın gələcəyini xoşbəxt görmək və ən nəhayət, torpaqlarımızın tezliklə işğaldan azad olunmasını istəyiriksə, belə etməliyik – onu namizəd göstərməli, onu prezident seçməliyik.Seçimimizdə qətiyik: Qarşıdakı illərdə də İlham Əliyevlə!
Bu yaxınlarda 70 illik ömrümün ən unudulmaz, ən dəyərli günlərindən birini yaşadım. Qurucusu ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının V qurultayının nümayəndəsi idim. Qurultayda iştirakdan qürur duydum. Qürur duydum ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinə mən də səs verdim. Dövlətimizin daha qüdrətli olmasını, arzularımızın həqiqətə, gerçəyə çevrilməsini, özümüzü sayılıb-seçilən bir ölkənin vətəndaşı kimi hiss etmək, balalarımızın gələcəyini xoşbəxt görmək və ən nəhayət, torpaqlarımızın tezliklə işğaldan azad olunmasını istəyiriksə, belə etməliyik – onu namizəd göstərməli, onu prezident seçməliyik.
Bu sətirləri yaza-yaza ulu öndəri, xalqımızın xilaskarı Heydər Əliyevi böyük şükranlıqla xatırlayıram. Nə yaxşı ki, Ulu öndər Azərbaycanın taleyini İlham Əliyevə əmanət etmiş, etibarlı ələ tapşırmışdır. Budur, on ildir ki, Prezident İlham Əliyev bu əmanəti göz bəbəyi kimi qoruyaraq Azərbaycanı uğurlara aparır, Heydər Əliyev yolunu fədakarlıqla davam etdirir. 2003-cü ildə prezident seçkisi ərəfəsində İlham Əliyev demişdi ki, mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam. Belə də oldu. İndi Azərbaycan vətəndaşları daha böyük, daha qüdrətli, beynəlxalq miqyasda daha nüfuzlu söz sahibinə çevrilmiş bir ölkədə yaşayırlar. Elə buna görə də cənab İlham Əliyevin prezidentliyə namizədliyini ürəkdən bəyənirlər.
Ölkəmizdə ziyalıya böyük hörmət var. Prezident İlham Əliyevin özünün yüksək ziyalılığı, yeni düşüncə tərzi, demokratikliyi, humanizmi hamıda rahatlıq yaradır.
Məlum məsələdir ki, ziyalılıq ilk növbədə insanın daxili aləminin zənginliyi, xalqa xidməti, insanlara münasibəti, həyat mövqeyi, baş verən hadisələrə obyektiv baxışı ilə ölçülür. Hər hansı bir ad altında bir qurum yaratmaq heç də ziyalılıq deyildir. Beş-altı nəfər maddi maraqları naminə bir yerə yığışıb adını “ziyalılar forumu” qoyursa, əslində bu bir ziyanlılıqdır, haqqa, ədalətə qarşı çıxmaqdır, əsil vətəndaş mövqeyindən uzaqlaşmaqdır, dar düşüncəlilikdir. Bir həqiqəti xalqımız öz yaddaşına həmişəlik həkk etmişdir ki, Azərbaycanın bugünkü inkişafı, sabahkı yüksəlişi, səadəti, xoşbəxtliyi, bir millət kimi özünütəsdiqi, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi İlham Əliyevin yenidən prezident seçilməsi ilə bağlıdır. O, beynəlxalq aləmdə tanınan, idarəetmədə hər bir insana hörmət və ehtiramı əsas götürən, qətiyyətli, dönməz, səmimi, qayğıkeş, mərhəmətli və humanist, qanunu şah hesab edən bir ölkə rəhbəridir. Özünü çıxılmaz vəziyyətə salıb xalqdan ayrı düşənlər, nəhayət, dərk etməlidirlər ki, ölkəyə rəhbərlik kürsüsünü 1992-ci ildə ələ keçirənlər duruş gətirə bilmədilər. Məsuliyyətdən qaçıb fərariliyə üstünlük verdilər. Xalqımız birdəfəlik nəticə çıxarıb ki, milli taleyimiz, sabahkı daha firavan, daha xoşbəxt həyatımız yalnız ümummilli lider Heydər Əliyevin özü qədər inandığı İlham Əliyevin fədakar lider fəaliyyətini davam etdirməsi ilə bağlıdır.
Bu bağlılığı ölkəmizin hər yerində, o cümlədən İsmayıllıda da çox yaxşı dərk edir, əyani surətdə görürlər. Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin açılışındakı nitqində demişdir: “İslam dini mərhəmət dinidir”. Həqiqətdir ki, ən böyük mərhəməti xalq öz Prezidentindən görür. İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 125 mənzil, 6 fərdi ev tikilmişdir. Azərbaycan tarixi və Şirvan bölgəsi üçün çox böyük əhəmiyyət kəsb edən Şamaxı Cümə məscidi istifadəyə verilmişdir. Prezident İlham Əliyevin çox böyük qayğısının nəticəsidir ki, İsmayıllıda geniş abadlıq-quruculuq işləri görülür. O cümlədən, rayon mədəniyyət mərkəzi yeni üslubda əsaslı təmir olunur, 140 və 90 yerlik uşaq bağçaları tikilir, qədim Basqalın bərpası proqramı hazırlanır və çoxsaylı digər layihələr həyata keçirilir. Biz bütün bunları dövlət başçısı İlham Əliyevin tükənməz qayğısının təzahürü kimi görür, onun prezidentliyə namizədliyini ürəkdən bəyənirik.
Biz İsmayıllı əhalisi cənab Prezidentin böyük ziyalılığını həm də onda görürük ki, təhsilə, təhsil işçilərinə böyük diqqət və qayğı göstərir.
2003-2013-cü illərdə İsmayıllıda 20 məktəb binası tikilib. 2007-2008-ci tədris ilindən başlanan “İlin ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsində rayonumuzdan 16 məktəb və “İlin ən yaxşı müəllimi” müsabiqəsində 12 müəllim qalib adını qazanıb. Qaliblər ölkə Prezidentinin sərəncamı ilə pul mükafatları alıblar. Ziyalılar respublikamızın ən böyük ziyalısından maddi və mənəvi cəhətdən çox böyük fayda görürlər.
Bölgələrə səfər edən Prezident İlham Əliyev özü ilə yerlərə səmimiyyət, mehribanlıq, qayğıkeşlik, sevinc, fərəh, mərhəmət və on illərin yüksəlişini gətirir.
Ən böyük bayramları, ən əziz günlərini, hətta yubileyini xalqla birlikdə ayrı-ayrı bölgələrdə keçirən Prezident İlham Əliyev İsmayıllı camaatı üçün də çox əzizdir.
Biz İsmayıllı seçiciləri seçimimizdə, iradəmizin ifadə olunmasında qətiyyətliyik. Əminik ki, qüdrətli Azərbaycanımız qarşıdakı illərdə də İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və nailiyyətlərə qovuşacaq.
Fərman Bəşirov,
İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri, təhsil veteranı
(“Azərbaycan” qəzeti, 20 iyun 2013-cü il)

Şərh Yaz