“DAĞ ÇİÇƏKLƏRİ”

* * *

Hərdən bu ağaca payız dolacaq,
Şirin xatirələr xəzəl olacaq.
Səni ağladacaq payızlarıyla,
Səni üşüdəcək sal buzlarıyla.
Bir də sızım-sızım göynəyəcəksən,
Sonra bu qışa da öyrənəcəksən…
* * *

Biri taleyinə bağlandı qaldı,
Biri şüşə kimi ölçüyə düşüb,
Pəncərə gözünə mıxlandı qaldı.
Qanad yorğun kimi, könül boş kimi,
O günə qayıtmaq deyilmiş asan.
Pəncərəsi bağlı qaranquş kimi
İndi nə bəklərsən, nə çırpınarsan…..
Musa Yaqub

 

Vətən

Ey üzü gül, ləbləri mərcanımız

 İ.Nəsimi

 

Ey daşı ləl, torpağı mərcanımız!
Qurban ola hər an sənə canımız.

Baş qoymağa qucağında saxla yer,
Ey Vətən adlı əziz ünvanımız!

 

Yox gözümüz torpağında kimsənin,
Sənsən hər an, hər dərdə dərmanımız.

Bu dünyada öyünmüşük səninlə,
Sən olmusan şöhrətimiz, şanımız.

 

Hansi dildə tərifini söyləyim?
Can verməli cənnətdir hər yanımız!

…Bir tozunu kimsələrə verməzdik,
Olmasaydı hardasa nöqsanımız.

 

Əlimizdən gedən ellər, obalar,
Dönər, əlbət, var hələ vicdanımız…

Almalıyıq haqqımızı halal, haqq,
Var almağa çox şükür, imkanımız?

Nazir Ziya, qoy başını öl onda,
Qarışmasa torpağa al qanımız.

Nazir Ziya Talıstanlı

 

Heç nə olmur

 

Boş vədələr dilində,
Sonu çatdı ilin də.
Yaxşılar dərd əlində,
Yamana heç nə olmur.

 

Düşmən var, ağla yanda,
Xeyri yox, ağla, yan da.
Buludlar ağlayanda,
Dumana heç nə olmur.

 

Gecəni sabah çəkir,
Bəzən gahdangah çəkir.
Həqiqətlər ah çəkir,
Gümana heç nə olmur.

 

Ay dolanır, il keçir,
Gözüm hələ rəng seçir.
Saatlar ömrü biçir,
Zamana heç nə olmur.

 

Dərdi var yazanın da,
Yazdığın pozanın da.
Taleyin qazanında,
Umana heç nə olmur.

Şahməmməd Dağlaroğlu

 

Gərəksiz  “gərək”lər

 

Deyirik hər fürsət itəndən sonra,
Hər işin məqamı ötəndən sonra:
“Ah, bunu vaxtında biləydim gərək,
Gərək tez gedəydim … gələydim gərək…
Alaydım …  Verəydim … Baxaydım gərək,
Duraydım … Girəydim … Çıxaydım gərək”.

“Gərək”lər gündəlik tərəfdaşımız,
Səsindən ağrıyır daim başımız.
Onlar bizim ilə əkiz doğulub,
Ömrümüz-günümüz “gərək”lə dolub.
Bu qarayaxadan bezardır ürək,
Yeyir canımızı min-min ac “gərək”.
Səhvdən daha artıq o verir kədər,
Gərəksiz şey yoxdur “gərək”lər qədər.

Hər səhvi ürəkdə etmə qara xal,
Yanlışdan düz dərsi öyrən ki, “beş” al!

Oqtay İsmayıllı

 

Qum saatır

 

Bir ömür yaşarıq səbrimiz üstə,

Arzu, diləyimiz, dərdimiz üstə.

Bizə gəl-gəl deyən qəbrimiz üstə,

Həyat şirin nağıl, bir bayatıdır,

Ömrümüz boşalan qum saatıdır.

 

Tapınıb qalmışıq sirri-Xudaya,

Kərəm diləyirik gələn qadaya.

Ayları, illəri biz saya-saya

Çapırıq, dünyanın kəhər atıdır,

Ömrümüz boşalan qum saatıdır.

 

Çırpır üzümüzə, çırpır sərt külək,

Çiçəkdən bal yığsaq, qalar boş pətək.

Hər gün ələdiyin ələyir fələk,

Göylərin oyunu, bu şahmatıdır,

Ömrümüz boşalan qum saatıdır.

 

Budur cığırımız, budur yolumuz,

Yağır yağışımız, tökür dolumuz.

Burulur arxaya polad qolumuz,

Bu hələ mahnının nəqəratıdır,

Ömrümüz boşalan qum saatıdır.

 

Nəyə arxayınsan, zavallı insan?

Sabah torpaq altda zərrəsən, qumsan.

