“Dağ çiçəkləri”

Sahibə

Gözəl yaradıbdı yaradan səni,
Görüm gəlməyəsən gözə, Sahibə.
Oxu avaz ilə, oxu nəğməni,
Bağlısan şeirə, sözə, Sahibə.

Sən lalə yanaqlı, dodağı püstə,
Tapar camalından şəfanı xəstə.
Oxu şux mahnılar, oxu şikəstə,
Ruh verir nəfəsin bizə, Sahibə.

Bağlısan ürəkdən ana torpağa,
Səni dinləməkdən qəlb dönür dağa.
Çıxa bahar çağı bağa, bağçaya,
Təzə, tər gülləri üzə Sahibə.

Yerişin, duruşun necə gözəldi,
Baxışın, gülüşün necə gözəldi.
Aşıqla görüşün necə gözəldi,
Hər sözü, söhbəti təzə Sahibə.

Gözəldir bürünmək ala, qumaşa,
Şirin arzuların dəyməsin daşa.
Sənə Aşıq Cavid deyir, yüz yaşa,
Eldə toy-düyünü bəzə, Sahibə

Aşıq Cavid ƏmiraslanovSahibə

Gözəl yaradıbdı yaradan səni,
Görüm gəlməyəsən gözə, Sahibə.
Oxu avaz ilə, oxu nəğməni,
Bağlısan şeirə, sözə, Sahibə.

Sən lalə yanaqlı, dodağı püstə,
Tapar camalından şəfanı xəstə.
Oxu şux mahnılar, oxu şikəstə,
Ruh verir nəfəsin bizə, Sahibə.

Bağlısan ürəkdən ana torpağa,
Səni dinləməkdən qəlb dönür dağa.
Çıxa bahar çağı bağa, bağçaya,
Təzə, tər gülləri üzə Sahibə.

Yerişin, duruşun necə gözəldi,
Baxışın, gülüşün necə gözəldi.
Aşıqla görüşün necə gözəldi,
Hər sözü, söhbəti təzə Sahibə.

Gözəldir bürünmək ala, qumaşa,
Şirin arzuların dəyməsin daşa.
Sənə Aşıq Cavid deyir, yüz yaşa,
Eldə toy-düyünü bəzə, Sahibə

Aşıq Cavid Əmiraslanov

Nə yaxşı, özünə öyrətdin məni
Öyrətmə özünə, öyrətmə məni.
Musa Yaqub
Nə yaxşı, özünə öyrətdin məni,
Bənd olub, ömürlük uydum ətrinə.
Gecə Ay bilirəm nurlu çöhrəni,
Günəşə baxmıram səhər xətrinə.

Şair uşaq qədər ərköyün olur,
Belə kiritməzdi başqası onu.
Sevda var, içində min oyun olur,
Yol var, başlayanda yetişir sonu.

Başqası bilməzdi yorğunam niyə,
Mənim şair könlüm nə istəyir, nə?
İxtiyar verilsə gözəl seçməyə,
Nazımı çəkəni seçərdim yenə.

Yaxşı ki, özünə öyrətdin məni,
Tapdım öz adımı bu ünvanda mən.
Tək səni sevirəm, gülüm, tək səni,
Bir dərdin quludur, birini sevən.

Şahməmməd Dağlaroğlu

Oynamasaq olmazmı

“Yanıq Kərəmi”ni oyun havasına çevirənlərə

“Yanıq Kərəmi”miz yanıq yerimiz,
Bəlkə dərd yerimiz, sınıq yerimiz,
Olmasın tarixdə qınaq yerimiz,
Bu havanı oynamasaq olmazmı?

Çox oynadıq hər çalınan havaya,
Bəzən uçdu lap ağlımız havaya,
Demirəm ağlayaq, düşək ah-vaya,
Bu havaya oynamasaq olmazmı?

Dərd yolları gah yoxuş, gah enişdir,
Dərdə dönüş bəlkə haqqa dönüşdür.
Oynamalı meydanımız genişdir,
Bu havaya oynamasaq olmazmı?

Həm dərdimiz, həm dəvamız var ikən,
Çox yerlərdə çox davamız var ikən,
Oynamalı çox havamız var ikən,
Bu havaya oynamasaq olmazmı?

Nazir, ayrıl sən də meydən, məzədən,
Kimsə olmaz öz ruhuyla bizə tən.
Vallah, Kərəm bir də yanar təzədən,
Bu havaya oynamasaq olmazmı?

