Əbədiyaşar insan

İsrayıl Həsənov -100
Ulu yaradan tərəfindən hər kəsə bir ömür payı verilib. Hərə bir cür yaşayıb bu ömrü. Gün var ki, aya, ay var ki, ilə bərabərdir. Müəllim ömrünə! Elə ömrə ki, tarixin canlı salnaməsinə çevrilib keçmişin unudulmaz anlarını xatırladır, ürəyini məşəl edib zülmət gecələrdən günəşli səhərlərə yol açır, sönməz mayak kimi həyat karvanlarına bələdçilik edir, öz parlaq ziyasından, müdrikliyindən nəsillərə təmənnasız pay verir. Əbədiyaşar insanMəktəb, müəllim…Bu sözlər həyatı nur çeşməsini andıran, insanlara təkcə yazmağı, hesablamağı və oxumağı deyil, həm də yaşamağı öyrədən, ömrünü yanar şam edən, özündə olan yüksək keyfiyyətləri hamıya paylamaqdan zövq alan şəxsiyyətlərlə bağlı olanda daha vüqarla, daha əzəmətlə səslənir. Bütün şüurlu ömrünü İsmayıllı rayonunda xalq təhsilinin inkişafına sərf etmiş tanınmış alim, bacarıqlı təşkilatçı, təcrübəli pedaqoq İsrayıl Hacı Aslan oğlu Həsənovu xatırlayanda bu hiss və duyğuların əyaniliyini bir daha yada salmalı olursan.
Yaşasaydı, bu bahar günlərində 100 yaşı tamam olacaqdı. Lakin tanrının öz hikməti ilə qədərləndirdiyi ömür qisməti 71 yaşında, hələ enerjisinin tam gücüylə cərəyan etdiyi bir vaxtda onu tərk etdi.
İsrayıl Həsənov ucalıq yarışına çıxmış səyyah idi. Mübarizədə mərhələləri, maneələri dəf edə-edə böyüklük ünvanına gedirdi. Daim irəli baxan, sabahı düşünən ziyalı idi. İnsanlara xüsusi qayğı ilə səciyyələnən münasibəti məhz bu cəhətdən irəli gəlirdi. Prinsipiallığı və özünə qarşı tələbkarlığı, davranışında, fəaliyyətində və elmində təmizlik onu böyük şəxsiyyət kimi fərqləndirirdi.
Hazırda yaşayıb fəaliyyət göstərən və ulduz kimi parlayıb həyatını başa vuran yüzlərlə müəllimin, həkimin, mühəndisin, alimin sözün əsil mənasında ustadı olmuş İsrayıl müəllim dünyasını dəyişsə də, onun həyat və fəaliyyətini bu gün də çoxlarına örnəkdir.
O, 32 yaşından Azərbaycanın Əməkdar müəllimi kimi yüksək adı ləyaqətlə daşımış, həyatının son gününədək daim öyrənməyə, biliyini və ixtisasını artırmağa, elmin nailiyyətləri ilə müntəzəm tanış olmağa səy göstərmiş, müasir dövrün tələbləri ilə ayaqlaşmağa çalışmışdır.
Hələ 18 yaşı tamam olmamış İsrayıl Həsənov kənd məktəbində romantik bir aləmlə qovuşmuş, gecə-gündüz bilmədən fədakarlıqla işləmiş, uğurla bu sənətin sirlərini öyrənmişdir.
Qırxıncı illərin əvvəllərindən pedaqoji fəaliyyətini rayon mərkəzindəki yeganə orta məktəblə bağlayan İsrayıl müəllim tutduğu direktor vəzifəsindən ayrılmadan ali məktəbin fizika-riyaziyyat fakültəsini əla qiymətlə bitirmişdir.
Böyük vətən müharibəsinin ən çətin dövründə kənd məktəbi müəllimlərinin çoxunun səsi-sorağı qanlı-qadalı döyüş yerlərindən gəlirdi. Məktəblərdə müəllim çatışmırdı, elmi-metodik işlər günün tələbələrinə cavab vermirdi. Belə bir vaxtda artıq özünün yüksək əxlaqi keyfiyyətlərini, təşkilatçılıq qabiliyyətini göstərmiş İsmayıllı orta məktəbinin direktoru İsrayıl Həsənovu 1944-cü ilin dekabr ayında İsmayıllı rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsinə irəli çəkirlər. Bu vəzifə İsrayıl müəllimin təşkilatçılıq qabiliyyətini bütün aydınlığı ilə üzə çıxarmışdır. O, rayon məktəblərinin müəllim kadrları ilə komplektləşdirilməsi kimi önəmli bir məsələni həll etmək üçün yollar axtarıb, onu uğurla həll etdi.
