ZİFAF GECƏSİ AÇILMAYAN TÜFƏNG    “İsmayıllı lövhələri” silsiləsindən: İkinci yazı.                                   

Tağlabiyan kəndindən köksünə sığındığı Niyal tərəfə baxanda, adama elə gəlir ki, sən şara bənzər  dünyamızın lap kənarındasan. Qırçınlı, dumanlı, zəhmli dağlardan o tərəfə hər şey bitir. Nə dünya var, nə də həyat. Buradan o yana ancaq dibi görünməyən sıldırım qayalıqların, onlardan sonra ins-cins olmayan boşluqların, daha sonra isə ucu-bucağı görünməyən keçilməz dərin dəryaların olduğu təsəvvürü yaranır adamın xəyalında. Qarlı Niyalın zirvəsindən səhər-axşam əsən soyuq külək qılınc kimi adamın iliyinə işləyir. Qalın paltara bürünməli olursan. Fərq eləməz, Tağlabiyanın yayı da, qışı da belədir. Amma burada doğulub boya-başa çatan, qartal yüksəkliyində yaşayan qartal baxışlı  tağlabiyanlılar üçün bu adi haldır. Kəndin yerləşdiyi məkan isə onlar üçün yer kürəsinin ən füsunkar, ən əziz, əvəzedilməz nöqtəsidir. İnsanlar burada neçə-neçə minilliklər əvvəl məskən salmış, özlərinə lazımi şərait yaratmış, artıb örəmiş və şərəfli tarix yaşamışlar. Ətrafdakı dərə və təpəliklər arasında itib-batmaqda olan, oxuya bilmədiyimiz işarələrlə yazılmış qədim baş daşları, tarixi bilinməyən yurd yerləri bildirirlər ki, Tağlabiyan qədimliyini hələ ki, heç kəsə bildirmək istəməyir. Respublika Arxivində 1873 və 1886-cı illərə dair saxlanılan arxiv sənədlərində Tağlabiyanda o dövrlər ərzində 34 dım, yəni tüstü (ailə və ya ev anlamındadır) olduğu göstərilir. Müvafiq olaraq kənddə o illərdə 258 (144 kişi, 114 qadın) və 364 (191 kişi, 173 qadın) nəfər əhali yaşamışdır. Ən böyük ailə Hacı Polad Cəbi oğluna (1833) mənsub olubdur – 27 nəfər (15 kişi, 12 qadın xeylağı). Kəndin söz sahibi olan Yüzbaşısı da elə bu ailədəndir, Hacı Poladın qardaşı Xələf (1838) olubdur. (Yüzbaşı – çar hakimiyyəti dövründə geniş hərbi, inzibati, məhkəmə və maliyyə səlahiyyətlərinə malik olan dövlətin vəzifəli şəxsi hesab olunurdu, onlardan yuxarı orqanlara edilən şikayətlər qəbul edilməzmiş).

Tağlabiyan və Kəlfərəc kəndləri bir-biri ilə çox yaxın – 2-3 km. məsafədə yerləşdiyindən, adət-ənənələri də demək olar ki, eynidir, olduqca qonaqpərvərdirlər, böyük-kiçiyə göstərilən ehtiram hələ ki, qalmaqdadır. Hər iki kənd arasında olan qohumluluq əlaqələri o qədər yaxındır ki, onları bir ailə üzvləri kimi hesab etmək olar. Xeyir-şər işlərində təmənnasız olaraq birləşirlər, yardımlaşırlar. Danışıqları olduqca şirindir, Təbriz ləhcəsini xatırladır. Kişiləri bir kütləvi iş görərkən öz aralarında bərkdən danışmaq, şən zarafatlar edib deyib-gülməyi sevirlər. Ona görə də qonşu kəndlərdə kim bərkdən danışıb gülsə, bir zərb məsəli kimi qəbul edilən belə bir ifadə işlədirlər: “Elə bil taya başı dağıdan tağlabiyanlılardır”.

