LEGO Education nədir?

LEGO 1949-cu ildən etibarən oyuncaqlar istehsal edən Danimarka şirkətidir. LEGO  latın dilində birləşdirirəm deməkdir. Danimarka dilində isə “yaxşı oyna” mənasını verən “legt goolt” sözlərinin birləşməsindən  yaranmışdır. İlk vaxtlar oyma taxtalardan hazırlanan konstruktorları, zaman keçdikcə plastikdən hazırlanmağa başlamışlar. Ötən əsrin 60-cı illərindən orta məktəblərdə LEGO konstruktorları müxtəlif fənnlərin tədrisi zamanı istifadə edilib. Tədricən dünya bazarında yer tutan şirkət  1980-cı ildən təhsil məhsullarının istehsalı üçün  ayrıca bir şöbə təşkil etməyi qərara alır.

Şirkətin təhsil məhsulları günümüzdə “LEGO Education” markası altında satılır. Məhsullar bütün yaş qruplarına məxsus uşaqlar  üçün istehsal olunur.

Bildiyimiz kimi, hər bir yaş dövrünün özünəməxsus yaş xüsusiyyətləri, təfəkkürü, psixoloji xüsusiyyətləri vardır. Bu baxımdan da yuxarıda sadaladığımız proqramlara LEGO-nun pillələri və yaxud səviyyələri də demək mümkündür. Ümumiyyətlə, LEGO Education XXI əsrin tələblərinə uyğun olaraq  təhsildə tətbiq edilən bir sistemdir.  Bu sistem uşağı “0” yaşından başlayaraq, ixtiralara və kəşflərə doğru istiqamətləndirir. Günbəgün yeniləşən dünyada hər bir sahədə standartlar dəyişdiyi kimi, təhsil sahəsində də  bu dəyişikliklər baş verməkdə davam edir.

Bu sistemdən uşaq bağçaları ilə yanaşı, orta məktəb və digər təhsil müəssisələrində tətbiq olunur. LEGO konstruktorları uşaqların yaş dövrlərinə uyğun olaraq, onların həm harmonik, həm də məntiqli düşüncələrinin formalaşması üçün sonsuz imkan yaradır. Qruplarla aparılan oyunlar  zamanı uşaqlarda birgə əmək, dialoq qurmaq, əməkdaşlıq,  öz fikirlərini müstəqil şəkildə izah etmək və s. kimi xüsusiyyətləri də formalaşdırır.  Bir sözlə, LEGO Education dərslərinin əsas məqsədi, müstəqil düşüncəli, yaradıcı insan yetişdirməkdir. LEGO konstruktorları müəllimə dərsi maraqlı və cəlbedici etməyə imkan yaradır. Müəllim həm də bu konstruksiyalardan didaktik  vasitə kimi də istifadə edir.  Uşaq LEGO Education dərslərində ona həyatda faydalı ola biləcək bilik və bacarıqlara yiyələnir. Elm və texnologiyanın inkişafı təhsil sistemindən də yan keçməmişdir. Bu inkişaf təhsil sahəsində də robotların daxil olması üçün imkan yaratmışdır.

Artıq həm ölkəmizdə, həm də dünya təhsilində  robotlardan istifadə olunur. Robotları artıq təkcə alimlər deyil, orta məktəb şagirdləri də hazırlaya bilirlər. LEGO Education sisteminin tərkibində LEGO Robototexnika adlı proqram vardır ki, bu 6-14  yaşlı uşaqlar üçün təlim və inkişaf proqramıdır. Bu proqram sadə konstruksiyaların toplanması ilə başlayır və real  robotların proqramlaşdırılması ilə davam edir. Dəqiq elmlər haqqında biliklərə malik olan uşaq bilikləri praktiki tətbiq edərək, fizika, riyaziyyat, informatika elmlərinin qanunları ilə əyani olaraq tanış olur. LEGO Mindstorms adlı proqram – proqramlaşdırıla bilən robot və qurğular üçün yaradılmışdır. Bu proqram ilk dəfə 1998-ci ildə tanınıb. Robototexnika uşaq üçün təcrübədir, praktikadır. Fiziki qurğuların-senorların, dişli çarxların iş prinsipini  öyrənmək – gələcək mühəndis üçün gələcəyə işıqlı yol açır. Hətta LEGO şirkətinin “Öyrənməklə həyatını yaxşılaşdır” adlı sloganı vardır.

Artıq ölkəmizdə də mühəndislik və robot texnologiyası üzrə olimpiadalar keçirilir. Keçirilən olimpiadalar, müxtəlif qlobal, elmi və texnoloji problemlərə həsr olunur. Sevindirici haldır ki, respublikamızda robot texnologiyaları üzrə kurslar da fəaliyyət göstərir. Bu da şagirdlərimizin (uşaqlarımızın) elm və texnologiyaya marağınin artdığını göstərir.

Zarema Əliyeva

 

Şərh Yaz