SƏSİN SEHRİ VƏ CAZİBƏSİ     (Dostum Sahibə Abdullayevanın Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adını alması münasibətilə)

2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar bir qrup şəxsin təltif edilməsi haqqında” sərəncam imzalamışdır. Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunanlar sırasında həmyerlimiz, rayon mədəniyyət evinin işçisi Sahibə Abbas qızı Abdullayevanın da adı var idi.

6  mart 2021-ci il tarixdə Azərbaycan Prezidenti xalqın sevdiyi xanəndə Sahibə Abdullayevanı yenə mükafatla təltif etdi. Bu dəfə cənab Prezident Sahibə xanımın Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülməsi haqqında sərəncam imzaladı. 2011-ci ildə hansı hissləri keçirirdimsə, sevinirdimsə, bu şad xəbərə indi də o ovqatda sevindim, həmin anları yaşadım. Çoxdan gözlədiyimiz bir xəbər, Sahibə xanımın alacağı yüksək dövlət mükafatı… İlahi, bu sevinc hissimi telefon vasitəsilə onunla necə bölüşdüyümü iş yoldaşlarım da gördülər. Az qalırdım uşaq kimi göylərdə uçam…

İndi də 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində bu yüksək mükafata layiq görülmüş Sahibə Abdullayeva haqqında təəssüratlarımı bölüşmək istərdim.

***

Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb. Onlar: sənətimizin dünəni, bü günü və sabahıdırlar….

Dünən onlar kim idi, hardaydılar və nələr yaşayırdılar?

Yeni ədəbi nəsil üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNin insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə gərəkli və daha qabarıq görünməkdədi.

İsmayıllı sənətçiləri haqqında olan layihəmdə Sahibə xanıma yenidən qayıtmağımın səbəbi aydındır. İstədim bu yazı ilə sevimli müğənnimizin həm bayramını və bayrama ikiqat sevinc qatılan fəxri adını təbrik edim.

Gözəl səsli xanəndə Sahibə Abdullayeva məndən yaşca böyükdür. Əslində qadının yaşını bildirməzlər, mən də bu qaydaya əməl edirəm. Sadəcə onu demək istəyirəm ki, o, mənimçün böyük sənətkardır, sözün bütün mənalarında böyük, bütöv ziyalıdır. Danışığından dürr tökülür, savadı və dünyagörüşü ilə adamı heyran edə bilər. Gözəl sirdaşdır, həm də dərddaşdır. Adamı düşdüyü çətin vəziyyətlərdən çıxartmaqda bacarıq və məharət sahibidir. Dəfələrlə şahidi olmuşam ki, münaqişəli məsələlərdə onun bir tutarlı sözü kifayət edib, o işin müsbət həllində kişilərin ata bilmədiyi addımları atıb və məqsədinə nail olub. Bax, buna görə mən Sahibə xanımı çox istəyirəm. Sözün əsl mənasında. KİŞİ xislətli bu xanım çox sınaqdan alnıaçıq, üzüağ çıxıb. Bunlar Sahibə xanımın sənətçi kimi yox, bir azərbaycanlı xanımı, ziyalısı kimi müsbət xarakterinin toplusudur. Onun haqqında bir çoxu yazıb, mən də vaxtilə yazmışam. Baxıb görürəm ki, yenə də azdır. Yazdıqca yazmaq istəyirsən.

Vaxtilə tələbə olub Sahibə Abdullayeva.

Vaxtilə müəllim olub Sahibə Abdullayeva.

Amma o, dünən də xanəndə idi, bu gün də xanəndədir, sabah da, yəni səsi çıxanadək xanəndə olaraq qalacaq. Dəfələrlə onun yaşıdlarından eşitmişəm ki, illərdir bu sahədə, sənətdə olmasına baxmayaraq əsl haqqını almayıb. Amma bu günlərdə gec də olsa, o haqqı ona qaytardılar. Adı həmişə məhəbbətlə, hörmətlə çəkilib. Ona görə ki, bu xanım artıq müğənnilikdən qırağa sənət adamıdır. İsmayıllının incənətində, xanəndəlik sahəsində ən öncül bir ifaçıdır, rayonun elə bir dövlət tədbiri, xalqın, camaatın elə bir xeyir məclisi olmayıb ki, Sahibə xanımsız keçinsin. Bu kimi möhtəşəm tədbirləri məharətlə yola vermək bu xanıma qismət olub. Şəxsən özüm onun olmadığı, iştirak etmədiyi tədbirdə könülsüz oturmuşam, hesab eləmişəm nəsə çatmır. Mən bilmirəm, vallah, bu nə dərəcədə doğrudu, hələ o vaxtlar bunu da eşitmişdim ki, guya Qulu Əsgərovun Bakıya gəlməyində Səməd Vurğunun əvəzsiz xidməti olub. Şair deyəsən onu hansısa toyda dinləmiş və xoşuna gəlmiş, Bakıya gətirmişdi. Nə vaxt olub deyə bilmərəm. Ancaq bizim tərəflərdə ən çox danışılan hadisələrdən biri idi.

