Öndərin xatirəsi ehtiramla yad edilib

İsmayıllı rayon Sərdahar kənd ümumi orta məktəbində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan” mövzusunda məktəblilərin hazırladığı əl işləri sərgisinə baxış keçirlib.

Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən məktəbin direktoru Firəngiz Aslanova ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, Ümummilli liderin uşaqlara daim qayğı ilə yanaşdığını vurğulayıb. F.Aslanova böyük siyasi xadim Heydər Əliyevdən sitat gətirərək deyib : “Uşaqlar bizim gələcəyimizdir. Biz onları necə tərbiyə edəcəyik, necə öyrədəcəyiksə, bu cür gələcək də bizi gözləyir”.

Sonda məktəblilərin ifasında şeirlər səsləndirilib. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film və videoçarx nümayiş etdirilib.

Anım günü münasibəti ilə Sərdahar kənd ümumi orta məktəbində ağacəkmə aksiyası keçirilib. Aksiyada məktəbin müəllim və şagird kollektivi iştirak edib. Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması və gənclərin Ümummilli liderin ideyaları ətrafında birləşdirilməsi olub.

“Tədbirlər planı”na uyğun olaraq Sərdahar kənd ümumi orta məktəbində rəsm və əl işləri sərgisi, idman yarışları, inşa yazı müsabiqəsi də təşkil olunub.

E.Qasımova

Şərh Yaz