Azadlıqdan istifadə dövlətin və xalqın təhlükəsizliyinin pozulmasına səbəb ola bilməz

Sərbəst toplaşmaq azadlığı demokratik dovlətlərdə vətəndaşın hüququ statusunun ən vacib ünsürlərindən biri hesab edilir. Bu hüquq, hələ 1948-ci ildə “Ümumdünya insan hüquqları bəyənnaməsi” qəbul edilərkən müəyyən edilmiş, sonralar, 1966-cı ildə “Mülki və ya siyasi hüquqlar haqqında “Beynəlxalq Paktda və Avropa Şurasının digər aktlarında da təsbit edilmişdir. Sərbəst toplaşmaq azadlığını zəruri məsələlərdən biri kimi özündə əks etdirən bütün bu beynəlxalq hüquqi aktlar çox sevindirici haldır ki, bu gün insan hüquqları və azadlıqlarının qorunmasına xüsusi diqqət yetirən dövlətimiz tərəfindən də ratifikasiya edilmişdir. Digər tərəfdən, sözügedən bu vətəndaş azadlığı Əsas Qanununumuz olan Konstitusiyada da təsbit edilərək göstərilmişdir ki, bu gün Azərbaycanda təkcə vətəndaşlarımızın yox, bu ölkədə yaşayan bütün əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, bir sözlə, vətəndaşlıqdan asılı olmayaraq hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
Təbii ki, burada hər bir halda müvafiq dövlət orqanını qabaqcadan xəbərdar etməklə qanuni olaraq həyata keçirilən sərbəst toplaşmaq azadlığının reallaşmasına təminat nəzərdə tutulur. Çünki, bir qrup şəxsin, yaxud da siyasi partiyanın qanunsuz olaraq, yəni müvafiq dövlət orqanını qabaqcadan xəbərdar etmədən və icazə almadan həyata keçirdiyi mitinqlər, yığıncaqlar, nümayişlər, yürüşlər Əsas Qanunumuzun pozulmasına səbəb olur. Nəzərə alsaq ki, hüquqlarımızın və azadlıqlarımızın təminatçısı olan Konstitusiya ümumuxalq səsverməsi ilə qəbul edilir, onda belə bir qanunsuz yığıncağın dolayı yolla xalqımızın iradəsinə açıq-aşkar zidd olduğu görünər.
Lakin, vətəndaşın hüquqi statusunun vacib elementi olmasına baxmayaraq bu azadlığın, demək olar ki, dünyanın bütün hüquqi dövlətləri tərəfindən müəyyən məhdudiyyətlərin qolyulmasının zəruriliyi qəbul edilmişdir. Avropa Şurasının bəzi hüquqi aktlarında, məsələn “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa konvensiyanın 11-ci maddəsində bəyan edilmişdir ki, silahlı qüvvələr, polis və digər dövlət idarəçiliyi nümayəndələri tərəfindən hüquqlarının həyata keçirilməsi üzərində qanuni məhdudiyyətlər qoyula bilər. Həmin müddəada göstərilir ki, bu azadlıqdan istifadə heç bir halda dövlətin və xalqın təhlükəsizliyinin pozulmasına əsas ola bilməz. Hər kəsin başqaları ilə toplaşmaq, öz fikirini və əqidəsini açıqlamaq azadlığının təmin edilməsini Əsas Qanunumuzda təsbit edən dövlətimiz də bu azadlığın həyata keçirilməsi və qanuni olaraq məhdudlaşdırılmasını müəyyənləşdirir. Bu münasibətlər də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla nizama salınır. Adıçəkilən qanunda bu azadlığın qanuni olaraq məhdudlaşdırılmasını nəzərdə tutan belə bir müddəanın zəruriliyini şərtləndirən əsas amil bəzən vətəndaşların çoxluq təşkil etdiyi ərazilərdə bir yerə birləşmiş müəyyən sosial qrupun öz davranışını idarə edə bilməməsidir. Belə bir vəziyyət də başqa şəxslərin hüquq və azadlıqlarının pozulması kimi bir sıra arzuedilməz halların baş verməsinə səbəb olur.
Hər bir hüquqi, demokratik dövlət kimi, Azərbaycan dövləti də belə bir halda ictimai və dövlət təhlükəsizliyi mənafelərini, ictimai asayişin pozulmasını, iğtişaş və cinayətlərin baş verməməsi, əhalinin sağlamlığının mühafizəsi üçün sərbəst toplaşmaq azadlığını qanuni olaraq məhdudlaşdırır, haqlı olaraq heç bir siyasi partiyaya və digər sosial qrupa imkan vermir ki, qanunla müəyyən edilmiş azadlıqdan istifadə edərkən müəyyən çərçivəni aşıb xalqın həyat və sağlamlığı üçün təhlükə yaratsın.
Sonda onu da qeyd etməyi lazım bilirəm ki, cinayət qanunvericiliyinin tələblərinə görə kütləvi iğtişaşları təşkil etmə, belə iğtişaşlarda iştirak etmə, habelə hakimiyyət nümayəndəsinin qanuni tələbinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırış etmə Azərbaycan Respublikası CM-nin 220-ci, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə isə Azərbaycan Respublikası CM-nin 233-cü maddəsinə əsasən məsuliyyət müəyyən edilir.
Azadlıqdan istifadə dövlətin və xalqın təhlükəsizliyinin pozulmasına səbəb ola bilməzQalib Rizvanov,
İsmayıllı rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas

Şərh Yaz