Yapışıb dünyanı elə tutmusan,

Ruhumuz Tanrının amanatıdır,

Ömrümüz boşalan qum saatıdır.

Murad Mərrəmov

 

Min doqquz yüz otuz yeddi

 

Min doqquz yüz  otuz yeddi nələr deyir,

Güllələnmə, haqsız ölüm, dar ağacı.

İgid-igid, ər oğullar qandallandı,

Neçə gəlin həyat sürdü acı-acı.

 

Neçə qadın çalmasından çadır qurdu,

Ər yolunu gözləməkdən bezar oldu.

Neçə papaq asılqanda məhbus kimi,

Açılmamış fidan-fidan güllər soldu.

 

Min doqquz yüz otuz yeddi burulğantək

Qarşısına çıxanları alıb getdi.

Örpəkləri açılmamış gəlinlərin,

Sinəsinə yara vurdu, dağ-dağ etdi.

 

Məhəbbəti əllərindən üzülənlər,

Zəmilərdə, xırmanlarda vəl sürdülər.

Ərlərinin qisasını almaq üçün,

Özləri meydanlara ərtək girdilər.

 

Min doqquz yüz otuz yeddi nələr yazdı…

Min bir qəlbə, min bir cana vurdu yara.

Fürsət ola, o igidlər geri dönə,

Xəcalətdən utanc üzü ola qara!

stəm Məbudoğlu

 

20 Yanvar

 

… Nəğmələr titrəyib susdu dodaqda,

Çiçəklər islandı al qan içində.

Soyuq yanvar günü Dağüstü parkda,

Yüz məzar qazıldı bir an içində.

 

Papaqlar başlardan uzaq düşdülər,

Çəkmələr yol üstə qalaqlandılar.

Kövrək ürəklərdə yanan arzular,

Torpağın üstündə çıraqlandılar.

 

O nə fərman idi, nə oyun idi,

O nə ordu idi, körpəyə qıydı?

Toyun ertəsi gün bəylə gəlini

Güllə yarasıyla torpağa qoydu.

 

Sonra da böhtanlar həddini aşdı,

O böhtan daşları kimlərə dəydi.

Müşfiqin yarası sağalmamışdı,

Xəlilin yarası qəddimi əydi.

 

Qəlbim yaş içində, gözlərim quru,

Ey qatil, bu mənim öz vüqarımdır.

Şəhid övladların məzar daşları,

Çiynimdə rütbələr, paqonlarımdır.

brayıl Hüseyn

 

Könlümün

 

Məhəbbətin, hərarətin təşnəsi,
Damarında qan odludur  könlümün.
Bir ilğım at göyərsin hər guşəsi,
Yaz həvəsi inadlıdır  könlümün.

 

Bir dəryadır, baş vurmağı bacarsan,
Vara bilsən, yuva kimi qucarsan.
Bir səmadır, sevə bilsən uçarsan,
Arzuları qanadlıdır könlümün.

 

Bir sevdadır, baxışımdan hey daşan,
Həsrətimdir kirpiyimdən sallaşan.
Nağıllaşan, şirinləşən, ballaşan,
Xəyalları nə dadlıdır könlümün.

Xatın

 

Belə qorxuram

 

Çağırdılar məni cavab vermədim,

Adamdan, insandan belə qorxuram.

Yetərli sayıla, ya sayılmaya,

Dəvadan, dərmandan belə qorxuram.

 

Çağırası olam, yaxın gəlməyə,

Başı ata yerə, ölə, ölməyə.

Ovçu yaralaya, qaça bilməyə,

Maraldan, ceyrandan belə qorxuram.

 

Üst-başdan getməyə məndə qala o,

Hökmünü göstərə, dərdə sala o.

Nöqsanlı kəslərdən gəlmiş ola o,

Ləkədən, nöqsandan belə qorxuram.

Tamam Qarayeva (Nur Tağlabiyanlı)

 

Eyləyir

Yenə dolmuş ürəyim, içində üsyan eyləyir,
Könlüm pərvazlanır, duyğular tüğyan eyləyir.

 

Bağ içrə bağbandı hissim, bəsləyir arzumu,
Dil açır istəklər, gözümdə fəğan eyləyir.

 

Namələr yazılmış müqəddəs ruhun adına,
Ruhum onlardan xəbərsizdi, cövlan eyləyir.

 

Pirdir, ocaqdır yollarım, Tanrı yolundadır,
İlahi qüvvələr, fikrimi rəvan eyləyir.

 

Haqqım öz halalımdır, şükürlər olsun yenə,
Haqq özü Mehrini tabi-təvan eyləyir.
Mehriban  İbrahimova

 

Qalammaz

 

Köz baş-başa  yığılmasa,

Qalanmaz, ocaq qalanmaz.

Piltəsində yağ olmasa,

Nurlanmaz çıraq, nurlanmaz.