Nazir Ziya (Talıstanlı)

Sərçə hünəri
Bir sərçə yuva üstə,
Yad quşlarla vuruşdu.
Hey döyüşdü, söyüşdü,
Şirin sərçə dilində…

Sərçə qədər olmadıq,
Vətən əldən gedəndə.

Ölümə gedirəm

Elə yol gedirəm,
Doğulan gündən.
Itirə-itirə gedirəm,
Ötürə-ötürə gedirəm
Ömrə yarpaq illəri.
Əvvəli ölümlü yol,
Axırı ölümlü yol.
Enişli, yoxuşlu,
Kəsəkli, daşlı…
Həsrətli, kədərli,
Şirinli, şəkərli.
Sevilə-sevilə
Gedilən yol,
Ağlaya-ağlaya
Gedilən yol,
Ölümə dirənən yol.
Ölümə gedənlər
Qəhrəman olur,
Ancaq mən,
Qəhrəman ola bilmədim.
Mən vətən üçün
Ölə bilmədim…
Vətənçün ölənlər
Ölməz can olur.
Qəhrəman olur,
Tarixə yazılır,
Qəlblərə dolur.
…Bezdim vallah!
Baş qoşduğum başlardan,
Qarşıma çıxan daşlardan,
Ayrılıram gülə-gülə.
Hara gedirəm?!
Sizə nə?
Bir söz gəlir dilimə –
Ölüm gedirəm, ölümə!

Xalıq Yusifoğlu


Özümçün yenidən dünya yaratdım

Başım nələr çəkdi, mən nələr gördüm,
Nələri itirib, nələri tapdım.
Mənə bəs etmədi bu fani dünya,
Həyatda ən böyük arzuma çatdım –
Özümçün yenidən dünya yaratdım.

De, kimdən öyrəndin bu cəsarəti,
Kimdənsə incidi qəlbin əbədi.
Özümdə hiss etdim bu cəsarəti
Yenidən qəlbimdə sevgi oyatdım,
Özümçün yenidən dünya yaratdım.

Qanad açdım, quştək uçdum havada,
Səni hər an gördüm gözəl simada.
Belə gözəl çox görmüşdüm röyada,
Elə bil, həyatda əbədi yatdım,
Özümçün yenidən dünya yaratdım.

Bu sevən qəlbimə sahib sən oldun,
Məhəbbət badəmə şərabtək doldun.
Sənə ilk baxışdan yaman vuruldum,
Sevgi naməsini sənə uzatdım,
Özümçün yenidən dünya yaratdım.

Hüseyn Həsrət – www.ibadli.com


Küsmə həyatdan

Əvəz Küskünə

Qardaş, küsmə həyatdan,
Küskün həyat nə lazım?
Güc al Günəşdən, oddan,
Miskin həyat nə lazım?

Demə ömür əbəsdi,
Bir quruca nəfəsdi.
Can gülüşə əvəzdi,
Üzgün həyat nə lazım?

Həyatı duyan andan,
Mövlud doymur cahandan.
Gəl çıxaq bu dumandan,
Çiskin həyat nə lazım?

Dünyanın hər yerində
Dünyanın hər yerində
Ata, ana, övlad var.
Ömür keçir: pis, yaxşı,
Tale, ömür, həyat var.
Gəlim, olum, ölüm var.
Zülm eləyən, zülüm var.
Qocalıq var, gənclik var,
İnsanlıq var, dinclik var.
Elm, sənət, məktəb var,
Ədəb-ərkan, mətləb var.
Olanları vəsf eləyən,
Nəzmə çəkən qələm var.
Harda olduq sən, ya mən,
Orda kədər, ələm var.

Mövlud Teymur


Olur ki…

Mənim də hardasa var xoşbəxtliyim,
Dünyanın xoşbəxti biri olur ki?
Qovulan yerlinin, qaçan yerlinin,
Yersizin içində yerli olur ki?

Nəfsini salandı, bala, qaymağa,
Dar gündə yaramaz elə, torpağa.
Sonda dönük çıxar oda, ocağa,
Dinsiz-imansızın piri olur ki?

Zülmətdədir, nura boyanması yox,
Yatıb, yuxudadır, oyanması yox,
Əbədi gedirsə dayanmağı yox,
Qəbrə gedən ölü diri olur ki?