Tağlabiyan camaatı olduqca əməksevərdir. Təsərrüfatları əsas etibarilə taxılçılıq və maldarlıqdır. Naxır sürülərinin səhərlər kənddən çıxışı, axşamlar isə örüşdən kəndə qayıdışı, quzuların mələşərək yüzlərlə qoyunlar arasından öz analarını qoxu ilə çox asanlıqla axtarıb tapması, nota salınmayan bir musiqi əsəridir. Bu halal təsərrüfat növü ilə məşğul olmaq, tağlabiyanlılara öz ata-babalarından tarixən irsən keçmə peşədir. Elə götürək Hacı Soltan şəcərəsini. Vaxtıilə adlı-sanlı kişilərdən biri olan Hacı Soltan Məlik oğlunun (1823) əsasını qoyduğu bu təsərrüfat növü, sonradan onun oğlanları Əkbər (1855), Ələşrəf (1860), Baba (1866), Abdulbağı (1872), Məhyəddin (16.01.1878) tərəfindən inkişaf etdirilmiş və onlar da öz növbələrində bir estafet olaraq bu irsi öz övladları Mansura, Məmmədə, Xasaya etibar etmişlər. Qardaşlar arasında ən kiçiyi olan Xasay, İsmayıllıda yaxşı tanınan adlı-sanlı fermer Məzahir Salmanovun atasıdır, sovet dönəmində, 1950-ci illərdə bacarıqlı bir kadr kimi Mücünü, Tağlabiyanı və Kəlfərəci birləşdirən bir kolxozun sədri vəzifəsinə irəli çəkilmiş və uzun müddət bu təsərrüfata başçılıq etmişdir. Xasay eyni zamanda başçılıq etdiyi kənd əhalisinin qeydinə qalan, onların namus-qeyrətlərinin təəssübünü çəkən, hər bir şəxsin hörmətini qazanan, bütün qonşu rayon və kəndlərdə, eləcə də rayon mərkəzində yaxşı adla tanınan  nüfuzlu bir şəxs olubdur. Yorğa kəhər atı ilə, şux qaməti və qürurlu yerişi ilə, comərdliyi və səxavəti ilə yaddaşlarda qalan xrom çəkməli Xasay, artıq xeyli vaxtdır ki, əbədiyyətə qovuşubdur. Bu mərd insanın yarımçıq qalmış arzu və istəkləri bu gün onun övladları, nəvə və nəticələri  tərəfindən həyata keçirilir. “Ruhun şad olsun, Xasay dayı”, deyirik.

Tağlabiyan kiçik bir dağ kəndi olmasına baxmayaraq, bu kənd olduqca böyük qəhrəmanlıqlar göstərən, türk dünyasında yaxşı tanınan neçə-neçə cəsur, mərd oğlanların vətənidir. Sözsüz ki, “Böyük Ermənistan” dövləti yaratmaq  xülyası ilə yaşayan mənfur qonşularımızın 1905, 1915 və 1918-ci illərdə törətdikləri soyqırım vəhşilikləri bu kənddən də yan keçməyibdir. Bir əsrə yaxın ömür sürmüş yaxın qohumumuz olan Hənifə qarı, keçən əsrin sonlarına yaxın bir zamanda danışardı ki, ermənilər 1915-ci ildə kəndə hücum çəkəndə, Yüzbaşı Xələfin ikinci oğlu Nemətlə yenicə ailə həyatı qurmuşduq. Günlərin birində Nemət xəstələndiyi üçün çöl işini yarımçıq qoyub, arabasının kölgəsində uzanıbmış. Bu dəm eşidir ki, ermənilər Hacman, Xatman, Kalva, Sulut, Mücü kəndləri istiqamətindən kəndə hücuma keçiblər. Nemət xəstəliyini unudub camaata xəbər vermək üçün kəndə sarı qaçır. Yollar, bərələr kənd cavanları tərəfindən tutulur. Qeyri-bərabər döyüşlər başlayır. Ermənilər dağ kəndinin əliyalın igidlərinin müqavimətinə tab gətirməyib, böyük itki verərək geri qaçmalı olurlar. Yüzbaşı Xələfin oğlanları Nemət, Nəsib bu vuruşda xüsusi fəallıq göstərirlər. Təpəlikdə mövqe tutan ermənilər, qəflətən qardaşların arxadan qurduqları pusquya düşürlər. Çoxlu itki verirlər. Ermənilərin qanı ilə murdarlanan həmin təpə bu gün də el arasında “Qanlı təpə” adı ilə adlandırılır. Vətənpərvər qardaşların igidlikləri bununla bitmir. 1914-cü il 1-ci Dünya müharibəsi dövründə qardaş Türkiyənin daxildən erməni xəyanəti ilə üzləşməsi, xaricdən isə iri imperialist dövlətləri tərəfindən təklənməsi xəbəri uzaq Tağlabiyana da gəlib çatır. Əl altdan qardaş Türkiyənin müdafiəsinə könüllü köməyə getmək istəyənlərin siyahısı tutulur. Yüzbaşı Xələfin böyük oğlu Cəbrayıl tərəddüd etmədən dəstəyə yazılanların birincisi olur və Çanaqqala vuruşuna yollanır. O, dünya Qəhrəmanlıq səlnaməsinə qızıl həriflərlə yazılan “Çanaqqala vuruşu” adlanan döyüşün qalib qəhrəmanlarından biri kimi, sağ-salamat vətəninə qayıdır və 1930-cu illərin ortalarında sonradan köçdükləri Şəbiyan kəndində vəfat edir. Qəbri Şəbiyan kəndinin Pir Çouş (Çavuş) qəbristanlığındadır. Ermənilər 1918-ci ilin martında ikinci dəfə bir daha Tağlabiyana hücum edirlər. Amazapsın, Şaumyanın, Əmiryanın quldur dəstələri bütün Şamaxıda olduğu kimi, Tağlabiyanı da qılıncdan keçirirlər. 36 nəfəri qətlə yetirirlər. Xilaskar Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun əsgərləri vaxtında özlərini yetirib, bu kəndi də ermənilərdən təmizləyirlər. Artıq bu vaxt Xələf kişinin oğlu Nemət, bu dəfə türk qardaşlara qoşulub Qalanın (Şuşanın) müdafiəsində iştirak edirdi. O, burada ağır yaralanır, xilaskar türk qardaşlarımızın səyi nəticəsində Gəncədəki xəstəxanada müalicə aldıqdan sonra yenidən Şuşaya qayıdır. Əfsuslar ki, o, burada alçaq və rəzil niyyətli, satqın və xain xislətli döyüşçü yoldaşı və həmyerlisi tərəfindən zəhərlənərək öldürülür. (Məqsəd onun gözəl-göyçək avradına sahib çıxmaq olubdur). Cənazə Şəbiyan kəndinə gətirilib qardaşı Cəbrayılla yanaşı dəfn edilir. Atası Yüzbaşı Xələfin və adlı-sanlı qardaşlarının yerini tutan, qeyrət-namus təcəssümü kimi, millət təəssübkeşi kimi ad çıxaran üçüncü qardaş Nəsib isə, 1937-ci ildə Keyvəndi erməniləri tərəfindən şərlənərək “kulak” adı ilə Sibirə sürgün edilir və orada vəfat edir. Məzarı naməlum Sibir tayqalarındadır. Azərbaycan SSR Prokurorluğunun 8 dekabr 1989-cu il tarixli qərarı ilə bəraət aldığı barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsindən məktub alınır. Burada bir balaca haşiyyə çıxmalı oluram.

