Bədii Şurasının iclası keçirilib

Azərbaycan Dövlət Televiziyası nəzdində yaradılmış Bədii Şura yerlərdə ictimayyətlə səyyar görüşlər keçirir, televiziyamızın bugünkü durumu, aktual problemləri, verilişlərin təşkilindəki müsbət və çatışmazlıqların müzakirəsini təşkil edir.

Bədii Şuranın Gəncədən sonra ikinci görüşü İsmayıllıda baş tutub. Əvvəlcə Bədii Şura üzvləri və rayon rəhbərliyi tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər qoyulub. Rayon Mədəniyyət Mərkəzinin 300 nəfərlik zalında keçirilən görüşdə Bədii Şura üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və aparat işçiləri, ictimaiyyət nümayəndələri, gənclər, rayon ziyalıları, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.

Görüşü giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov açıb, Bədii Şuranın fəaliyyətinə uğurlar arzulayıb. Azərbaycan Dövlət Televiziyasının ölkəmizdə ilk televiziya kanallarından olduğunu, bu gün dövlət siyasətini uğurla təbliğ etdiyini, milli və dövlət maraqlarımızın qorunmasında əsas rol oynadığını diqqətə çatdırıb.

Bədii Şuranın üzvü, şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verib, bu məsələdə televiziya tamaşaçılarının rəy və təkliflərinin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Bədii Şuranın üzvü Fəxriyyə Xələfovanın çıxışı maraqla qarşılanıb. Bəstəkar Faiq Sücəddinovun, müğənni Mübariz Tağıyevin ifa etdikləri mahnılar görüşə xoş ovqat qatıb.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Əməkdar müəllim Mirvari Musayeva, şəhər 3 nömrəli məktəb-liseyin müəllimi Famil Əhmədzadə çıxış edərək Ana televiziyamızın bugününü necə görmək istədiklərini, verilişlərin təşkilində milli ruhun, vətənpərvərlik, azərbaycançılıq idealogiyasının gücləndirilməsinin, Azərbaycan dilinin saflığlının qorunmasının vacib şərtlərdən olduğunu bildiriblər.

“Niyal” insturmental ansamblının solistləri Sahibə Abdullayeva və Rövşən Teyyubovun mahnı təqdimatları ilə tədbir sona çatıb.

Şərh Yaz