Şəhidlər unudulmayacaq

17 yanvar 2020-ci il tarixdə şəhid Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbində 20 Yanvar hadisələrinin 30 illik anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İsmayıllı RİH başçısının Basqal qəsəbə İƏD-i nümayəndəliyinin, qəsəbədəki müəssisə və təşkilatların nümayəndələri, həmçinin qəsəbə sakinləri iştirak ediblər. Vətənin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Basqal qəsəbə tam orta məktəbinin icraçı direktoru Yeganə Ağayeva açıb.

Y.Ağayeva çıxışında 1990-cı ilin 20 Yanvar hadisələrinin xalqımızın tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. İnsanların qan yaddaşına yazılan acı, qanlı-qadalı tarixi həqiqətlərdən danışıb.

Qanlı Yanvar hadisələrinin canlı şahidləri, Basqal qəsəbə icra nümayəndəsi Novruz Əsədov və Basqal qəsəbə bələdiyyəsinin sədri Nadir Şəfiyev çıxış edərək, şəhidlərimizin qanının hədər axmadığını, bugünkü müstəqilliyimizin bünövrəsinin həmin gün, şəhidlərimiz tərəfindən qoyulduğunu qeyd ediblər.

Məktəbin tarix müəllimi Kazım Bağırlı 20 Yanvar faciəsi barədə məruzə ilə çıxış edib. Basqal dini icmasının sədri Həsən Abdullayev şəhidlərimizin ruhuna dualar oxuyub. Tədbir məktəb şagirdlərinin şəhidlər haqqında səsləndirdikləri şeirlərlə başa çatıb.

Tədbir Basqal qəsəbəsinin şəhidləri – Rəmzi Novruzov, Fəxrəddin Ağayev və Elman Əliyevin məzarlarını ziyarət olunması ilə davam edib.  Şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə qərənfillər düzülüb.

Xalqımız heç vaxt Vətən uğrunda canını qurban vermiş şəhidlərimizi unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq. Allah şəhidlərimizə rəhmət etsin.

yyaz Mustafayev,

Basqal qə icra nümayəndəsinin müavini

Şərh Yaz