Ümumilli lider siyasətində milli-mənəvi dəyərlər, onların qorunması və zənginləşdirilməsi             

XX əsrin ən böyük tarixi şəxsiyyətlərindən, görkəmli dövlət və siyasi xadimlərindən biri xalqımızın ümumilli lideri Heydər Əliyevdir. Onun adı Azərbaycanın dövlətçilik və müstəqillik tarixi ilə qoşa çəkilir. Tək-tək dövlət xadimi tapılar ki, bu qədər uzun müddətdə öz xalqına, millətinə böyük məhəbbətlə, sevərək və sevilərək rəhbərlik edə bilsin. Heydər Əliyevi təkcə Azərbaycan xalqı yox, bütün türk və müsəlman dünyası, digər dünya xalqlarına məxsus mütərəqqi düşüncəli insanlar sevir, onun adını hörmət və ehtiramla çəkirlər. O, özünün ardıcıl və məqsədyönlü dövlətçilik siyasəti ilə müasir Azərbaycan Respublikasının banisi, xilaskarı və qurucusudur.

Ulu öndərin çoxsahəli siyasi fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilib yaşadılması əsas yerlərdən birini tutur.  Ümumilli liderimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşməsinə çalışmış, siyasi fəaliyyətində bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Çünki hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir. Müdrik dövlət başçısı, alovlu vətənpərvər kimi milli-mənəvi dəyərlərə, mənəvi irsə diqqət və qayğı, Heydər Əliyevin əməli fəaliyyətinin bütün sahələrində özünü göstərir. Çıxışlarının birində Ulu öndər qeyd edir: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim və zəngin mədəni irsə, milli adət-ənənəyə malik olan Azərbaycan kimi vətəni vardır.”

Milli dəyərlərimizin xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqətdə saxlayan Ümumilli liderimiz Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli intibahının əsasını qoydu. Bir çox siyasi-ideoloji əngəllərə, ciddi manelərə baxmayaraq, Azərbaycan xalqının milli özümüdərki üçün bütün zəruri tədbirləri həyata keçirdi. İctimai şüurdakı qorxunu aradan qaldırdı, cəmiyyəti gələcək mənəvi yüksəlişə ruhlandırdı. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi. “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz” – deyən Ulu öndər bu məsələnin nə qədər böyük əhəmiyyət daşıdığını bir daha diqqətə çatdırmışdır.

Milli dilin varlığı, torpağa, elə, yurda, vətənə, ailəyə sonsuz məhəbbət, vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik, qonaqpərvərlik, dini etiqadlılıq, yüksək əxlaqi keyfiyyətlər, mərdlik, humanistlik, böyüyə-kiçiyə, qadına hörmət və s. Azərbaycan xalqına məxsus milli dəyərlərdəndir. Qeyd edək ki, Ulu öndər bütün bu dəyərləri özündə cəmləşdirən böyük şəxsiyyət, əsil azərbaycanlı idi. O, bütün bunları əsas götürərək qeyd edirdi: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Milli-mənəvi dəyərlərin mənimsənilməsində, onun daha da təkmilləşməsində doğma dilimizin müstəsna rolu danılmazdır. Məhz bu vacib amili nəzərə alan Ulu öndər 1978-ci ildə Azərbaycan Konstitusiyası qəbul olunarkən orada ana dilimizin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur. Azərbaycan dilinin dövlət dili kimi status alması, onun bir ünsiyyət vasitəsi kimi bugünkü səviyyədə inkişaf etməsi, bilavasitə Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycan dili yenidən dövlət dili statusunu qazanmışdır. Heydər Əliyev dilimizi milli-mənəvi dəyərlərimizin ən ümdəsi hesab etmişdir.

Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə öz zəngin milli-mənəvi irsini, adət-ənənəsini, dini etiqadını qoruyub saxlamış, günümüzə qədər gətirib çıxarmışdır. İslam dinin mahiyyətini dərk edən xalqımız onun müqəddəs çağırışlarına həmişə səs vermiş, dini mərasim və ayinləri icra etmişdir. Ümumilli liderimiz gənclərimizə İslam mədəniyyətinə, İslamın mənəvi dəyərlərinə yiyələnməyi tövsiyə etmiş, ölkəmizin müstəqillik əldə etdikdən sonra dini etiqad azadlığı bərpa edilmişdir. Ümumilli lider Azərbaycan Respublikasının Prezidenti olduğu 1993-2003-cü illərdə dini dəyərlərin dirçəlməsi, məscidlərin, ziyarətgahların bərpası ilə bağlı tədbirlər həyata keçirmişdir. Novruz, müqəddəs Qurban və Ramazan bayramları ölkəmizdə dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır. Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması onun dini dəyərlərimizə verdiyi yüksək qiymətdir.

Məlum olduğu kimi, dinlərarası münasibətlər dünya tarixinin ən incə məsələlərindən biridir. Əsrlərcə Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri qardaşlıq şəraitində yaşamışdır. Azərbaycanda dini zəmində heç vaxt qarşıdurma olmamışdır. Heydər Əliyev Azərbaycanın tolerant bir ölkə olduğunu dəfələrlə vurğulamış, burada yaşayan bütün dinlərin nümayəndələrinə dövlət başçısı kimi hörmət, qayğı və diqqətlə yanaşmışdır.

