Şair olması ölümündən sonra bəlli oldu…

O, Niyal dağının ətəklərində, Lahıc qəsəbəsində anadan olmuşdu. Məktəb illərini uğurla başa çatdırıb ali məktəb tələbəsi adını qazanmışdı. Yaradıcılığa meyilli gənc idi. Yazdığı şeirlər təbiiliyi, dolğunluğu ilə ürəkləri fəth edirdi. Gözünü açdığı gündən gördüyü Niyal dağını özünə təxəllüs seçib, yazdığı şeirləri oxuculara Rövşən Niyallı kimi təqdim edirdi.

1982-ci ilin Novruz bayramına bir neçə gün qalmışdı. Rövşən bu gözəl bayramı öz ailəsində keçirmək fikri ilə Lahıca gəlməyi qərarlaşdırmışdı. Ailə üzvləri – ata-anası, bacı-qardaşları üçün bayram hədiyyələri də almışdı. Lahıca çataçatda: Daha çatırıq! – desə də evə özü yox, ölüm xəbəri çatdı.  Onu gətirən maşının qəsəbəyə girişdə olan körpüdən aşması səbəbindən o, daha bir neçə nəfərlə bərabər dünyasını dəyişdi. Rövşənin şair olması ölümündən sonra, əl çantasında olan dəftərin aşkarlanması ilə bəlli oldu…

Cəmi 23 il ömür sürdü. Yaşasaydı bu günlərdə 60 yaşı olacaqdı nakam şairin. İnsandan fərqli olaraq sözün ölməzlik qüdrəti var. Bunu bir çoxlarımız kimi, nakam şair Rövşən Niyallının bacıları Dilarə və Qəmzə də bilir və bundan təsəlli tapırlar. Artıq bir neçə ildir ki, bu bacılar rayonumuzda fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclisinə gəlir, ömrü yarıda qırılmış qaraşlarının bitkin, dolğun, mənalı, sanki yenicə yazılmış şeirlərini məclisdə səsləndirir, məclisdəkiləri kövrəltsələr də, qardaşlarının ruhunu şad edirlər. Elə bu səbəbdən Rövşən Niyallının (Ağayev Rövşən Yolçu oğlunun) bir neçə şeirini oxucularımıza təqdim edirik.

Ş.Dağlaroğlu

 

Mənim kəndim – Lahıcım

 

Dörd yanı dağlardır mənim kəndimin,

Girdiman əbədi nəğməkarıdır.

Hər kiçik beytimin, kiçik bəndimin,

Bu kiçik diyarın havadarıdır.

 

Silsilə qayalar, silsilə dağlar,

Füsunkar yaylaqlar, sərin bulaqlar,

Bəhərli torpaqlar, meyvəli bağlar,

Mənim Lahıcımın iftixarıdır.

 

Qabarlı əllərlə ucalan insan,

Öz el-obasından güc alan insan,

Bu dağlar qoynunda qocalan insan,

Deyirəm dünyanın bəxtiyarıdır.

 

Məhəbbətin hökmü

 

(Şair Ərəstun Əlizadəyə ithaf edirəm)

 

Şair şeir oxuyur, qulaq asıram,

Gül açır qəlbimdə şirin arzular.

Hər sadə kəlmədən alıram ilham,

Hər sadə kəlmədə min bir hikmət var.

 

Hər şeir qəlbidir gəlinin, qızın,

İstidə qəlblərə sərin su çilər.

Soyuqda gəl onun odunda qızın,

Hər qəmi, qubarı ürəkdən silər.

 

Elə bil tutaraq mənim əlimdən,

Yeni bir aləmə tanışlıq verir.

Burda özümü də unutmuşam mən,

Şeirlər qəlbimə hakim kəsilir.

 

Hər şeir çiçəkdir, hər şeir güldür,

Fəqət solmayacaq təravəti var.

Mənim ürəyimsə sevən bülbüldür,

Güllərin eşqiylə alışıb yanar.

 

Deyirlər, məhəbbət gözlərdən doğar,

Ürəkdən ürəyə axır indi o.

Bir eşqin gör necə bir qüdrəti var,

Qəlbimdə şimşəktək çaxır indi o.

 

Bata bilmirəm

 

Nə ağır olurmuş hicranın qəmi,

Gecələr fikirdən yata bilmirəm.

Ayrılıq yükünü, hicran qəmini,

Atmaq istəsəm də, ata bilmirəm.

 

Vüsalın şirindir, dodaqlarıntək,

Sən ki mənim üçün çiçəkdin, çiçək.

Nədən indi dönüb oldun kəpənək,

Tutmaq istəyirəm, tuta bilmirəm.

 

Mümkündür vüsala çatmaq dünyada,

Fəqət o atlıdır, mən bir piyada.

Mən ki od vururdum düşmənə, yada,

İndi bir hicrana bata bilmirəm.

 

Şərh Yaz