Saxlanar ovucda, əldə gizlənər,
Dadaq, diş altında, dildə gizlənər.
Sancılar yaxaya, teldə gizlənər,
Ləl, gövhər dağ boyda iri olur ki?

İşindən-gücündən yazıb çox yerə,
And içir ocağa, imama, pirə.
Bənzədir özünü pələngə, şirə,
Tülkünün, çaqqalın şiri olur ki?

Tamam Nur (Tağlabiyanlı)

Yollar

Yenə də yollara dikilib gözüm,
Gözüm nə gözləyir yollardan görən?
Hey sual verirəm özümə özüm:
Daha bu yollardan nə umuram mən?

Elə hey baxıram uzanır yollar,
Bəzən əyri olur, bəzən düz olur.
Yollara birləşən cığırlar, qollar
Bəzən əlli olur, bəzən yüz olur.

Çox dikmə gözünü yollara Rüstəm,
Bizi də aparar bu yollar bir gün.
Yollarda birləşmək mümkün olsa həm,
Vətən də birləşib bir olar bütün.

Rüstəm Məbudoğl

Salam,Günəş!

Səhər seyrə çıxdım bağçaya, bağa,
Ruhumu oxşadı sərin küləklər.
Baxdım şehlə dolu gülə, yarpağa,
Gecə “ağlamışdı” otlar, çiçəklər.

Günəş üfüqlərdə görünən kimi,
Güldü çiçəklərin qəmli dodağı.
Ana qayğısına bürünən kimi,
Quruldu islanmış “ağlar” yanağı.

Salam, təbiətin anası Günəş,
Səni çox görməsin bizə Yaradan.
Heç zaman sönməsin bu od, bu atəş,
Sənsən yer üzündə cənnət yaradan!

Südabə Şeyda


Məhəbbətim bir əfsanə

Ürəyimin aşıb-daşan,
Duyğuları pıçıldaşan,
Kövrəkləşən anımda,
Həsrətimin dindiyi vaxt,
“Günəş yerə endiyi” vaxt,
Kaş, olaydın yanımda.
Quşa dönüb uçmaq nədi,
Çiçək kimi açmaq nədi,
Görərdin.
Nəvazişi tellərimlə
Sığal-sığal hörərdin.
Xəyalınla,
Xatirənlə bax beləcə
Aldadıram özümü.
Düşür axşam, çatır gecə,
Qapayıram gözümü.
Bəlkə elə gələcəksən
Göz yummayan yuxuma,
Düşəcəksən sənsiz qalan
Gül-bənövşə qoxuma.
Ancaq yenə,
Bu ümid də boşa çıxır,
Həsrətimlə məhəbbətim,
Hər gecəmdən sabahıma
Qoşa çıxır.
Ürəyimin nisgilini
Gözlərimdən silə-silə,
Ötürürəm ömrü-günü,
Əridirəm gilə-gilə.
Bax, beləcə,
Sənsiz olub qaldım yetim,
Sənsiz ötən hər bir anım –
Qiyamətim.

Xatın

Payızın

Yağış yağır, duman çökür düzlərə,
Yavaş-yavaş izi düşür payızın.
Son baharın müjdəsi var bizlərə,
Soyuq qışa gözü düşür payızın.

Ayaq altda xışıldayır xəzəllər,
Elçi, nişan soraqlayır gəzəllər,
Köçən quşlar göy üzündə süzərlər,
O zaman ki, sözü düşür payızın.

Əsən külək ağacları yelləyir,
Sanırsan ki, sənə “sağ ol” eyləyir.
Gözüm dolur, göz yaşlarım söyləyir:
“Ömrümüzə özü düşür payızın”.

Nailə Yarğınçaylı

Müqəddəs ailə

Qəlbimiz bir döyündü,
Bir sevdanı yaşatdıq.
Hamı bəxtəvər dedi,
Biz dərdlərə daş atdıq.

Həyatı varaq-varaq,
Köçürtdük qəlbimizə.
Oğul-uşaqla birgə
Səadət gəldi bizə.

Dözdük əzaba, dərdə,
Ad aldıq – nənə, baba.
Sevir xoşbəxtlər kimi
Bu gün bizi el-oba.

Xeyirxah olduq hər an,
Ürək vermədik şərə.
Açıq alın, ağ üzlə
Qoşulmuşuq bəşərə.

İlləri saldıq yola
Yaşamadıq boş, hədər.
Dünyada sevilməli
Nə var ailə qədər?

Şərqiyyə Balacanlı

Şərh Yaz