– Türkiyə Səfirliyinin Müslüm Maqomayev adına Filarmoniyada keçirdiyi, Çanaqqala vuruşunun 100 illiyinə həsr edilmiş tədbirdə iştirak edənlərdən biri də mən olmuşdum. Orada məşhur tarixçilərdən, böyük şair və ədiblərdən, siyasətçilərdən eşitdiklərim və Çanaqqala vuruşundan çəkilmiş sənədli kinoxronikaya tamaşa etdikdən sonra, məndə dərin bir inam yarandı. Dayılarım Bığ Məhəmməddən, Şirindən, Həmiddən, Səmiddən, xalam Həvvadan, anam Kimyədən öz dayıları, tarix yaşamış Zeynəb, Sürəyya, Hənifə qarıların öz ərləri və qayınları, Çeşmi, Suma, Sabir, Zahir, Xasay və Hürzadın öz ata, əmi və babaları barədə danışdıqlarını eşidib bildiyimdən, ertəsi gün Türkiyə səfirliyinə yollandım. Məni qəbul edən hərbi attaşşeyə, sovet dönəmində kimsəyə açıb söyləyə bilmədiklərimin hamısını ona nəql etdim. Diqqətlə məni dinləyən albay təəssüflə bildirdi ki, səni də Çanaqalada keçiriləcək 100 illik tədbirlərində iştirak etmək üçün pulsuz olaraq Türkiyəyə göndərə bilərdik, amma artıq gecdir, nümayəndələr çoxdan oradadırlar. Aradan bir müddət keçdikdən sonra bir neçə türk qardaşlarımıza bələdçilk edib Şəbiyana getdik. Qaratikan kolluqları arasında uyuyan Cəbrayıl və Nemət qardaşlarının məzarlarını tapıb, onları ziyarət etdik, ruhlarına dualar oxuduq.

Tağlabiyan, mərd kişiləri kimi, mərd qadınları ilə də məşhurdur. Ailəyə sadiq və sədaqətli qalmaq, onun hər cür çətinliklərinə dözmək, övladları baba-nənəyə, ata-anaya, bacı-qardaşa, qohum-əqrabaya, qonum-qonşuya qarşı təvəzökar, mehriban olmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək, hər bir tağlabiyanlı ailəsinə xas olan cəhətlərdir. Bu kənddə ailə ancaq ata-ana xeyir-duası üzərində qurulur. Getdikcə həsrət qaldığımız, unudulmaqda olan qədim adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz hələ ki, zəmanənin aşınmalarına tab gətirib, Tağlabiyan kəndində yaşanmaqdadır. Çox da tarixi keçmişə malik olmayan, bu kənddə baş vermiş müəmmalı bir hadisə yadıma düşdü. Hadisəni cüzi dəyişiklərlə qələmə almağa çalışacağam.

