Yaddas kitabcasi

Nəsildən gələn sənət

Nəsildən gələn sənətBalaca Salam hələ körpə yaşlarından evlərində musiqi sədaları altında böyüyüb, boya-başa çatmışdır. Babası Babakişi Baxışov nəfəs xalq çalğı alətlərində – zurnada, balabanda, neydə çox gözəl el havaları ifa edirdi. Dağ zonasında elə şənlik olmazdı ki, Babakişi orada iştirak etməsin. Bu nəsildə musiqiyə, çalıb-oxumağa həvəs hamıda var desək,səhv etmərik. Salamın atası Usufalı kişinin özü zərb alətlərinin məşhur ifaçısı kimi tanınırdı. Evin böyük oğlu Burcalı gözəl sənətkar olmuşdur.
Balaca yaşlarından bu mühitdə böyüyən Salam da nəfəs alətlərinə meyil salmışdı. Salam o zamandan özünü kamil sənətçi kimi təsəvvür edirdi. Zurna və balabana olan həvəs get-gedə onu bu qədim sənətə daha möhkəm bağlayırdı. O bu sənətə mükəmməl yiyələnmək üçün ustad sənətkarlardan öyrənməli, görüb-götürməli idi. Bu niyyət gənc Salamı ustad sənətkar – kürdəmirli Həsrət Hüseynovun yanına aparıb çıxarır. Məşhur sənətkardan dərs alır, ifaçılığın sirlərini öyrənir, kamilləşir…
İllər arxada qaldıqca Salam da tanındı, toylarda, el şənliklərində tez-tez iştirak etməyə başladı. Neçə-necə gəncə toy çaldı, onların xoşbəxtliyinin təməlini qoydu…
Babayev Salam Usufalı oğlu İsmayıllı rayonunun Daxar kəndində anadan olmuşdur. Ailə böyük idi, səkkiz uşaq olublar. Dağ zonasında dolanışıq ağır olduğuna görə, ailə 1941-ci ildə Mican kəndinə köçür. Salam Babayev sənətini davam etdirərək, ustad aşıq və sənətkarlarla el şənliklərində, toy məclislərində iştirak edərək püxtələşdi, el sənətkarına çevrildi.
S.Babayev 1968-ci ildən taleyini rayon mədəniyyət şöbəsinə bağlayır və orada fəaliyyət göstərən “Aşıqlar” ansamblında və xalq çalğı alətləri ansamblında müşaiyətçi kimi çalışır. Sonra 1976-ci ilə qədər solist kimi fəaliyyət göstərmişdir. 1977-ci ilin əvvəllərində avtoklubda səyyar kino-mexanik işləmişdir. Elə həmin ildə yenidən “Aşıqlar” ansamblında solist kimi fəaliyyət göstərmişdir. Buradan da təqaüdə (1992-ci ildə) çıxır.
S.Babayev 1968-ci ildə ailə qurmuş və üç övlad böyütmüşdür. Salam kişinin altı nəvəsi böyüyür.
Salam kişi indinin özündə də bəzən el şənliklərində öz ayrılmaz aləti ilə gəncliyini yada salır.
Nuru Xalıqov,
rayon mədəniyyət evinin işçisi

Şərh Yaz