Xanəndə Sahibə Abdullayeva.

Xeyir məclislərimizin tacı olan toylarımızın bəzəyi Sahibə Abdullayeva.

Sahibə xanım necə müəllim olub, yəqin ki, bunu tələbələri bilir. Tələbələri bilirlər ona görə deyirəm ki, artıq mənim rayonla əlaqələrim qurulanda, işimlə bağlı rayonda keçirilən tədbirlərə dəvət alanda Sahibə xanımı görür, tez-tez mədəniyyət şöbəsində dostların yanında olanda onun məşqlərini görür, tələbələrinə, gənclərə sənətinin sirrini öyrədir, yaxşı oxumağın yollarını başa salırdı. Sahibə Abdullayevanın bəs nəyi çatışmırdı ki, sevilə-sevilə, yaxşı səsi ola-ola, rayonun ən gözəl, möhtəşəm tədbirlərində iştirak eləyə-eləyə, neçə-neçə ölkəyə qastrola gedə-gedə və ictimai həyatda yaxşı çalışa-çalışa (belə deyək də) Dövlət səviyyəsində sevilə bilmirdi?

Bax, bu dəhşətli bir sirr idi. Zahirən cavan görünsə də, içində artıq qocala-qocala o özü də bəzən bu sualın qabağında bəlkə də nə vaxtsa çaşıb və mən dəqiq bilmirəm ki, təsəllini nədən alıb? Bəlkə oxumaqdan? Mənə elə gəlir ki, yox. Ona görə ki, onun sənəti və gözəl ifası haqqında müxtəlif oçerk, zarisovka, şeirlər yazılıb, sənətinin zirvəsi bu nümunələrdə geniş formada şərh edilib. Və ən təəccüblüsü bu idi ki, həmin nümunələr bir çox sənətçiyə yaradıcılıq stimulu verdi, gənclərə bu sənəti düşünmək imkanı yaratdı. Mənə elə gəlir ki, bu nümunələr ona səadətdən çox zülm gətirdi. Mən demirəm ki, Sahibə xanım Abdullayeva öz sənətindən qırağa nəsə istəyirdi. Onun dilindən heç vaxt bunu eşitməmişəm. Neçə ilin dostuyuq. Həmişə deyib gülən, danışan, hətta şirin zarafatlar edən bu xanımın kefsiz olduğunu görməmişəm. Bəlkə də mənim özüm bu kefsiz olmaq nə deməkdi, onu başa düşmürdüm. Ancaq öz zamanında Sahibə xanım el toylarının yaraşığı olub, bu gün də o səviyyədə qalıb. İnanın küçədə gəzəndə onu göstəriblər. Sahibə Abdullayeva özünəməxsus, özünün olan ömrünü yaşayıb.

Sənət ondan nə istəyib? Bunu həmin sənət ala bilib. Ancaq Sahibə xanımın özü sənətdən nə istəyib? Bunu özü bilib. Mənə görə isə sənət onu için-için incidib…

O, səhnədə dərdli olduğu halda da oxuyub, sevincli anlarında da. Bir gözündən yaş gəlsə də, özünü elə aparıb ki, guya o biri gözü gülür. Səhnədəki ifaları bənzərdir, əvəzsizdir. Bəs ondan nə istəyiblər? Axı elə hökumətin özü üçün bu qədər pul gətirə-gətirə, bir az geniş desək, adamlara müəyyən mənada xoşbəxtlik verə-verə, bəs niyə o insafsızcasına unudulub? Onun işi həmişə cəncələ düşüb.