İsmayıllı rayonunun müxtəlif ixtisas sahiblərinə olan tələbatını öyrənən maarif şöbəsinin müdiri 1946-cı ildə rayon mərkəzindəki orta məktəbi bitirmiş bütün məzunları ayrı-ayrı kolxozlardan maddi yardım almaqla ali məktəblərə oxumağa göndərmək haqqında yazılı razılıq əldə etmişdi. Həmin ildə orta məktəbi bitirmiş 26 nəfər məzunun əksər hissəsi, o cümlədən Zəkiyyə Əliyeva, Paşa Paşayev, Nəcəf Soltanov, Məhəmməd Nağıyev və başqaları böyük inamla institutlara daxil olaraq uğurla ali təhsil almışdır.
İsmayıllı rayonunun yaşlı nəsli 1946-1947-ci dərs ilində məktəblərin təmiri, maddi-texniki bazasının inkişafı, yanacaqla təmin edilməsi barədə İsmayıllı rayon maarif şöbəsinin göstərdiyi təşəbbüsü xatırlanmış olarlar. Həmin il iyul ayının birində İsmayıllının bütün məktəbləri yeni dərs ilinə tam hazırlamış, bu təşəbbüsün Azərbaycan KP Mərkəzi Komitəsinin və Respublika Nazirlər Sovetinin qərarı ilə təbliğ olunması üçün kütləvi informasiya vasitələrinə tapşırıq verilmiş, rayon maarif şöbəsi qiymətli hədiyyə və təbrik məktubu ilə mükafatlanmışdı.
1974-ci ilin noyabr ayında İsrayıl müəllim yenidən rayon mərkəzindəki orta məktəbə direktor təyin edilmişdir. İsrayıl Həsənovun pedaqoji fəaliyyətinin əsas hissəsini sərf etdiyi bu məktəbə məbəd desək, yanılmarıq. Bu məbəddə daha çox görkəmli vətəndaş, ictimai xadim yetişmiş, təhsil daha aydın və daha sabit olmuşdur.
Elmi-pedaqoji mövzuda yazılmış “Dərsin aparılması təcrübəsindən” (1954-cü il), “Şagird istehsalat briqadasının iş təcrübəsindən” (1959-cu il), “Politexnik təhsil sistemində məhsuldar əmək” (1965-ci il), “Kənd şəraitində şagirdlərin məhsuldar əməyinin təşkili” (1965-ci il) və daha bir neçə kitabın, 150-yə yaxın böyük həcmli məqalənin müəllifi olan İ.Həsənov 1961-ci ildə məktəbdə direktor işləyə-işləyə professor Mehdi Mehdizadənin rəhbərliyi ilə o dövr üçün aktual olan elmi-pedaqoji mövzuda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını almışdır.
Həyat və yaradıcılığının zənginliyi, qeyri-adi zəhmətsevərliyi ilə hamıya örnək ola bilən bu alim-pedaqoqun əməyi təvazökarlıqdan heç vaxt sinəsinə taxmadığı iki “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordeni və 7 medalla qeyd olunmuşdu. O, SSRİ-nin Xalq Maarifi əlaçısı adı təsis olunandan sonra bu fəxri ada birinci layiq olanlardan idi.
Direktor işlədiyi 1 nömrəli İsmayıllı şəhər orta məktəbinin, həmçinin respublikanın bir sıra qabaqcıl məktəblərinin təcrübəsinə əsaslanmış pedaqoji-metodiki əsərlərindəki müddəaların, demək olar ki, hamısı bu gün xalq təhsili qarşısında qoyulmuş tələblər ilə həmahəng səslənir.
Alim-pedaqoqun yazılarında ictimai həyatımızda yaranmış dəyişikliklər şəraitində yetişən gənc nəslin məhsuldar əməyə alışdırılması məsələləri nəzəri və təcrübi cəhətdən işıqlandırılmışdır. Bu gün xalq təhsili sistemi şagirdlərin əməyə hazırlanmasını, onların məhsuldar əməyə alışdırılmasının forma və üsullarını tədqiq etməyi pedaqoji ictimaiyyətə həvalə etdiyi bir vaxtda İ.Həsənovun əsərlərindəki nəzəri v təcrübi aspektlər öz aktuallığını itirməmişdir.
