Müştəri hər zaman haqlıdır
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm prezidentimiz İlham Əliyevin davam etdirdiyi uğurlu sosial iqtisadi strategiya bütün sahələrdə olduğu kimi rabitə və informasiya texnologiyaları, o cümlədən poçt sektorunun da müasir mərhələdə dinamik inkişafına təkan vermişdir.
Əsasən ənənəvi xidmətlər göstərən poçtun fəaliyyət sahələrinin genişləndirilməsi və hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə “Poçt rabitəsi” haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qanunla poçt hesablarının açılması və aparılması, pul köçürmələrinin həyata keçirilməsi, debit kartların buraxılması xarici valyutanın alqı-satqısı və sair yeni poçt-maliyyə xidmətlərinin göstərilməsi üçün Dünya bankının maliyyələşdirdiyi layihəyə əsasən Mərkəzi bank tərəfindən filiala və 11 poçt şöbəsinə lisenziya verilmişdir.
Kommunal xidmət haqlarının qəbulu üçün Mərkəzi Bank tərəfindən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) tətbiqi nəticəsində 2011-ci ildə qəbul edilmiş 1545 min manat enerji haqqının 41 faizi, 1514 min manat təbii qaz haqqının 74,4 faizi abonentlərin kodlarına yeni sistem üzərində işlənmişdir. Eyni zamanda su haqqı və Yol polisinin cərimələrinin də KÖMİS vasitəsi ilə qəbulu aparılmışdır.
Rayonun bütün ərazisini əhatə edən poçt şəbəkəsi əhaliyə 50 növdən artıq ənənəvi və qeyri-ənənəvi yüksək keyfiyyətli poçt xidmətləri göstərərək 2011-ci ildə 28739 ədəd daxili və beynəlxalq poçt göndərişləri qəbul etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1499 göndəriş çoxdur. Sürətli poçt göndərişlərinin sayı isə 19 ədəd artmışdır.
Elektron sistemin tətbiqi ilə daxili və beynəlxalq pul köçürmələrinin sayı və məbləği artaraq 2011-ci ildə 467 min manat olmuşdur.
“Elektron Hökumət” layihəsi çərçivəsində əhaliyə, dövlət qurumlarına, hüquqi və fiziki şəxslərə “Elektron imza” xidmətlərinin göstərilməsinə başlanmışdır.
Müasir texnologiyanın tətbiqi ilə əhaliyə bütün növ poçt xidmətlərinin yüksək səviyyədə göstərilməsi, nəzarətin təmin edilməsi və operativliyin artırılması üçün poçt göndərişlərinin elektron sistemdə qeydə alınmasına başlanmışdır.
Poçt filialının kollektivi “Müştəri hər zaman haqlıdır” prinsipini əsas tutaraq onlara xidmət göstərir. Vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşılır. Görülən işlərin nəticəsidir ki, vətəndaşlardan şikayətlər daxil olmamışdır.
Poçtun təhlükəsizliyinin təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirilmişdir. İnzibati binaya müşahidə kameraları, təhlükəsizlik siqnalları quraşdırılmışdır. ”Azəripoçt” MMC tərəfindən filiala poçtun və inkassasiyanın mübadiləsi üçün bir ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsi, işçilərin iş şəraitinin yaxşılaşdırılması üçün kompyuter, texniki avadanlıqlar və mebellər verilmişdir.
İnsan resursu olan kadrların bilik və təcrübələrinin artırılması istiqamətində tədbirlər görülmüşdür. Gənclərin irəli çəkilməsi, işə qəbulu əsas vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
Kollektivin işə bağlılığı, peşəkarlığı, etik davranış qaydalarına əməl etməsi poçt xidmətlərinin geniş miqyasda artırılmasına və müştəri məmnunluğuna imkan yaratmışdır.
Görülən işlər əsas iqtisadi göstərici olan tarif gəlirinin 2011-ci ildə 142,3 min manat və ya keçən ildən 5,7 min manat, o cümlədən əhaliyə göstərilən poçt xidmətləri üzrə 19,6 min manat çox olmasına öz müsbət təsirini göstərmişdir.
Dövlət başçısının poçt sektoruna göstərdiyi diqqət və qayğıdan ruhlanan İsmayıllı Poçt filialının kollektivi fəaliyyətlərini tələb olunan səviyyədə qurur, nümunəvi poçt xidməti göstərilməsi üçün bütün imkanlardan maksimum istifadə edir.
Söhbət Pənahov,
İsmayıllı Poçt filialının rəisi