Şəhərin sosial-iqtisadi inkişafında fəal iştirak etmək mümkün olacaq

İsmayıllı bələdiyyəsi 2023-cü ilin 6 ayında gördüyü işlər barəsində şəhər sakinlərinə hesabat verib.

Bələdiyyənin web saytında dərc olunan hesabatda bələdiyyə sədri Pərviz Ağayev məruzəsində arxada qalan 6 ay ərzində həyata keçirdiyi işlərdən, bələdiyyə büdcəsinə daxilolmalardan, eləcə də gəlirlərin hansı istiqamətlər üzrə xərclənməsindən danışıb. O, İsmayıllı şəhəri ərazisində aparılan abadlıq, quruculuq işlərində, sosial infrastrukturun yaxşılaşdırılmasında özünüidarəetmə orqanı kimi bələdiyyənin də müəyyən rolu olduğunu vurğulayıb.

Görülmüş işlərin maliyyə imkanları daxilində olduğunu vurğulayan məruzəçi seçiciləri vergilərin ödənilməsində fəallıq göstərməyə dəvət edib və maliyyə imkanları artacağı təqdirdə mövcud problemlərin  daha asanlıqla aradan qaldırılmasının mümkünlüyünü diqqətə çatdırıb. Hesabatda qeyd olunur ki, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülüb. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilib.

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir. Bu baxımdan İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olub.

Belə ki, 2023-cü ilin 6 ayı üzrə mədaxil 46007 manat olub.  Büdcənin mədaxil hissəsi  hesabat dövründə  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,5 faiz və ya 12054 manat artıb.

Büdcəyə daxilolmalar torpaq və əmlak vergisi, bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn gəlirlər, mehmanxana rüsumu, bələdiyyə torpaqlarının və əmlakının icarəyə, eləcə də vtomobil dayanacaqlarından gələn ödənişlər hesabına olub. Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 45407 manat təşkil etmişdir ki, bu da  yerli özünüidarəetmə orqanlarının saxlanmasına, sosial müdafiə və sosial təminat, təhsil, mədəniyyət, kütləvi informasiya və bədən tərbiyəsinə, mənzil kommunal təsərrüfatı, abadlıq və digər – reyestr, kadastr xidmət xərclərinə yönəldilib.

Hesabat dövründə şəhər ərazisində mövcud  7831 vergi ödəyicisindən 2721 nəfərinə tədiyyə bildirişləri paylanılıb. Təəssüf ki, 2023-cü ilin 6 ayında cəmi  1270 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak edib.

Vergi ödəyicilərinə vergi borcları barədə mobil telefonlarına sms mətni göndərilməsi məqsədilə “Softline Azərbaycan” MMC ilə müqavilə bağlanaraq mətnlərin göndərilməsinə başlanılıb.

Hələlik 654 nəfər vergi ödəyicisinə sms göndərilib və nəticədə 900 manata yaxın vəsait bələdiyyənin hesabına ödənilib.

2023-cü ilin 6 ayında şəhər üzrə 9,0 sot zəbt olunmuş həyətyanı məqsədli torpaq sahəsi özəlləşdirilib və bundan bələdiyyə büdcəsinə 2993 manat vəsait daxil olub.

2023-cü ilin 6 ayı ərzində 49 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilib. Onların ödənilməyən vergi borcu 11332 manatdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vergiləri ödəmədiyinə görə 5 nəfərin sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilib. Onların ödənişi 1645 manat olub.

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, İsmayıllıda da son illərdə görülən abadlıq-quruculuq işləri göz qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.

Hesabat dövründə bələdiyyə üzvləri ilə  10 yığıncaq keçirilib, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 91 qərar qəbul edilib. Hesabat dövründə bələdiyyəyə 424 nəfər müraciət edib. Onların 103 nəfəri arayış və digər sənədlər almaq üçün, 120 nəfəri isə müxtəlif məzmunlu ərizələrlə müraciət edib. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 201 vətəndaş olub, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılıb. Müraciət edənlərin 13 nəfəri  şəhidlərin ailə üzvləri və qazilər olub ki, onların da müraciətləri əsasında müvafiq tədbirlər görülüb.

Maliyyə imkansızlığına baxmayaraq, bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə şəhər ərazisində müəyyən işlər də görülüb. Şəhər qəbristanlıqlarında təmizlik-abadlıq işləri görülməsi məqsədilə iməciliklər keçirilib.

Hesabat dövründə 7 nəfər aztəminatlı şəhər sakininə  müraciətləri əsasında ümumi yığıncağın qərar ilə  850 manat məbləğində maddi yardım olunub.