… Nəhayət, iki qəlb aşiqlərinə günləri, ayları saydıran illər arxada qalır. Baharın xoş günlərinin birində sevgililər yaddaşlarda uzun müddət qalacaq toy edib ailə həyatı qururlar, vüsala yetişirlər. Bəylə gəlin zifaf gecəsindən sonra üç gün bağlı qapı arxasındakı saraypərdədə oturub “üzəçıxdı” mərasiminə dəvət olunacaqları anı səbirsizliklə gözləyirlər. Qapalı günlərin sayı 4-ə, 5-ə, 6-ya, 7-yə çatdı. Səs-səmir çıxmadı. Səbri tükənən təzə bəy abır-həyadan keçib, özü çıxır həyət-bacaya. Qarşılaşdığı adamlar onu görcək ya tez gizlənir, ya da başlarını aşağı salıb salamsız-kəlamsız yanından ötüşürdülər. Ata-ana gözə dəymirdi. Adətən toydan 3 gün keçmiş qız evi yığışıb oğlan evinə “mübarəkə” gələrdi, qudalar arasında gələcək qohumluq əlaqələrinin təməli qoyulardı, deyərdilər, gülərdilər, şadyanalıq edərdilər. Amma bu ailədə heç bir canlanma hiss olunmurdu. Evin divarları məngənə olub bəylə gəlini sıxırdı. Bir həftə tamamında təzə bəyin qapısı ard-arda neçə dəfə döyüldü. Bəy qapıya çıxır. Qapının tininə sığınan, yaşmaqlanan böyük bacısını görür. Bacısı əl işarəsi ilə qardaşını qonşu otağa dəvət edir. Onun boy buxununa sığal çəkib boynunu qucaqlayır, üz-gözündən öpür, sonra hönkürtü ilə ağlamağa başlayır. “Ay qardaş, el-oba içində biabır olmuşuq, çölə-bacağa çıxmağa üzümüz yoxdur. Tüfəngi atılmayan o qızı niyə rədd etmirsən. Vay-vay, bundan da böyük biabırçılıq olarmı?”, – deyib, bacı qəşş edərək özündən gedir. Təzə bəy səs-küyə gələnlərdən həya edib otağına çəkilır. Baş verənlərdən agah olan təzə gəlin səbirsizliklə axşamın düşməsini gözləyir, gecənin qaranlığında ərini də yanına alıb, ona yengəlik edən arvadgilə gedir. Yerişini, danışığını itirən təzə gəlin çatar-çatmaz arvadın saçlarından yapışıb ayaqları altına alır, onu boğmağa başlayır. Şillə-qapaz vura-vura ondan bakirəliyinin əlamətlərini bildirən əşyanı tələb edir. Artıq xırıltılı səslə son nəfəsdə olduğunu hiss edən yengə, camaxodandakı yorğan-döşəyi yerə atıb gizlətdiyi parçanı gəlinə verir… Əziz oxucular, hadisənin sonrası artıq sizə məlumdur. Aşkar olan sirr o olur ki, demə yenicə vüsala yetən qız üçün başqa birisi də uzun illərdir yanıb yaxılırmış. Bu haqda qıza neçə dəfə ağız açsa da, qız ona məhəl qoymayıb başqasını sevdiyi cavabını vermişdi. Toy ərəfəsi yengənin kim olacağını öyrənən “aşiq”, onlara gedir, ona çoxlu miqdarda pul, zinət əşyaları verəcəyinə vəd edir ki, o, qızın bakirəliyini təsdiq edən əlaməti nə qızın ailəsinə və nə də bunu kənd əhlinə bəyan edəcək əli tüfəngli adama göstərməsin. Bu yolla bəlkə “ləkəli” qıza sahib çıxmasına ümid edir. Yengə də nəfsinə uyub elə də hərəkət edir. O gecə güllə səsini intizarla gözləyən kənd əhli səhərə kimi oyaq qalsalar da, atılmalı olan o güllə səsini eşitmədilər. Heç bilirsiniz bu nə deməkdir? “Dəli Kür” kinosunu xatırlayın…

Tağlabiyan, Kəlfərəcdən başlayan asfalt yolun üstündə yerləşən ikinci kənddir. Yalan olmasın, buradan diyirlənən yumurta düz Bakıya kimi gedib çıxa bilər. Kənd camaatının razılığına qoşulub, Möhtərəm Prezidentimizə, ÇOX SAĞ OLUN deyirəm. Tağlabiyanın gecələri daha cazibədardır. Gecə vaxtı Şamaxı və Ağsu küçələrində sayrışan al-əlvan işıqlar, buradan ovuc içi kimi görünür.

Vaqif Məmmədov

 

 

 

 

 

 

 

Şərh Yaz