Maarifləndirmə tədbiri

Maarifləndirmə tədbiriYanvar ayının 29-da FHN Şimal-Qərb Regional Mərkəzi İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin akt zalında rayonun təhsil işçiləri ilə dəm qazından zəhərlənmələrin qarşısının alınması məqsədi ilə “Qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Rayon Təhsil Şöbəsinin nümayəndələri və rayonda fəaliyyət göstərən məktəb rəhbərləri iştirak etmişdilər.
Tədbirin keçirilməsində əsas məqsəd qış mövsümündə cəmiyyəti ən çox narahat edən məsələ olan “Dəm qazı” ilə bağlı təhsil işçiləri ilə qarşılıqlı fikir mübadiləsi aparmaq, təhsildə bu sahəyə olan diqqəti daha da artırmaq və təbliğat işlərini gücləndirmək olmuşdur.
İştirakçılara ilk öncə Fövqəladə Hallar Nazirliyi, eləcə də Nazirliyin Şimal-Qərb Regional Mərkəzi haqqında məlumat verildikdən sonra “Dəm qazından zəhərlənmənin qarşısının alınmasında təbliğatın rolu”, “Dəm qazından zəhərlənmələrin qarşısının alınması üçün təhlükəsizlik norma və qaydaları”, “Fövqəladə hal və mülki müdafiə”, “Məişətdə baş verən yanğınlar və partlayışlar zamanı xilasedicilər gələnə qədər zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və onların hadisə zonasından çıxarılması”, “Rayonun çoxmərtəbəli və fərdi yaşayış evlərindəki qaz təsərrüfatında mövcud olan vəziyyət” və s. mövzularda ətraflı məlumatlar verilmiş, dəm qazı ilə başlı video-çarx nümayiş olunmuşdur.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi, “Gənc xilasedici və yanğınsöndürən” yarışları haqqında, bu tədbirlərdə bu günə qədər İsmayıllı rayonunun əldə etdiyi nailiyyətlər haqqında, bu ildən etibarən bu mövzulara diqqətin daha da artırılması ilə bağlı məktəb rəhbərləri ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, bu işlərdə təbliğatın rolundan danışılmışdır. Maarifləndirmə tədbiri
Tədbirin sonunda Rayon Təhsil şöbəsinin məsul işçisi bu kimi hadisələrin qarşısının alınmasında əsas vasitə olan təbliğatın aparılmasında cəmiyyətdə hər kəsin, xüsusi ilə də təhsil işçilərinin üzərinə böyük vəzifənin düşdüyünü demiş, mövsümi xarakter daşıyan hadisələrin qarşısının alınması ilə bağlı şagirdlərə hər gün məlumatların verilməsinin vacibliyindən danışmışdır.
Bu mövzuda tədbirlər davam etdirilir.
FHN Şimal-qərb Regional Mərkəzinin İctimaiyyətlə əlaqə və təbliğat sektoru

Şərh Yaz