“Çernobıl Əlilləri  İttifaqı” ictimai birliyi İsmayıllı rayon filialının hesabına köməklik məqsədilə 100 manat vəsait köçürülüb.

Qurban bayramında 9 şəhid və 3 qazi ailəsi daxil olmaqla 58 nəfər şəhər sakininə qurban əti paylanılıb.

Novruz bayramı günlərində şəhərin bayramsayağı bəzədilməsi və bayram tədbirlərinin keçirilməsi təmin edilib.

Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Ulu öndərin İsmayıllı səfərlərini əks etdirən məlumat bukletləri hazırlanıb və  şəhər sakinlərinə paylanıb.

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunduğu ərəfədə şəhərin M.F.Axundov küçəsində Ulu öndərin: – “İsmayıllı çox yaxşı rayondur, mən buranı yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir” fikri qeyd olunan lövhə hazırlanaraq, əhalinin intensiv gediş-gəlişi olan  piyada səkisi kənarında  quraşdırılıb.

Ulu öndərin yubileyi ilə bağlı onun adını daşıyan prospekt boyunca 0,34 ha. sahədə əkilmiş ağacların ətrafı metal torla hasarlanıb. Görülən işlərin ictimaiyyətə çatdırılması üçün  bələdiyyənin web saytı və rayonda çıxan “İsmayıllı xəbərləri” qəzetinin imkanlarından müntəzəm istifadə olunub.

Bu ilin aprel, may aylarında “Heydər Əliyev İli” çərçivəsində bələdiyyənin iş planına  uyğun olaraq şəhər məktəbliləri arasında şahmat yarışları və gənc rəssamların rəsm müsabiqəsi keçirilmişdir. Qalibərə bələdiyyənin diplom və qiymətli hədiyyələri təqdim edilib.

Ulu öndərin doğum günü ərəfəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Rayon Şöbəsinin köməkliyi ilə şəhərin  Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir” mövzusunda dəyirmi masa keçirilib.

Bələdiyyə yanında fəaliyyət göstərən daimi komissiyalar vaxtaşırı iclaslarını keçirməklə bələdiyyə iclaslarına çıxarılan məsələlərin operativ və qanunamüvafiq həllinə çalışıblar. Bələdiyyə üzvlərinin hər biri seçici etimadını doğrultmaq istiqamətində diqqət çəkən fəallıq göstərib. Təhsil sahəsində çalışan və bələdiyyə üzvü olan müəllimlərimiz, təkcə İsmayıllıda deyil, onun hüdudları kənarında, hətta beynəlxalq səviyyəli tədbirlərdə yüksək nəticələr əldə edib, yetişən nəsilin daha savadlı vətəndaşlar kimi formalaşmasında bilik və bacarıqlarını əsirgəməyiblər.

2015-ci ildən bələdiyyədə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılıb. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 7124  ev həyətyanı sahəsi ilə birlikdə, 2281 hektar  əkin,  120 hektar bağ sahəsi, 291 kommersiya təyinatlı vergitutma obyekti yenidən qeydiyyata alınaraq, qanunvericiliyə uyğun vergiyə cəlb edilib. Ümumilikdə 7831 vergitutma obyekti sistemə daxil edilib. Qeydiyyata alınan hər bir şəxsə vahid formada hazırlanan İsmayıllı bələdiyyəsi üzrə “Vergi ödəyicisi Şəhadətnaməsi” təqdim olunub. Bu, vergi ödəyicilərinin  böyük razılığına səbəb olub və hazırda davam etdirilməkdədir.

İsmayıllı bələdiyyəsinin 01 iyul 2023-cü il tarixə 49852  manat borcu vardır ki, bu  da əsasən DSMF-na, qazdan istifadəyə, rabitə xidmətinə, təmir-tikinti idarəsinə, Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı və s. ibarətdir.

Hesabatın sonunda fürsətdən istifadə edən bələdiyyə sədri P.Ağayev seçicilərə, şəhər sakinlərinə müraciət edərək, bələdiyyəyə olan vergi borclarını təcili ödəmələrini xatırladıb.

O həmçinin bildirib ki, vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Bu gün işdə problemlərin də mövcudluğundan söz açan bələdiyyə sədri seçiciləri əmin edib ki, biləvasitə onların köməkliyi ilə problemlərin həllinin öhdəsindən gəlmək və İsmayıllı şəhərinin sosial-iqtisadi inkişafında fəal iştirak etmək mümkün olacaq.

Şahməmməd Soltanov,

İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, İsmayıllı bələdiyyəsinin sədr müavini   

 

 

Şərh Yaz