“Əkinçi” ənənələrinə sədaqət nümayiş etdirmək borcumuzdur  

       

“Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm”.

Heydər ƏLİYEV

 

Bu il  iyul ayının 22-də milli mətbuatının 145 yaşı tamam oldu. Görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən ana dilimizdə nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi olmaqla bərabər, həm də həmin dövrdə Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə çevrilib. Milli mətbuatın ötən dövr ərzindəki inkişafını mahiyyət etibarı ilə 4 mərhələyə bölmək olar: “Əkinçi” qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövr, Cümhuriyyət dövrü, sovet dönəmi və müstəqillik illəri.

Adı çəkilən bütün dövrlərdə mətbuatımız həqiqət carçısı olmuş, milli-mənəvi dəyərlərimizi, Azərbaycan ədəbi dilini, azərbaycançılıq ideologiyası və məfkurəsini təbliğ etmiş, soydaşlarımızın maariflənməsində töhfələr vermişdir. Ötən dövr ərzində zəngin və şərəfli yol keçən milli mətbuatımız hazırda özünün yeni inkişaf mərhələsinindədir.

Milli mətbuatımızın yeni dövrünə təməlin müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən qoyulması bir həyat həqiqətidir. Mətbuat cəmiyyətin güzgüsüdür. Bu baxımdan Ümummilli lider söz, fikir azadlığının üstünlüklərini dəyərləndirərək KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi önəm verib.

Onun Sərəncamı ilə ölkəmizdə mətbuat üzərində senzura ləğv olunub. Azad mətbuatın inkişafına meydan verilib. Ulu öndər KİV və jurnalist təşkilatlarının rəhbərləri ilə tez-tez görüşür, onların problemləri ilə tanış olur, həlli istiqamətində addımlar atır, media nümayəndələri tərəfindən rəğbətlə qarşılanırdı. Mətbuatda çalışanlar bu münasibəti yüksək dəyərləndirərək Ulu öndərı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüb.

Hakimiyyətə gəldiyi ilk gündən Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərini uğurla davam etdirən Prezident İlham Əliyev azad mətbuata da davamlı diqqət göstərməkdədir. Cənab İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi  Konsepsiyası” təsdiq edilib, Azərbaycan Republikasının Prezidenti yanında  KİV-lərə Dövlət Dəstəyi Fondu yaradılıb. Bu diqqət azad mətbuatın inkişafına geniş imkanlar yaratmaqla jurnalist peşəkarlığını artırmaq, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək və bu kimi digər məqsədlərə xidmət edir. Jurnalistlərə fəxri adların verilməsi, milli mətbuatımızın yubileylərinin dövlət səviyyəsində keçirilməsi, jurnalistlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı sərəncamların imzalanması azad mətbuatın inkişafının göstəricilərini təsdiqləyən addımlardır.

2003-cü ildə mətbuata nəzarət funksiyasını tənzimləyən Mətbuat Şurasının yaradılması da azad sözün, fikrin qorunmasına və imkişafına xidmət edir. Bu amillər ümumilikdə jurnalistlərin peşəkarlığını şərtləndirir.

Cənab İlham Əliyev hər zaman mətbuatın hamisi olduğunu bəyan edir və bunu jurnalistlərə göstərilən hərtərəfli qayğıda əyani nümayiş etdirir.

Ölkəmizin iqtisadi qüdrəti artdıqca, maliyyə imkanları genişləndikcə, bu, özünü digər sahələr kimi, mətbuatın da inkişafına yönələn addımlarda göstərir. Media ictimaiyyəti dövlətimizin bu diqqət və qayğısını yüksək dəyərləndirir. Belə ki, cənab İlham Əliyev son 16 ildən artıq dövrdə 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Son bir neçə ayda dünyanı cənginə alan  COVID-19-a qarşı mübarizə tədbirlərinin ölkəmizdə daha da  gücləndirildiyi, sərt karantin rejiminin tətbiq edildiyi zamanda dövlətimizin başçısı İlham Əliyevin 30 iyun 2020-ci il tarixli  “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bir daha azad mətbuatın inkişafına verilən önəmi açıqladı. Sərəncamda Prezident Administrasiyasına COVID-19  pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində  tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın  tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etmək  tapşırılıb.

