Sağlam gələcək yetişir

Sağlam gələcək yetişirÖlkəmiz müstəqillik əldə etdiyi qısa zaman ərzində iqtisadiyyat, mədəniyyət, təhsil, idman və s. sahələrdə dünya dövlətləri arasında analoqu olmayan inkişaf sürəti ilə parlayan ulduza çevrilmişdir. Elə bunun nəticəsidir ki, üzərində səkkizguşəli ulduz təsvir olunmuş bayrağımız tez-tez beynəlxalq idman arenalarında himnimizin sədaları altında yüksəyə qalxır. XXX London Olimpiadasında idmançılarımızın qələbəsi qəlbimizi fərəhlə doldurmuş, uşaq və gənclərimizdə idmana böyük həvəs oyatmışdır.
Əsası ulu öndərimiz H.Əliyev tərəfindən qoyulmuş idman siyasəti prezidentimiz cənab İ.Əliyev tərəfindən uğurla davam etdirilir. Respublika Olimpiya Komitəsinin Prezidenti kimi İ.Əliyevin fəaliyyəti Azərbaycan idmançılarının yeni-yeni qələbələr qazanmasına, paytaxtla bərabər regionlarda da yeni Olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, stadionların tikintisinin geniş vüsət almasına səbəb olmuşdur. Ən ucqar rayonlarımızda da kiçik yaşdan başlayaraq idmanla məşğul olmaq üçün şərait yaradılmışdır. Fiziki cəhətdən qüsurlu və imkansız ailələrdən olan uşaqların idmana cəlb olunması və inkişafı da dövlətimizin diqqət yetirdiyi sahələrdəndir. H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın idmançı gənclərə diqqət və qayğısı hər bir vətəndaşımız tərəfindən rəğbətlə qarşılanır.
Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar bir daha göstərdi ki, respublikamızın rəhbərliyinin idman sahəsində apardığı genişmiqyaslı işlər beynəlxalq idman təşkilatlarının da diqqət mərkəzindədir və aparılan işlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bununla da biz bir ziyalı və vətəndaş kimi qürur duyuruq.
Rayonumuzda xüsusilə son illərdə aparılan geniş quruculuq-abadlıq işləri idman sahəsində də özünü göstərmişdir.
Rayonumuzda inşa edilən Olimpiya-İdman Kompleksi həm memarlıq cəhətdən, həm də idmançılar, uşaq və gənclər üçün yaradılan əlverişli şəraitinə görə rayon əhalisinin, qonaqların, turistlərin sevimli məkanına çevrilmişdir. Rayonumuzda aparılan uğurlu kadr siyasətinin nəticəsidir ki, kompleksin rəhbəri T.Hümbətov peşəkar kollektiv formalaşdırmışdır. Rayon, region və respublika səviyyəsində idman oyunlarına ev sahibliyi etmiş, eləcə də beynəlxalq səviyyədə uğurlar qazanılmışdır.
İsmayıllı Olimpiya-İdman Kompleksində aparılan məqsədyönlü işlər respublikada aparılan işlərin tərkib hissəsi kimi rayon sakinləri, valideynlər tərəfindən razılıqla qarşılanır. Respublika Olimpiya-İdman Kompleksləri arasında nəticələrinə görə qalib olması bizi də ürəkdən sevindirmişdir. Tofiq müəllim başda olmaqla Kompleksin bütün müəllim-məşqçi heyətinə gələcək işlərində uğurlar diləyirik.
Respublika Gimnastika Federasiyasının Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə kompleksdə açılan 4-10 yaşlı qızlar üçün gimnastika qrupunun fəaliyyətə başlaması, Bakı şəhərindən bu qrup üçün müəllim-məşqçinin göndərilməsi sayəsində bizim bugünkü kiçik yaşlı qızlarımızın sorağı böyük idman arenalarından gələcəkdir.
Ramil Dadaşov,
valideyn

Şərh Yaz