Amma haqq-ədalət gec-tez yerini alır. Pandemiya dövrünün ağır günlərini yaşadığımız məqamlarda haqq-ədalət öz yerini aldı. Yaxşı adamların sayəsində. Sahibə xanım bu sevinc hisslərinə görə şəxsən Milli Məclisin deputatı hörmətli Novruzəli Aslanova və rayon icra hakimiyyətinin başçısı Nahid Bağırova minnətdarlığını bildirir. Ona görə ki, bu iki şəxs haqq adamı kimi Sahibə xanımın yanında olub, öz halal haqqına çatması üçün əllərindən gələni əsirgəməyib.

Yuxarıda bir yerdə qeyd etdim ki, onun ifasına heyranlıqla qulaq asan və hətta lap elə Sahibə Abdullayeva üçün həmin tədbirlərə gələn adamlar az olmayıb. Bu adamlar gəliblər və onun ifasına baxıblar, alqışlayıblar. Və ola bilsin səhnənin arxasına keçib, ondan avtoqraf alanlar da olub. Bunlar az şərt deyil və Sahibə Abdullayeva bütün bu diqqətlərdən qaça bilməyərək, heç vaxt lovğalanmayıb.

Sahibə xanım gözəl bir tərbiyə alıb – göz açdığı, böyüdüyü ailədən.

Sahibə xanım gözəl bir tərbiyə alıb – oxuduğu orta məktəbdən, ona dərs demiş müəllimlərindən.

Sahibə xanım gözəl bir tərbiyə alıb – sənət yoldaşlarından, həmkarlarından.

Sahibə xanım gözəl bir tərbiyə alıb – yaşadığı keşməkeşli həyatın özündən.

Ailə tərbiyəsi, orta məktəb tərbiyəsi, sənət tərbiyəsi, həyat tərbiyəsi və nəhayət, sənət etikası üstündə qurulmuş tərbiyə onu bugünkü Sahibə xanım edib. O, bilib bütün bu tərbiyə yolunu, bilib, göydən düşməyib, yerdən çıxmayıb, bilib və öz sənətindən elə ləzzət alıb ki, ətraf, Şirvan yurdunun və Şirvana bitişik məkanların ona məxsus tamaşaçıları onu elə məst eləyib ki, hətta özündən o yana bir dəhşətli ocağın, sənətə rəsmi qiymət verən, hər şeyi rəsmiləşdirən, rəsmi sevdirən bir təşkilatın olduğunu bilib və bilə-bilə özünü o yerə qoymayıb. Bəlkə də Sahibə xanımın içindəki sənət yanğısı onun susmasına səbəb olub, içi od tutub və od onun içində qovrula-qovrula qalıb, keçib qanına… Sonra da çıxıb səhnəyə öz ifalarını etməyə, tamaşaçılara sevinc bəxş etməyə. Özünün vəziyyətini də gözləriniz önünə gətirin, onun insanlarda yaşatdıqlarını da. Bu, Sahibə Abdullayeva böyüklüyüdür, Sahibə Abdullayeva əzəmətidir, Sahibə Abdullayeva kamilliyidir!

Çox maraqlıdır, mən həmişə bir sehrin altında çox əzilmişəm. Sahibə Abdullayeva, lap elə onun qismətində deyirəm bunları, gözü görə-görə haqsızlıq içində boğub, görüb ki, nə qədər sənət əziyyəti çəkir və bu əziyyət heç nəylə qiymətləndirilmir. Ən təəccüblüsü bu idi ki, Qulu Əsgərov heç kimdən küsməyib. Heç kəsdən inciməyib. Bəlkə də daxilən, mənən küsüb, inciyib, amma biruzə verməyib heç vaxt. Hər halda biz – mən əsasən dinləyiciləri və tamaşaçıları nəzərdə tuturam – bunu hiss eləməmişik. Ancaq o küsə və inciyə də bilərdi. Ən azı əlindən o gəlib ki, ömrünü həsr etdiyi “Niyal” ansamblından çıxa bilərdi və çıxış eləməyə gəlməzdi və tədbir pis vəziyyətdə qalardı… Amma onda bir Kişi qeyrəti, Kişi dəyanəti, Kişi sözübütövlüyü olub axı!

ki, Qulu Əsgərovun həyat yoldaşı yuxarıda dediklərimi söyləyib.

Həyat heç kəsi günahdan xali eləməyib. Hərə bir cür günahkardır. Elə lap mən özüm də. Gərək mən bu yazını çoxdan yazaydım, lap çoxdan.

