Maraqlı keçən idman yarışları

Təhsil işçilərinin asudə vaxtlarını səmərəli keçirtmək məqsədi ilə İsmayıllı rayonu təhsil müəssisələrində çalışan müəllimlər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat, voleybol və tennis yarışlarının rayon birinciliyi keçirilib və qaliblər müəyyən olunub.

Yarışlarda rayonun 55-dən çox təhsil müəssisəsindən 110  nəfərdən çox şahmat, voleybol və tennis həvəskarları iştirak edib. Gənc müəllimlərlə yanaşı, yaşı 50 və 60-ı ötmüş təhsil işçiləri də bu gözəl idman yarışlarında öz güclərini sınayıblar.

Ötən illərdə olduğu kimi, builki şahmat yarışında şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Cahangir Niftalıyev I yeri, şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi Arif Mirzəyev II yeri, Hacıhətəmli kənd tam orta məktəbinin müəllimi Yadulla Abdullayev isə III yeri tutub.

Sevindirici haldır ki, bu qədim intellektual idman yarışında qadın müəllimlər də öz güclərini sınayıblar. Hacıhətəmli kənd tam orta məktəbinin müəllimi Pərinaz Əliyeva və Bizlan kənd ümumi orta məktəbinin müəllimi Fəridə Rəşidli bu idman növündə fərqləniblər.

Keçirilən digər yarışlar da maraqlı olub. Gərgin keçən voleybol yarışında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin (İDHTK) müəllimləri I, şəhər 3 nömrəli məktəb-liseyin müəllimləri II, Diyallı və Hacıhətəmli kənd tam orta məktəblərinin kollektivləri III yeri tutublar.

Tennis üzrə yarışda isə Sənan Abdullayev (İDHTK-nin müəllimi) -I yeri, Balakişi Xudiyev və Vidadi Səmədov (şəhər 3 nömrəli məktəb-liseyin müəllimləri) müvafiq olaraq II və III yeri tutublar.

Qaliblərin hər biri  və fərqlənən təhsil işçiləri RTŞ və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Hafiz  Kərimov,

ATİAHİ İsmayıllı RK-nin sədri        

 

Şərh Yaz