 

Dağ çayı axıb, sulanar,

Yamacda lalə allanar.

Dayaz gölməçə bulanar…

Bulanmaz dərin, bulanmaz.

 

Köçdən azan qalar dala,

Yoldan dönən gəlməz yola.

Bulaşmasa barmaq bala,

Yalanmaz, vallah, yalanmaz.

 

Kösöv səndən, tüstü məndən,

Ocaq səndən, isti məndən.

Vüsal olsa tüstüsündən…

Sulanmaz, gözüm, sulanmaz.

 

Bir gün yox olar qaranlıq,

Ordan çəkilər dumanlıq.

Yüz il də belə bulanlıq…

Qalammaz, Araz qalammaz.

qar Vaqifoğlu

 

İstəmirəm

 

Minnətə bürünən iş istəmirəm,

Ya qohum-qardaşdan, ya da ki, yaddan.

Minnətsiz döyünür sinəmdə ürək,

Minnətsiz yaşayıb çıxaram yaddan.

 

Ürəyin istəsə məni bir səhər,

Evimə qonaq gəl, pay istəmirəm.

Xətrimi tutanı özünlə gətir,

Minnətli qonaqdan say istəmirəm.

 

Halaldı süfrəmdə duzum, çörəyim,

Minnətli düyüdən aş istəmirəm.

Heç uzun ömür də deyil gərəyim,

Minnətli yaşanan yaş istəmirəm.

Nazilərova

 

Kirpiyiməqini düz

 

Baxıram həsrət selinə,

Payızın xəzan yelinə.

Eşqimin qızıl telinə,

Kirpiyimə eşqini düz.

 

Eşq zənciri qollarımda,

Yar dayanmış yollarımda.

Havalanan hallarımda,

Kirpiyimə eşqini düz.

 

Görüş eşqin ədasıdır,

Qəmzəsidir, qadasıdır.

Ürək yarın sədasıdır,

Kirpiyimə eşqini düz.

 

Kövrəlib töküm yaşımı,

Eşqlə bəzəyək qaşımı.

Köksünə qoyum başımı,

Kirpiyimə eşqini düz.

Surəbrayılova

 

Nəğsi ilə

 

Ağlayan güldürür, gülən ağladır,

Ağlamaq olmasa, gülməyə dəyməz,

Elinə, obana fayda verməsən,

Mənasız həyata gəlməyə dəyməz.

 

Zaman sonsuzdur, ömürsə qısa,

O qısa ömürün yükü ağırdır.

Payız da növbəsin verəcək qışa,

Qışın da papağı, kürkü ağırdır.

 

Nə qədər çox ömür sürsən həyatda,

Çalış o ömrünü faydalı yaşa.

Nə olsun, göylərə ucalan dağ da,

Bağlıdır  torpağa, bağlıdır daşa.

 

Çəmənli düzlərdə gəzər marallar,

Quşlarsa səs salar meşəyə, düzə.

Xarabalıq gəzər yalnız bayquşlar,

Hər an  kor baxarlar günə, gündüzə.

 

Gecəyə şahidlik eyləyər onlar,

Zülməti oyadar sanki səsilə.

Gecəni, gündüzü  hər fəsil quşlar,

Sevdirər insana öz nəğməsilə.

Mirəli İsmayıllı

 

***

Sinən edam kürsüsü, nəfəsin cəllad olsa,
Ən günahkar qul olub, qarşında diz çökərəm.
Əllərin ağ göyərçin, tellərin ilan olsa,
Ovcumda yuva qurub, buxağından öpərəm.

 

Gözlərinlə gözümə dərdlərini yazanım,
Ürəyimi qoparıb hörüyündən asaram.
Nəfəsimi boynunun ətrinə qurban kəsib,
Gülüşünü qanayan yaram üstə basaram.

 

Mənim ağıllı dəlim, dəli bir istəyimsən,
Günahına batdığım cənnətin meyvəsisən.
Döndərmisən üzümü sevginin qibləsinə,
Can üstə qulağıma dolan azan səsisən.

 

Gecikən alın yazım, boş qalan qucaq yerim,
Səbrimin daşmasını gözləyən dodaq yerim.
Ruhumu əsir edən, bir titrək pıçıltının
Həsrətindən közərib alışan ocaq yerim.

 

Sahildən küsən gəmim, içimi didən qəmim,
Qollarında yurd salım sən məndən şahlıq dilə,
Gəl üşüyən ömrümü isit od nəfəsinlə,
Döndərmə can umduğum dodaqları qatilə.

 

Sinən edam kürsüsü, nəfəsin cəllad olsa,
Ən günahkar qul olub qarşında diz çökərəm,
Əllərin ağ göyərçin, tellərin ilan olsa,
Ovcumda yuva qurub, buxağından öpərəm.

Turac Hilal

Şərh Yaz