Məlumdur ki, əmək və tərbiyə bir-birilə qarşılıqlı əlaqədə olan, biri digərinin inkişafı və möhkəmlənməsi üçün zəmin yaradan iki başlıca amildir.
İsrayıl müəllim belə nəticəyə gəlmişdi ki, öz xalqı üçün maddi nemət istehsal edən bir gənc əməyinin nəticəsi ilə sevinir, fəxr edir. Məhsuldar əmək şagirddə cəmiyyət xeyrinə vicdanla çalışmaq, kollektivçilik, insanpərvərlik, müftəxorluğa dözməmək və sair kimi yüksək əxlaqi keyfiyyətləri yaradır.
İsmayıllı şəhərinin mərkəzində vaxtilə yeganə orta məktəbin uzun müddət direktoru işləmiş İsrayıl müəllim gecə-gündüz yorulmaq bilmədən şagirdlərin məhsuldar əmək sahəsində çalışıb daha yüksək nəticələr əldə etmələri üçün axtarışlar aparırdı. Şagirdlər yaşadıqları evin, oxuduqları məktəbin həyətini, habelə şəhər küçələrinin yaşıllaşdırılmasında fəal iştirak edirdilər. Onlar ağac və çiçək əkərək öz zəhmətləri ilə becərirdilər.
Altmışıncı illərin əvvəllərində İsmayıllı orta məktəbinin şagirdləri rayonun yaşıllaşdırılması, çəkil və meyvə bağlarının salınması üçün on minlərlə yüksək məhsullu tut və meyvə tingləri yetişdirmişlər. 1961-1962-ci dərs ilində şəhər 1 nömrəli orta məktəbi köhnə bazar yerində tikilmiş yeni binaya köçürdükdən sonra gənc təbiətçilər dərnəyinin üzvləri qısa müddət ərzində burada da nümunəvi təcrübə sahələri yaratmağa başlamışdı. Məktəb binası şagirdlərin o zaman saldığı gözəl bağ ilə əhatə olunmuşdur. Məktəblilərin faydalı əməyi ilə becərilən bu bağda yüzlərlə alma, armud və bəzək ağacı məktəb binasına xüsusi yaraşıq verir.
İ.Həsənov və bir çox fəal şagird məhsuldar əmək sahəsində qazandıqları uğura görə dəfələrlə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin iştirakçısı və qalibi olmuşdu. Belə nailiyyətlər ölkə miqyasında pedaqoji ictimaiyyətin diqqətini cəlb edərək öyrənilirdi. Məktəb Ümumittifaq istinad məktəbi kimi qiymətləndirilmişdi.
1966-cı ilin aprel ayında yüksək ictimai nüfuzu, təşkilatçılıq bacarığı nəzərə alınaraq İ.Həsənov yenidən İsmayıllı rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, bu vəzifədə 17 ildən artıq fəaliyyət göstərmiş, rayonun təhsil sistemində müsbət mənada köklü dəyişikliklərə nail olaraq onu birincilər sırasına çıxarmışdı.
Həyatın mənasını insanlara xidmətdə görən İsrayıl Həsənov xeyirxah və alicənab insan idi. Onun dost kimi sədaqətinə, ziyalı kimi alicənablığına, ağsaqqal kimi nüfuzuna hamı şahid olurdu. Ədəb-ərkan, təlim, bilik anlayışlarını ehtiva edən müəllim sözü İsrayıl müəllimin şəxsiyyətində bariz şəkildə özünü göstərirdi. Onun müəllimliyində, alimliyində, təşkilatçılığında tələbkarlıqla qayğı üzvi surətdə bağlılıq təşkil edirdi. Onun insanlarla rəftarında, cəmiyyət hadisələrinə münasibətində səmimi bir ziyalı mövqeyi formalaşmış, rəftarında, oturuşunda, duruşunda gözəl bir müəllim qüruru cəmləşmişdi. Bütün bu və başqa keyfiyyətlərinə görə bir çox görkəmli alimlər, ədiblər, şairlər arasında onun çoxlu dostları vardı. Mehdi Mehdizadə, Zəkəriyyə Mehdizadə. Maqsud Cavadov, Mayis Cavadov, Mərdan Muradxanov, Hüseynağa Muradxanov, Nurəddin Rzayev, İsfəndiyar Vəlixanlı, Əbülhəsən, Məmməd Rahim, Fərman Kərimzadə, Tofiq Bayram dəfələrlə İsrayıl müəllimin İsmayıllıdakı evinə qonaq gələrdi. Bütün bu mehmannəvazlıqda diqqəti çəkən bir cəhət İ.Həsənovun şəxsiyyətinin, onun vətəndaş nüfuzunun yüksəkliyinə dəlalət edirdi: elmi dərəcələrinin, vəzifələrinin daha böyük olmasına baxmayaraq bu insanların hamısı İsrayıl müəllimin mülahizələrinə üstünlük verir, onun fikirlərini təqdir edirdilər.
