Peşə təhsilinin ölkəmizin iqtisadiyyatına öz rolu var                

İsmayıllı Peşə Təhsil Mərkəzində 2020-2021-ci tədris ilinin yekunlarına həsr olunmuş “Məzun günü” keçirilib. Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov iştirak edib.

Təhsil nazirinin müavini İ.İsayev tədbirdə çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin prioritet istiqamətlərindən söz açıb. Nazir müavini peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası və ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini də qeyd edib.

O, həmçinin peşə təhsilinin ölkəmizin iqtisadiyyatına, davamlı sosial-iqtisadi inkişafına, səriştəli mütəxəssislərin yetişməsinə töhfə verməsi üçün peşə təhsil müəssisələrinin müasir infrastrukturla təmin olunmasının əhəmiyyətini diqqətə çatdırıb.

Nazir müavini çıxışının sonunda 2020-2021-ci tədris ilinin məzunlarını təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbirdə qeyd olunub ki, cari tədris ili üzrə Mərkəzin 140 məzunu olub və hazırda onlardan 12 nəfəri müvafiq müəssisələrdə işlə təmin olunub.

Tədbirdə dərs ilinin məzunları ilə yanaşı Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri, Mərkəzin yaxından əməkdaşlıq etdiyi işəgötürən qismində çıxış edən şirkət nümayəndələri, fəxri məzunlar, müəllim və valideynlər iştirak edib.

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsini 13300-dən çox məzun bitirib.

 

 

 

 

 

Şərh Yaz