Günahımın bir ucu da gedib ora çıxır ki, Sahibə Abdullayeva İsmayıllının bir kəndində doğulub, mən də bir kəndində. Vaxtilə indi yazdıqlarımı yaza, ürəyimi boşalda bilərdim. Amma indi niyə ağlıma gəldi, beynimdən keçdi? Ola bilər dost sevgisi və sevinci imkan verdi ki, bu yazını məhz indi yazım.

Bu yazı mənim içimin təmiz səsidir.

Bunu bir olan Allah bilir.

 

***

Deyirlər, gözəl mahnı da məhəbbət kimidir. Qəlbin dərinliklərindən süzülür, adamın iliyinə hopur, varlığına hakim kəsilir. Doğma İsmayıllımızın şöhrətli xanəndəsi, möhtəşəm və əsrarəngiz səsli Sahibə Abdullayevanın ifa etdiyi hər bir mahnı məhəbbət nağılları kimi, hələ uzun illər onu tanıyanların qəlbinin fatehi tək yaşayacaq.

Azərbaycanda gözəl səsli müğənnilər çoxdur, lakin Sahibə xanımın qızıl səsi, yaraşıqlı xarici görkəmi və ifa mədəniyyəti təkrarsızdır. İllərlə rayon tədbirlərində, kəndimizdə keçirilən mərasimlərdə onun ifasını intizarla, məhəbbətlə və hörmətlə gözləmişik. Onun insanın ruhunu ucaldan, bir fateh kimi şahə qaldıran möcuzəli səsini eşidən kimi əlimizdə nə işimiz olsa, buraxıb ailəlikcə həmin məclisin keçirildiyi məkana üz tutmuşuq. Sahibə Abdullayevanın büllur dağ şəlaləsi kimi göylərdən üstünə çırpılıb səni ağuşuna alan səsi, sözün həqiqi mənasında, insanı ovsunlayıb özünə ram edib. Fitrətdən yoğrulmuş, ilahidən verilmiş bu ehtiraslı və məlahətli ifa tərzi bizi Sahibənin indiki dövründə də (pandemiya dövründə) bizi heyrətə gətirir. Onun Basqala hər gəlişi böyük bayram təntənəsi, xoşbəxtlik və səadət idi. Xanəndə istedadı, zadəganlığı, zərif təbəssümü və nəhayət, ləyaqətli, təmtəraqlı kişi görkəmi ilə yüz minlərlə insanı aludə edib. O, rayonumuzun kəndlərini və hətta qorxmadan, çəkinmədən deyərdim ki, bütün Şirvanı gur səsi ilə bir-birinə yaxınlaşdıran, birləşdirən ecazkar xanəndədir… Bu sözləri də telefonla danışığımız zamanı uşaqlıq dostum Hacı İlqar Hüseynzadə söylədi və bu yazıda həmin fikirləri işlətməyi məsləhət bildi.

Və sonda sevimli sənətçimizə müxtəlif şairlərimizin hədiyyə etdikləri inciləri təqdim etməyi özümə borc bildim.

Daşdəmir ƏJDƏROĞLU

 

SAHİBƏ

Coşqun ilhamınla, şirin səsinlə,

Həmişə ruhlandır bizi, Sahibə!

Könüllər oxşayan nəğmələrilə,

Göylərə qaldırır sözü Sahibə.

 

Sabaha boylanan arzuların var,

Hər biri qəlbində tutubdur qərar.

Səninlə fəxr edir ismayıllılar,

Bu gözəl torpağın qızı Sahibə.

 

Nəğmələr dilindən baltək süzülür,

Toy-şənlik arzusu səfə düzülür.

Nadanın ayağı yerdən üzülür,

Deyirsən göz-gözə düzü, Sahibə.

 

Sən Nigar qeyrətli, Həcər ürəkli,

Qərar tutduğun yer güllü-çiçəkli.

Sən bizə həmişə lazım, gərəkli,

Var olsun qəlbinin közü, Sahibə!

 

Hacı da öyünür sədaqətinlə,

Yaşa, ana yurdda məhəbbətinlə.

Bəxtiyar olasan dəyanətinlə,

Görək o gülümsər üzü, Sahibə!

Hacıməmməd MƏMMƏDOV

 

OXU, DAĞLAR QIZI

 

(Sahibə xanım Abdullayevaya)

 

Oxu, dağlar qızı, ellər dinləsin,

Səsinə səs versin bu el, bu mahal.

