Xatirələrdə yaşayan insan                             

 

Mən yazını həmişə canlı bir orqanizm kimi təsəvvür etmişəm. Hər bir insanın isə Tanrı tərəfindən müəyyən olunmuş tale yazısı olduğu kimi, yazıların da taleyi olur. İnsanın dünyaya gəlişi – təvəllüd tarixi qazanması Allah-təalanın hökmü sayəsində olduğu kimi, hər hansı yazının da yazılması Tanrının diqtəsi ilə olur. Bu yazı da belə alındı. Heç ağlıma da gəlməzdi ki, yüz il bundan əvvəl dünyaya göz açmış, tanımadığım bir insan haqqında məqalə yazacağam. Uzun müddət oğlu Xalid Mürşüdovla  bir işlədiyimdən, atası haqqında dəfələrlə danışıqlarını eşitdiyimdən bu yazını yazmaq qərarını verdim…

Düz deyirlər ki, insanı yaşadan onun yaxşı əməlləridir. Yaxşı əməllər həm sağlığında, həm də haqq dərgahına qovuşandan sonra insanın adını ucalıqda saxlayır, hörmət və izzətli edir. Sadə bir insan olan yazı qəhrəmanımız Həmid İbad oğlu İsayev də belələrindəndir. O, 1920-ci ildə Talıstan kəndində dünyaya göz açmışdır. Hamı kimi o vaxtlar təsərrüfatla məşğul olmuş, sonralar kolxozda müxtəlif işlərdə çalışmışdır.

Böyük Vətən müharibəsi başlayanda Həmidin iyirmi yaşı vardı. Cəbhədən hər gün müxtəlif xəbərlər gəlirdi. Bizimkilər geri çəkilirdilər. Alman faşistləri bütün cəbhə boyu sürətlə irəliləyir, kənd və şəhərləri dağıdıb yerlə-yeksan edir, minlərlə insanı öldürür, əsir alırdılar.

Vəziyyət ağır idi, həm öndə, hən də arxada. Həmid İsayev cəbhəyə belə bir vaxtda yola düşmüşdü. Bir qədər hərbi hazırlıq keçdikdən sonra onu dərhal döyüşən orduya aldırlar. 1942-ci il mayın 6-da 416-cı atıcı diviziyanın tərkibində döyüşə girdi. Bütün vətən oğulları kimi Həmidin də qəlbi intiqam hissiylə dolub daşırdı. 1943-cü ilin iyunundan 1945-ci ilin aprelinədək minomyotçu kimi cənub cəbhəsində III Ukrayna və Belarusiya cəbhələrində döyüşür. O, həmişə ölümlə üz-üzə qalanda da özünü yox, ondan kömək uman döyüşçü yoldaşlarını düşünürdü. Döyüş zamanı yüzdən çox hərbiçini xilas etmiş, yaralılara yardım göstərməyi özünə borc bilmişdir.

Həmid İsayevin şərəfli yolu qələbəyə lap azca qalmış -1945-ci ilin aprelində ağır yaralanmasıyla yarıda qalır. 1945-ci ilin iyulunadək hərbi hospitalda müalicə olunur. Beləcə, illərlə döyüşən, qarlı-qanlı səngərlərdə günlər keçirən Həmid İbad oğlu İsayev qələbəni səngərdə yox, xəstə çarpayısında qarşılayır. Həkimlərin səyi nəticəsində Həmid tam sağalır və yenidən hərbi hissəyə qayıdır. 1946-cı ilin iyulunadək Xalq Daxili İşlər Komissarlığının Berlin şəhərindəki 2 nömrəli xüsusi düşərgəsində xidmətini davam etdirir. Orduda xidmət etmək H.İsayev üçün əsl mərdlik, kişilik, hərbi ustalıq təcrübəsi oldu. Çox keçmədən dostları onu qorxmaz, səxavətli, sözündə bütöv və igid insan kimi tanıdı.

Həmid İsayevi cəbhəyə aparan yollar onu geriyə – doğulub boya-başa çatdığı Talıstan kəndinə bir də 1946-cı ilin iyulunda qaytarır. Xeyli medal, Fəxri fərman, təşəkkür və tərifnamələrlə.

Cəbhədən qayıdandan bir müddət sonra müharibə illərində arxa cəbhədə fədakarlıqla çalışmış və buna görə də “Rəşadətli əməyə görə” medalı ilə təltif edilən  xalası qızı Gülsüm xanımla ailə qurur. Altı övladını cəmiyyətə layiq vətəndaş kimi tərbiyələndirir.

Aradan keçən illər nə Həmid kişinin, nə də Gülsüm ananın qəlbindən müharibənin gətirdiyi ağrı-acını silib təmizləyə bilmir. Müharibə ürəklərə sağalmaz yara, yeri zaman-zaman göynəyən dağ çəkmişdi.

1985-ci ildə Həmid İsayevin cəbhə  həyatına daha yüksək qiymət verilir – qələbənin 40 illiyi münasibətilə SSRİ Ali Sovet Rəyasət heyətinin qərarı ilə “Böyük Vətən müharibəsində Sovet xalqının qələbəsinin 40 illiyi” nişanı, “Birinci dərəcəli Vətən müharibəsi”ordeni və “Əmək veteranı” medalıyla təltif edilir.

Həmid İsayev sözübütöv, mövqeyi aydın adam idi. Yersiz, lazımsız söz danışmazdı, giley-güzar etməzdi. Kimdən nə narazılığı, gileyi vardısa, onun özünə deyərdi. Həmid kişinin həyatı, fəaliyyəti, şəxsiyyəti  əsl örnək idi.

Gülsüm xala da ömür-gün yoldaşından geri qalmır. Böyük Vətən müharibəsindəki tarixi qələbənin 55 illiyi münasibətilə “1941-1945-ci illər veteranı” nişanı ilə təltif edilənlərdən olur. Həmid kişi ilə Gülsüm xanım çiyin-çiyinə altı övladı böyüdüb ev-eşik sahibi edirlər. Beləcə, iki veteran ötənləri xatırlaya-xatırlaya neçə onilliyin kürəyini yerə vurdular.

Həmid kişinin ən böyük arzusu torpaqlarımızın düşməndən azad olunması idi. O, bu günləri görə bilmədi, amma ruhu şaddır ki, Qarabağ öz azadlığına çatıb. Qarabağ Azərbaycandır! Onun nəvələri, doğmaları bu gün ön cəbhədədir. Mürşüdov Şamil Zeynal oğlu və  Şuşanın alınmasında iştirak edən Mürşüdov  Həbib Rəşad oğlu qalib əsgərlər sırasındadır. Mürşüdov Xəyal Xalid oğlu da arxa cəbhədə 44 günlük müharibədə Bərdə şəhərində olub.

Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Həmid  kişini və Gülsüm xanımı onu sevənlər heç vaxt unutmayacaqlar. Çünki onlar bu gün xatirələrdə yaşayırlar.

Heç kəs bu dünyanı tutub durmayacaq. Hamımızın son aqibəti axirətdir. Kaş elə axirətə qovuşanların hamısı Həmid kişi və Gülsüm xanım kimi yaddaqalan, hörmətlə xatırlanan insanlar olsunlar. Qoy onların məzarları nurla dolsun, hörməti, izzəti  övladlarının, qohum-əqrəbasının, dost və tanışlarının qəlbində əbədi yaşasın.

Hacıməmməd Məmmədov

 

 

 

 

 

 

Şərh Yaz