“İsmayıllı xəbərləri” dərdimizin övladıdır

Eşitdim ki, “İsmayıllı xəbərləri” qəzetinin 100-cü sayı çıxır. İndiki dövrdə-informasiyanın bolluğu və sürəti ötürülməsi prosesinin baş verdiyi bir məkanda əlbəttə ki, media mənsublarının da üzərinə böyü yük düşür. əlbəttə, bu yükün əsas sükançısı həmin qəzetin baş redaktorudur. Bu mənada 100-cü sayın fərəhi, sevinci, uğurları daha çox onun ünvanınadır. Çünki sözlə, qələmlə çarpışan bir kollektivi sabaha, yaradıcı işə həmin sükançı nizamlayır.Cəmiyyətdə hər gülün, hər bitkinin öz yeri və öz gözəlliyi var. Mətbuat da bu cəmiyyətdən ayrılmazdır. Bu mətbuatın nəşrləri sırasında onun gülü, çiçəyi olan “İsmayıllı xəbərləri”də yaşadığımız zəmanənin və dərdlərimizin, sevinclərimizin təcəssümü olan cəmiyyətin övladıdır. Bu övlad saydığımız mətbu orqanı 100-cü sayınadək özünü tanıda, oxucularının sevgisini, rəğbətini qazana bilib. Təkcə ismayıllının uğurlarını, problemlərini, əldə etdiyi nailiyyətləri deyil, milli faciəmizi, eyni zamanda Azərbaycanın şanlı tarixini, mədəniyyətini, elmini, bu sahələrdə gecə-gündüz çarpışmış insanları təbliğ və təşviq etməklə məşğul olan “İsmayıllı xəbərləri”, sözün əsl mənasında, cəmiyyətimizə yardımçı olmağa çalışıb. Bir sözlə, milli mətbuatımızın müsəlləh əsgərinə çevrilən “İsmayıllı xəbərləri” üzü gələcəyə gedən Azərbaycanımızın həyatına müdaxilə etməyə səy göstərib. Qəzet səhifələrini vərəqləyən hər kəs keçmiş ənənələrdə bərabər, milli ənənələri də əxz etməyə, öyrənməyə və öz işində tətbiq etməyə can atıb. Bu mənada Şahməmməd müəllimin baş redaktoru olduğu “İsmayıllı xəbərləri”nin öyünməyə haqqı çatır. Gənc bir mətbu orqanı üçün bundan böyük bəxtəvərlik, iftixar yeri ola bilməz. Ona görə də cəfakeş qələm sahibləri olan “İsmayıllı xəbərləri”nin əməkdaşlarına, xüsusən də baş redaktor Şahməmməd müəllimə, qocaman jurnalist, mənim çox hörmət etdiyim qələm sahibi Bəybala Babayevə daha çox əzmkarlıq, zəhmətsevərlik, daha böyük cəsarət, çeviklik və iti qələm arzulayıram.
100-cü sayınız mübarək, əziz dostlar!
Dərin hörmətlə: Daşdəmir Əjdəroğlu,
“Azərbaycan” qəzetinin əməkdaşı, Azərbaycan jurnalistlər birliyinin üzvü

Şərh Yaz