Soydaşlarımızla bərabər milli-mənəvi dəyərlərimiz məhv edilib

İsmayıllıda “Ana harayı” abidəsinin önündə rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat rəhbərlərinin, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə zaman-zaman erməni vandallarının vəhşiliklərindən dünyasını dəyişmiş soydaşlarımızın unudulmaz xatirəsini yad etməklə anım mərasimi keçirilib.

RİH başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri gün ərzində “Ana harayı” abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirlərdə çıxış edənlər, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı cinayətlərindən 106 il keçdiyini və ermənilərin xalqımıza qarşı zaman-zaman həyata keçirdiyi soyqırımın nəticəsinin yalnız minlərlə insan ölümüylə deyil, həm də bu soyqırımın tarixi abidələrimizə, mədəniyyətimizə, milli və dini dəyərlərimizə qarşı yönəldiyini qeyd ediblər.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib və 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğu  diqqətə çatdırılıb.

Həmçinin vurğulanıb ki, 1918-ci il mart soyqırımı zamanı Azərbaycanın digər bölgələrində olduğu kimi, ovaxtkı Şamaxı qəzasına daxil olan, indiki İsmayıllı rayonunun Tircan, Mücü, Bizlan, Tağlabiyan, Sulut, Xankəndi, Kürdüvan, Zeyvə, Qıçatan, Sərdahar, Zərnava, Göyçay qəzasına aid Hacıhətəmli, Mollaisaqlı  kəndlərində də kütləvi qırğınlar baş verib.

Tədbirlərdə faciə qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Şərh Yaz