Oxu, şirindən də şirindir səsin,

Oxu, gözümüzdə dağlartək ucal.

 

Səsini eşitsin qoy o tay, bu tay,

El tutsun əl-ələ bütöv, bir olsun.

Bülbül şura gəlsin, sussun torağay,

Hər oğul bir Babək, Cavanşir olsun.

 

Vəsf elə Bakını, gözəl Təbrizi,

Səsindən güc alsın Qarabağımız.

Bir daha, bir daha ovundur bizi,

Tapsın məlhəmini ürək dağımız.

 

Matam səsindəki bu məlahətə,

Kövrək hisslərimi dindirdi bu səs.

Göylərin sonuncu qatında idim,

Məni yer üzünə endirdi bu səs.

Mövlud TEYMUR

 

OXU, SAHİBƏ, OXU…

Oxu, Sahibə, oxu, nə şirindir nəfəsin,

Oxu, oxu, qoy dağlar, qayalar cingildəsin.

 

Oxu, oxu, bu yurdun nəğməsini oxu sən,

Oxu, çaylar, bulaqlar saxlasın zümzüməsin.

 

Oxu, oxu, səninlə oxusun İsmayıllı,

Oxu, doğma, şipşirin Azərbaycan kəlməsin.

 

A torağay nəğməli, a bülbül səsli, oxu,

Namərddir o insan ki, öz qədrini bilməsin.

 

Qoy çırpılsın dağlara Girdimanın suları,

Talıstandan, Lahıcdan, Basqaldan gəlsin səsin.

 

Kamilə də bu yurda şöhrət payı gətirdi,

Qoru o bülbülün də könül açan nəğməsin.

 

Qarğa-quzğun çox dolub bu sənət bağçasına,

Yaşadın, bu bağçanın gül-çiçəyi solmasın.

 

Mən hamıya hörmətlə sənə tutdum üzümü,

Qoruyun, doğru sənət qoy yaşasın, ölməsin.

 

Nazirəm, sevinərəm fəxri adına sənin,

Oxu, arzun, istəyin ürəyində qalmasın.

Nazir ZİYA (TALISTANLI)

 

SAHİBƏ

 

Sənin layla kimi şirin zümzümən

Axdı ürəklərdən dilə, Sahibə.

Sən ki, bir bülbülsən-yaz bəstəkarı,

Nəğmələr qoşursan gülə, Sahibə.

 

Harda sığallanıb səsin telləri,

Zəngulən çayların coşqun selləri.

Hurisən, mələksən, yoxsa ki pəri,

Bir nağıl payısan elə, Sahibə.

 

Dumanlar dağlara tül toxuyanda,

Dərələr, təpələr gül qoxuyanda,

Belə bir məqamda sən oxuyanda,

Dönür göz yaşları selə, Sahibə.

 

Səsin də, sözün də sehri var demə,

Oxunan nəğmənin möhrü var demə.

Sənə bu olanın mehri var, demə,

Nə xoşdur yaşamaq belə, Sahibə.

 

Vətənin torpağı yadın əlində,

Naləsi, laylası sənin dilində,

Yaxın zamanlarda, günün birində,

Vətən göz yaşını silə, Sahibə.

Füzuli BAXIŞOV

 

OXU, SAHİBƏ, OXU…

 

Bu şənlikdən o şənliyə,

Deyilməmiş sözüm qalıb.

Mahnı, şeir xəstəsiyəm,

Külüm altda közüm qalıb,

Oxu, Sahibə, oxu.

 

Oxu, səsin qalxsın zilə,

Susan könlüm gəlsin dilə.

Ağlamaram bundan belə,

Hələ məndə dözüm qalıb,

Oxu, Sahibə, oxu.

 

Ötüb getsin bu çən, duman,

Bir çəməndi bütün cahan.

Bu çəməndə əlvan-əlvan

Gül-çiçəkdə gözüm qalıb,

Oxu, Sahibə, oxu.

 

Sevgi ömrün naxışıdı,

Arzu eşqin yağışıdı,

Lalın sözü baxışıdır.

Nə yaxşı ki, el yanında

Söz deməyə üzüm qalıb,

Oxu, Sahibə, oxu.

Şahməmməd DAĞLAROĞLU

Şərh Yaz