Gülbahar Səidqəni  

Bahar duyğuları

 

Sən hər evə girdin, hər evə baxdın,

Bütün küçələri gülə bələdin.

Divarlar boynuna mərcanlar taxdın,

Bəzəndi hər künc, hər tin.

Mənim bəzənmiş baharım,

Nə olar

Qəlbim daxmasına bir dəfə gəlsən?

 

***

Mən sinənə sığmıram, bahar,

Dənizlərə sığmayır dərdim.

Çaya dönüb səs salsan yetər.

Artığına cəhd etmə deyirlər,

Dənizləri, gölləri alıb bu an,

Çaylarım, bulağım ilə,

Mən sənə gəlirəm, ey ümman!

 

Yağış nəğməsi

 

Tanıya bilmirəm səni bu gün mən,

Xatırlayammıram, nələrsə oldu.

Bəlkə ağlamışam bütün gecəni,

Bəlkə də bu gecə arzular öldü.

 

Sənə söyləmişdim sevdiyimi də

Bəlkə də xəbərsiz çıxıb getmisən.

Sən bütün varlığı bəlkə bu gecə

Bir qəmli sədaya meydan etmisən.

 

Yadımda qalmayıb. Sevindinmi sən?

Ya da bir azacıq çəkdinmi qayğı?

Bildiyim budur ki, eşq söyləyən kəs,

Şərab deyib, zəhər tökməzdi axı.

 

Olanları unut. Sübhdür, gün doğub,

Göz yaşları deyil, yağışlar nəcib.

Mənimlə bərabər məst olan dünya,

Yağan yağışların şərabın içib.

 

Xəzər, sənin aşiqin mənəm

 

Dəniz, sənin aşiqin mənəm,

Lərələrində vurur qəlbim.

Ağ dalğalar heyrətindəyəm,

Yazılmıştək ağ nəğmələrim.

 

Dəniz, sənin aşiqin mənəm,

Ağ qağayı səslənər  müdam.

Bitməz sənə aid əfsanəm,

Bitməz əsla, səndən nə umam.

 

Dəniz, sənin aşiqin mənəm,

Sən göylərə qarışan göysən.

Nəftununam, yoluma yenə,

Mirvarilər topasın töksən.

 

Xəzər, sənin aşiqin mənəm,

Gah sakitsən, gah sədalı.

Pıçıldaram dərdimi mən də,

İkimiz də coşqun, dalğalı…

Şərh Yaz