Gənc müəllimlərimiz gələcək uğurlarımızın qarantıdır                    

Əsrlər keçsə də, qərinələr dəyişsə də ömür boyu dəyərini itirməyən peşələr var. Belə peşələrin biri, elə birincisi müəllimlikdir. Ulu öndərimiz, ”Mən müəllimlikdən yüksək ad tanımıram” söyləyib.

Bu günlərdə İsmayıllı Rayon Təhsil Şöbəsi gənc müəllimlərlə növbəti onlayn görüş keçirdi. Görüşdə Dövlət başçısı İlham Əliyevin tövsiyələrinə uyğun olaraq ölkəmizin, o cümlədən, rayonumuzun təhsil müəssisələrində təlim-tərbiyə  işinin təkmilləşdirilməsi, milli-mənəvi dəyərlər, vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə, fəal vətəndaş mövqeyinin aşılanması işində  gənc müəllimlərin əvəzsiz rolundan söhbət açıldı.

RTŞ-nın müdiri Rövşən Əliyev gənc müəllimlərlə səmimi söhbət etdi, onları düşündürən məsələlərlə maraqlandı.

Hamımız gözəl bilirik ki, məktəb həyatımız həyat məktəbimizin önəmli bir mərhələsidir. Təlim-tərbiyə işi həyatın ən ağır, zəhmətli, məsuliyyətli, bir o qədər də şərəf işidir. Bu gün gənc müəllim şagird qəlbinin dərinliklərinə enməyi bacarır, onun intellektual imkanlarını necə səfərbər etməyi bilir. Bilir, bacarır dedik, bilməli, bacarmalı demədik. Çünki İsmayıllının gənc müəllimləri bu gün o qədər çalışqan, o qədər fədakarcasına fəaliyyət göstərirlər ki…

Biz Təhsil Şöbəsinin əməkdaşları tez-tez məktəblərdə olur, gənc müəllimlərin dərslərini dinləyir, tövsiyələr edir, onların hazırladıqları bir-birindən maraqlı tədbirlərə qatılırıq. Və hər zaman gənclərin işindən qürur duyuruq.

Deyirlər, müəllim Allahın dostudur. Həqiqətən, onun hər yeni dərsi yeni bir ruh deməkdir, onun strategiyası hər şagirdə görə dəyişir, hər yeni gündə daha mükəmməl olmağa səsləyir.

Bəli, gənc müəllimlərimiz bu gün “Qrant layihələr”i reallaşdırır, “Sabahın alimləri”ni, “Virtual əlaçı”ları yetişdirir, Respublika, Beynəlxalq olimpiadalara şagird hazırlayır, Tops proqramı üzrə çalışaraq birincilik qazanır, neçə-neçə yeni layihə, proqramların öncülünə çevrilir. Bir sözlə, doğma İsmayıllımızın gənc müəllimləri bu gün xariqələr yaradır.

Kəlmələri bal kimi şirin, məntiqi qüvvətli, üslubu gözəl, öyrətdiyini anlayan, zəkalara işıq saçan, düşüncəsini təfəkkürə çevirən, zamanın önündə gedən, lazım gələndə qələmini silaha çevirən, Böyük Qələbəni xalqına yaşadan gənc müəllim hər zaman alqışa layiqdir.

Bu gün ölkəmizdə, eləcə də, rayonumuzda təhsil sisteminin informatlaşdırılması, vasitə və resursların geniş tətbiqi kompyuter və digər elektron vəsaitlərə tələbatı artırıb.

Gənc müəllimlərlə görüşdə RTŞ rəhbəri Rövşən müəllim hər zaman olduğu kimi, yenə də gənc müəllimlərin yanında olacağını, mövcud imkanlardan istifadə edərək onlara dəstək olacağını bildirdi.

Azərbaycan azadlığı, firavanlığı, xoş gələcəyi olan qiymətli xəzinəsini-övladlarını müəllimlərə əmanət edib. Can Vətənimiz olan Azərbaycanımızın rifahı, xoş gələcəyi novator, işinə kreativ yanaşan, innovasiyalara açıq gənc müəllimlərin fəaliyyətindən asılıdır. Bu çətin  işdə onlar korifey müəllimlərin, orta yaşlı nəslin nümayəndəsi olan müəllimlərin məsləhətlərindən hər zaman bəhrələnirlər. Çünki bugünkü uğurlu gəncliyi məhz onlar yetişdirib.

Hər bir gənc müəllimin öz hədəfləri var. İnanırıq ki, onlar bu hədəflərə əsl müəllim mənəviyyatı, müəllim peşəkarlığı, müəllim əzmi ilə addımlayacaqlar.

Ülviyyə Zeynalova

Şərh Yaz