Heydər Əliyev islamiyyətlə bağlı dini-mərasim və adətlərin layiqincə keçirilməsinə də hər cür şərait yaradırdı. 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mirmövsüm Ağa ziyarətgahının, Bibiheybət məscid kompleksinin yenidən qurulması Ulu öndərin dini-əxlaqi dəyərlərə sadiqliyini bir daha təsdiq edir. “Biz öz milli-mənəvi dəyərlərimizlə, dinimiz, adət-ənənələrimizlə fəxr edirik” – deyən Ümumilli liderimiz özünün işıqlı ideyalarını bu sahədə də davam etdirmişdir.

Azərbaycan öz mədəniyyəti, incəsənəti ilə də dünyada fərqli bir ölkədir. Lakin XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr başlamışdır ki, bu da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu mənada milli mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino, heykəltaraşlıq, memarlıq və rəssamlıq sənətimiz, xalça sənəti, xalq sənətkarlığının müxtəlif sahələrinin inkişafı ulu öndərin adı ilə bağlıdır.

Ümumilli liderimiz Heydər Əliyev milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın, dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirirdi. Dahi rəhbərimiz bildirirdi ki, milli-mənəvi dəyərləri qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır. Çünki milli dövlətçilik və milli dəyərlər arasında sıx bir əlaqə vardır.

Milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlər elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir, zənginləşir.

Xalqımızın dahi oğlu Heydər Əliyev müstəqil dövlətimizin hər bir vətəndaşı, o cümlədən gənc nəsilin qarşısında mühüm vəzifə qoymuşdur. Bu mənada Ulu öndərin aşağıdakı ifadələri fikrimizi təsdiqləməyə əsas verir: “Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir”.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox yüksək diqqət və qayğı göstərir. Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı milli dəyərlərimizin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, ədəbiyyatını, incəsənətini, adət-ənənələrini, milli dəyərlərini inkişaf etdirib yaşatması önə çəkilir. Onun davam etdirdiyi konsepsiyaya görə milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz dövlətçilik və milli dəyərlərin qorunub saxlanmasıdır.

Bu gün Ulu öndərin ali idealarının gerçəkləşməsində cənab İlham Əliyevlə Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva yaxından köməklik edir. Milli dəyərlərimizin qorunmasında, dünyada tanıdılmasında Mehriban xanımın əvəzsiz xidmətləri danılmazdır.

Ümumilli liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlər sahəsindəki işıqlı ideaları bu gün də yaşayır, qorunur və zənginləşdirilir.

Bədii yaradıcılığa meyilli vətəndaş kimi, qələmə aldığım bir şeiri də mövzuya əlavə edirəm:

 

Ata Heydər, oğul İlham

 

Azərbaycan! Dünyamızın üzük qaşı,

Qərinələr, min illərdir onun yaşı.

Çox bəlalar, müsibətlər çəkib başı,

Yeni həyat verdi ona-gördü cahan,

Sevə-sevə ata Heydər, oğul İlham!

 

Bölük-bölük durnaları səmasında,

Tarixi var Təbriz, Dərbənd qalasında,

Sızlar Göyçə, Qarabağ tək yarası da,

Aşıladı gələcəyə böyük inam,

Sevə-sevə ata Heydər, oğul İlham!

 

Dağıdılıb məhv olanda Azərbaycan,

Tək öndərə uzandı əl, yetdi güman.

Gündən-günə qüdrətləndi bu gülüstan,

Ayaq açdı xoşbəxt tarix, xoşbəxt zaman,

Ön sırada ata Heydər, oğul İlham!

 

Xalqımızla biz də varıq söylədilər.

Kiprik ilə od götürüb, göynədilər,

Vətən üçün onlar nəyi etmədilər?!

Ürəkdə eşq, gözdə alov, qəlbdə inam.

Böyük öndər ata Heydər, oğul İlham!

 

Duydu yağı qəzəbini, nifrətini,

Qəhrəmanlıq, yenilməzlik qüdrətini,

Vətən, torpaq namusunu,qeyrətini,

Qoruyaraq çökdü zülmət, söküldü dan,

Sevə-sevə ata Heydər, oğul İlham!

 

Azərbaycan, sabahları sönməz nurda,

Birlik, qüvvə, güc verdilər doğma yurda

Parçalandı tələlər də, ipək tor da,

“Yoxdu bizə özgələrdən kömək, həyan”

Söylədilər, ata Heydər, oğul İlham!

 

Al günəşli bayraq edib əllərində

Yaradanın duaları dillərində,

Odlar yurdu-Azərbaycan ellərində,

Biri müdrik, böyük ulu, biri cavan,

Fövqəlbəşər ata Heydər, oğul İlham!

 

Gözün aydın, ulu diyar, Vətən, sənin,

Çiçəkləndin, rəzil oldu düşmənlərin.

Göz dağıdır transmilli kəmərlərin,

Bu sıçrayış, bu inkişaf, biz də balan,

Sizinləyik, ata Heydər, oğlu İlham!

Səninləyik, Heydər oğlu müdrik İlham!

Murad Məhərrəmov,

İsmayıllı RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı

 

 

 

 

 

 

 

Şərh Yaz