İlk şəhid xəbərini sən gətirdin…                             

Sənin haqqında bir “namə” aldım, FƏRİD. Ürəkdən tərifləyir, öyürdülər. Zənn etdim ki, ”bəy tərifi”ndir. Diqqətlə dinlədikdən sonra gördüm ki, bu, bir başqa şeydir: Axı DOSTLARINI da yana-yana tərifləyirdilər. Sanki bu qəhrəmanlıq “notları” üzərində qurulan bir “mədhiyyə” idi.

Diqqətlə qulaq asdıqdan sonra bir an xəyala daldım. Şəkillərdən, sanki beşikdən boylanan uşaq təbəssümünü xatırladım. Öz-özümə düşündüm: Axı bu körpə nə vaxt böyüdü ki, indi “toyuna” yığışıblar?!

Eyni zamanda, atanın sənin üçün hazırladığı sən doğulandan arzusunda olduğu “Bəy otağı”nı xatırladım. Və nəhayət, son “beşiyin” – məzarının üstündəki baş daşındakı müzəffər, məğrur, vaxtından əvvəl böyümüş Azərbaycan əsgərini yada saldım.

Vətən müharibəsi zamanı elə ilk günlərdə o məğrur sinəni düşmənə sipər edib İSMAYILLIYA ilk şəhid “xəbəri”ni gətirdiyin günü andım.

Gözü qan-yaşla dolu körpə bacının qırmızı tabutunu qucaqladığını görüb qırmızı “bəy xonçası” hazırladığını, yeganə qardaşının ən “əziz” günündə – toy günündə “sevincdən” ağladığını sandım.

Bütün bunları xatırlayıb düşündüm: Bu boyda qeyrəti, vicdanı, məğrurluğu, vətənpərvərliyi uşaq təbəssümünə, “uşaq” cüssənə necə bələmisən, necə sığışdırmısan, a “körpə” balam- A QƏHRƏMAN AZƏRBAYCAN ƏSGƏRİ?!

Rəna Mirzəliyeva

 

 

Şərh Yaz