Gənc YAP üzvləri fəallaşır

Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər birliyinin idarə heyəti daha fəal mövqe tutmaq, rayonda gedən proseslərdə yaxından iştirak etmək, ixtisas və kompüter bilikləri ilə seçilən gəncləri uyğun istiqamətlərə yönəltmək məqsədilə səmərəli tədbirlərin həyata keçirilməsinə başlamışdır. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun sosial-iqtisadi inkişafın sürətləndirilməsində gənclərə istinad etməsi YAP-çı gəncləri sözün tam mənasında fəallaşdırmışdır.
İlkin tədbirlərdən biri olaraq bu günlərdə “YAP rayon təşkilatı Gənclər birliyinin gənclərlə apardığı işin yaxşılaşdırılması yolları” mövzusunda dəyirmi masa arxasında söhbət keçirilmişdir. İctimai ağsaqqallar şurasının sədri Fərman Bəşirov uzun illər gənclərlə apardığı işdə qazandığı təcrübəyə əsaslanaraq rayonda gedən quruculuq, abadlıq, tikinti işlərinə, infrastruktur layihələrin həyata keçirilməsinə gənclərin cəlbi yollarından danışmış, onların qüvvəsinə daha çox ehtiyac olduğunu bildirmişdir.
RİH-nin ictimai-siyasi və humanitar şöbəsinin əməkdaşı Valeh Salehov gənclərin bədii ədəbiyyata, milli mənəvi dəyərlərə müsbət münasibətinin formalaşmasının, siyasi-ideoloji və təbliğat işinin əhəmiyyətindən bəhs etmişdir.
Gənclər fikir mübadiləsi aparmış, müasir iqtisadi idarəetmə yolları barədə öz fikirlərini bildirmiş, biznes-layihələrin hazırlanması üçün treninqlərin keçirilməsini arzulamışlar.
YAP rayon təşkilatı Gənclər birliyi idarə heyətinin sədri Taleh Salehov sosial şəbəkələrdə yaradılmış qrupların işindən, sosial şəbəkədə fəal işləmək və qeyri-obyektiv, şər-böhtan xarakterli yazılara operativ cavab vermək, təbliğat işində daha fəal olmaq yollarından danışmış, gəncləri ictimai fəallığa dəvət etmişdir.
Gənclər yaşlıların təcrübəsinə ehtiyacları olduğunu bildirmiş, bu xarakterli tədbirlərin davamlı olmasını arzulamışlar.
Əqidəli gənclərin seçilib YAP sıralarına qəbul olunması qərara alınmışdır.
Dəyirmi masada iştirak edən gənclər Fərman Bəşirovdan xahiş etmişlər ki, onları “Heydər Əliyev idarəetmə məktəbi”nin daimi dinləyiciləri sırasına qəbul etsin (Fərman Bəşirov məktəbin icraçı direktorudur).
Bununla da dəyirmi masa arxasında gənclərin söhbəti başa çatmışdır.
Elnarə Yusifova,
YAP rayon təşkilatı Gənclər birliyinin idarə heyətinin üzvü

Şərh Yaz