Şəhidin xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib        

İyul ayının 2-də İsmayıllı rayonunda 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan çavuş Dəmirov Vüsal Aydın oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi, şəhid ailələri, qazilər, şəhidin hərbiçi yoldaşları, müəssisə və təşkilat təmsilçiləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.

Pandemiya qaydalarına uyğun təşkil olunmuş tədbirdə Dövlət himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən İsmayıllı RİH-nin başçısı Nahid Bağırov  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabr ayının 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Vüsal Dəmirovun şərəfli həyat yolundan bəhs edib.

başçısı vurğulayıb ki, şərəfli döyüş yolu keçən V.Dəmirovun və onun kimi oğullarımızın xatirəsi heç zaman unudulmayacaq.  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır, şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir, onlar göstərdikləri hünər və şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar.

Çıxışlarda tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, Vüsal Dəmirovun gənclərə nümunə olan qısa və şərəfli ömür yolundan danışılıb.

V.Dəmirov 10 sentyabr 1993-cü ildə İsmayıllı şəhərində anadan olub. 2000-ci ildə İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2005-ci ildə Bakı şəhərinə gedərək Respublika Olimpiya İdman liseyinə daxil olub. Oranı bitirdikdən sonra 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra Vətən sevgisi Vüsalı hərbi xidmətdə qalmağa sövq edib.

O, hərbi xidmətdə fərqlənməyə görə Fəxri fərman və mükafatlara layiq görülüb. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ildə Tovuz döyüşlərində də iştirak edib. Vüsal Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatirə bulaq kompleksinin açılışında İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Mərasim iştirakçıları abidə önünə əkil və gül dəstələri düzüb, sonda xatirə şəkili çəkilib.

Şərh Yaz