Yeniyetmələr və pis vərdişlər

İnsan həyatı anadan olandan ölənə qədər bir neçə mərhələdən keçir. Bunlar çağalıq, uşaqlıq, yeniyetməlik, gənclik, orta yaş və qocalıq dövrləridir. Bu mərhələlərdən ən çətin və böhranlı keçən mərhələ yeniyetməlik dövrüdür. Yeniyetməlik insan həyatının elə bir dönəmidir ki, bu etapda insan  uşaqlıq dövründən çıxıb, yeni bir dönəmə keçid edir. Bu baxımdan yeniyetməlik dövrünü keçid dövrü adlandırırlar. Yeniyetməlik dövrü 11-16 yaş aralarını əhatə edir. Bu dönəmdə orqanizmdə psixoloji, fizioloji və bioloji dəyişikliklər, bir sözlə hormonal inkişaf baş verir. Hər bir yaş dövrünün  özünə məxsus xüsusiyyətləri olduğu kimi, yeniyetməlik dövrünün də öz xüsusiyyətləri vardır. Hər bir yeniyetmə də bu dönəmi spesifik olaraq keçirir. Orqanizm fizioloji olaraq dəyişikliklərə adaptasiya olduğu kimi, onun psixi halı da bu dəyişikliklərə uyğunlaşır. Dəyişiklik bəzi yeniyetmələrin aqressiv, bəzilərinin isə qapalı davranmasına səbəb olur. Uşağın yanında bu dövrdə tolerant ailənin olması vacibdir. Öz mənini qabardan, avtonomluq əldə etmək istəyən, öz fikirlərinin daha da düzgün olduğunu düşünən yeniyetmə, ailə tərəfindən anlaşılmadıqda, kənarda onu anlayan insanlara ehtiyac duyur. Tədricən “kütlə” və yaxud  “məhəllə” sindromunun təsiri altına düşərək, dostlarının, məhəllədəkilərin sözlərini dominant tutur. Kiçik yaşlarından valideynin uşağı dinləməsi, dinləmənin getdikcə dostluğa çevrilməsi uşağın çəkinmədən valideyni ilə dərdləşməsi, problemini maneəsiz bölüşməsi yeniyetməlik periodunun sakit keçməsinə səbəb olur.

Yeniyetmələrin pis vərdişlərə yiyilənməsinin ilk səbəbi kimi qeyri-tolerant ailə mühiti göstərmək olar. Tədqiqatlar göstərir ki, ailənin dəstəyini hiss etməyən, natamam ailələrin, təhsildən yayınmış uşaqlar bu  yaş dövründə  həm sosial şəbəkələr vasitəsi ilə, həm ətrafındakı insanlar tərəfindən  müxtəlif sosial çevrələrin əhatəsinə  düşərək mərc oyunlarının, narkotik, oğurluq, siqaret, alkoqol kimi pis vərdişlərə yiyələnirlər. Yeniyetmələrin pis və zərərli vərdişlərə meyillənməsində, musiqinin rep, rok, meyxana yaşlarının, bəzi ədəbiyyatların və yeniyetmələrin yaş dövrlərinə uyğun olmayan şiddət aşılayan filmlərin böyük təsiri vardır. Mütəxəssislər vurğulayırlar ki, musiqi böyük təsir vasitəsinə malikdir. Onun vasitəsilə insanı hər yola çəkmək mümkündür. Son zamanlar KİV-də tək-tək yeniyetmələrin cinayət törətməsi xəbərlərinə rast gəlirik. Uşaq, yeniyetmə yetişdirən hər bir ailə psixoloqla sıx əlaqədə olmalıdır. Valideynlər psixoloji cavabdehliyə malik olmalı, hansı yaşda uşaqla necə davranmalı olduqlarını bilməlidirlər.

Zarema Əliyeva

Şərh Yaz