Ailə ən böyük məktəb, tərbiyə ocağıdır. Yüksək əxlaqlı, əsil azəri ruhlu istedadlı övladlar tərbiyə etmiş İsrayıl Həsənov və onun həyat yoldaşı Surə xanımın adları hamı tərəfindən ehtiramla çəkilir. Ailənin ilk övladı Rəhim Yaradanın insanlara bəxş etdiyi gözəl insanlardan biridir. O, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti, Respublika Səhiyyə Nazirliyinin radiasiya şüaları ilə müalicə üzrə baş mütəxəssisi kimi insanların sağlamlığına xidmət edir.
İsrayıl müəllimin övladlarından Adilə, Ziba, Gülər ali dərəcəli müəllim, Zərifə və Südabə isə tanınmış həkimlərdilər. Onların demək olar ki, hamısı ali məktəbi fərqlənmə diplomu ilə bitirmişlər.
İsrayıl müəllim özü həmişə etiraf edirdi ki, həyatda qazandığı uğurlarda onun sədaqəti ömür-gün yoldaşı, 1947-ci ildən təqaüd yaşına çatana kimi müəllim işləmiş Surə xanımın böyük payı vardır.
İsrayıl Həsənov 54 illik pedaqoji fəaliyyəti dövründə daim aramış, axtarmış, şərəfli müəllim adı ilə ömrünü daha mənalı sanmış və bu yolun cəfakeşi olmuşdur. O, fitrətən, təbiətən, bütün vücudu ilə bağlandığı müəllimlik sənətinin incəliklərinə aşina olmaq idealı ilə ömrünü şərəflə başa vurmuşdur.
Sovet dönəmində xarici ölkələrə səyahət etmək çox çətin başa gəlməsinə baxmayaraq, İsrayıl müəllim müxtəlif illərdə Kuba, Əlcəzair, Türkiyə, Bolqarıstan, Rumıniya, Çexoslavakiya, Polşa və bir çox başqa ölkələrdə səfərdə olmuş, bu yerlərin sosial-siyasi quruluşu, təhsil sistemi ilə tanışlıq onun biliyini, dünyagörüşünü daha da zənginləşdirmişdi. Bu səyahətlərin yekunu olaraq “Kommunist”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi” qəzetlərində, “Azərbaycan məktəbi” jurnalında iri həcmli məqalələrlə çıxış etmişdi. Ölümündən bir neçə ay əvvəl Hindistan və Nepal kimi ölkələrin özünəməxsus həyat tərzi, fərqli dini etiqadı, toy və yas mərasimləri səfər zamanı alimi çox mütəəssir etmişdi.
İsrayıl müəllim tam gücüylə işləməyi bacarırdısa, mənalı istirahət etməyi də sevirdi. Sadə, lakin zövqlə geyinər, səliqə-sahmana fikir verirdi. Demək olar ki, o hər il bəzən tək, bəzən ailəliklə Kislovodsk, Soçi, Yessentuki, Krımın cənub sahillərindəki səhərlərə: Yalta, Alupka, Aluştaya dincəlməyə gedir, sağlamlığının qayğısına qalırdı.
Qədirbilən İsmayıllı ictimaiyyəti bu görkəmli pedaqoqu, ictimai xadimi böyük ehtiramla yad edir, onun xatirəsini ləyaqətlə əbədiləşdirmişdir. İsrayıl Həsənovun adı özünün yaşadığı küçəyə və bütün qəlbi ilə, əməyi ilə bağlandığı, uzun müddət direktor işlədiyi şəhər 1 saylı tam orta məktəbinə verilmişdir.
Cəmiyyətin tərəqqisinə, onun təhsilinin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə sərf edilmiş ömür əbədiyaşardır. Belə bir ömür yaşamış İsrayıl Həsənovu isə onu tanıyanlar, şagirdləri, dostları, həmişə böyük məhəbbətlə yad edirlər.
Miryavər Hüseynov

Şərh Yaz