Dövlətimizin başçısısının bu mühüm addımı jurnalist əməyinə verilən yüksək dəyərə bir daha işıq salır. Cənab İlham Əliyevin pandemiyaya qarşı mübarizənin ilk günlərindən “Biz birlikdə güclüyük!” çağırışı bütün ölkə vətəndaşlarını səfərbər etdi, insanların sağlamlıqlarının, Azərbaycanın davamlı inkişafının təmin edilməsi istiqamətində ciddi səylər göstərməyi bir tələbə çevirdi. Hər zaman olduğu kimi, bu gün də Azərbaycan mətbuatı öz vəzifə borcunu, missiyasını layiqincə yerinə yetirməyə çalışır.

Hər bir məsələnin həllində maarifləndirmə işinin lazımi səviyyədə qurulmasının əhəmiyyətini nəzərə alsaq, yazılı və elektron KİV-in üzərinə düşən məsuliyyətin nə dərəcədə böyük olduğunu daha aydın görərik. Pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirici yazılar, verilişlər son dövrün əsas mövzularıdır.

Diqqətə çatdırılan məqamlar bir reallığı ortaya qoyur ki, mətbuat hər bir dövrün çağırışlarını lazımi səviyyədə cavablandırmalı, cəmiyyətin informasiya tələbatını qərəzsiz, heç bir təhrifə yol vermədən ödəməli, qarşısında dayanan obyektivlik, milli şüur və vətənpərvərlik kimi prinsiplərə dönmədən  əməl etməlidir.

Dövlətimizin başçısı İlham Əliyevin mətbuatın 145 illiyi ilə bağlı Sərəncamında bu vacib məsələyə xüsusi diqqət yönəldilib. Göstərilən diqqət və qayğının fonunda KİV də ölkəmizdə həyata keçirilən islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da artırmalıdır.

Mətbuatın inkişafı istiqamətində atılan addımların nəticəsidir ki, Azərbaycandakı mətbu orqanları MDB məkanında liderliyini qoruyur.

Mətbuatımız müasir dövrün yaratdığı imkanlardan istifadə edərək yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması işinə töhfələrini daha da artıraraq, dövlətimizin qətiyyətli mövqeyi, xalqımızın iradəsi, beynəlxalq dəstəyin fonunda qələbə sevincimizin müjdəçisi olacağına əmindir. Biz o günün uzaqda  olmadığını da görürük.

Milli mətbuatımızın 145 illiyinə ölkənin aparıcı mətbu orqanları ilə yanaşı bölgə qəzetləri də özünəməxsus töhfələrlə gəlir. Artıq 13-cü ildir ki, “Əkinçi” ənənələrinə sədaqət nümayiş etdirən “İsmayıllı xəbərləri” doğma yurda sevgi ilə oxucularla görüşür, onlara bölgənin inkişafı xəbərlərini, maarifləndirici mövzuları, vətənpərvərlik ruhu aşılayan yazı və məqalələri çatdırır.

Yerli mətbuata rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı  redaksiyamız tərəfindən minnətdarlıqla qarşılanır. Əminik ki, rayonda gedən gündəlik inkişaf qəzetimizin abunə və dövriyəsində də öz əksini tapacaqdır.

Mətbuat işində səriştəsi olanlar qəzetimizi bölgənin ən nüfuzlu mətbu orqanı kimi tanıyır.Əlbəttə, qəzetimizin  yaradıcı kollektivi bundan qürur duyur. Yubiley ərəfəsində bölgənin mətbuatına ürək vermiş qələm sahiblərini təbrik edir, soydaşlarımızı KİV-lərə, xüsusilə yerli mətbuata verdikləri dəyər və dəstəyə görə alqışlayırıq.

Şahməmməd Soltanov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mediya mükafatçısı

 

                  

Şərh Yaz