Siçanabənzər gəmiricilər əleyhinə mübarizə vacib tədbirlərdəndir

Siçanabənzər gəmiricilər müxtəlif qidalarla qidalanan təhlükəli zərərvericidir. Bu gəmirici ona görə təhlükəli hesab olunur ki, onlar güclü sirayətlənmiş taxıl sahələrində məhsuldarlığa 55-60 faiz ziyan vura  bilir. Çöl siçanları kənd təsərrüfatı bitkilərinə daha çox ziyan vurur. Adi çöl siçanı il ərzində 7-10 nəsil və hər dəfə orta hesabla 5 bala verir. Əlverişli şəraitdə bir siçan cütlüyü çoxalaraq 8-9 nəslin inkşafı dövründə sayını 1200-1800 çatdıra bilir. Çöl siçanı yeraltı yuvalar qazaraq orada məskən salır. Hər yuva sistemi 1-3 kv.m, hətta, 5 kv.m. sahəni əhatə edir. Yuvanın dərinliyi 10-85 sm arasında dəyişir. Yuvanın yerüstü çıxacağı 4-12 arasında dəyişir.

Çöl siçanı fəsildən asılı olaraq qidasını dəyişir. Qışda və yazda əsasən yaşıl bitkilərlə, yayda isə arpa, buğda və digər dənli bitkilərin dənləri ilə qidalanırlar.

Siçanabənzər gəmiricinin inkşafı əsasən dörd mərhələ ilə müşahidə olunur.

Depresiya (ən az saya malik mərhələ), çoxalma mərhələsi, yayılma mərhələsi, pik mərgələsi. Çöl siçanları qarsız güclü şaxtalara və bədənin islanmasına çox həssasdırlar. Belə şəraitdə istiqanlı kiçik məməlilər bədən temperaturunu tənzimləyə bilmir, nəticədə kütləvi ölüm baş verir. Qar örtüyünün qalın olduğu və ərimədiyi şaxtalı hava şəraitində onların kütləvi məhv olmaması ilə müşahidə edilir.

Quşlar, yırtıcılar (gəlincik,safsar, tülkü) və s. amillər siçanabənzər gəmiricilərin miqdarının azalmasında müəyyən qədər iştirak edirlər. Onların miqdarının azaldılması üçün aqrotexniki və qırıcı tədbirlərin əhəmiyyəti böyükdür.

Aqrotexniki mübarizə tədbirləri zamanı gəmiricilərin yaşayış yerində ekoloji şəraiti əlverişsiz hala salmaq (yuva və sığınacaq yerlərini dağıtmaq,  yem bazasını məhdudlaşdırmaq, xəstəliklərə səbəb olacaq suvarma aparmaq və s.) tələb olunur.

Kimyəvi mübarizə tədbirləri gəmiricilərin sayı iqtisadi ziyanvermə həddini keçdikdə və yeni ərazilərə yayılma təhlükəsi olduqda tətbiq edilir. Ərazilərimizdə əsasən sink fosfid və təsiredici maddəsi brodifakum, bromadiolon və flokumafen olan antikoaqulyantlardan istifadə olunur.   Həmin preparatlardan aldadıcı yem hazırlanaraq mübarizə aparılır. Gəmiricilərin mədəsinə düşən sink fosfid xlorid turşusu ilə reaksiyaya girərək fosfin ayrılmasına səbəb olur. Fosfin qazı qana və beyinə daxil olaraq, tənəffüs sisteminə təsir edir, gəmiricinin məhvinə səbəb olur.

Sink fosfid havadakı rütubətlə və su ilə təmasda olduqda hidrolizə uğrayaraq, fosfin ayrılmasına və preparatın keyfiyyətinin pisləşməsinə səbəb olur. Preparatın tətbiqi zamanı bu xüsusiyyət nəzərə alınmalıdır.

Aldadıcı yemin hazırlanması zamanı dənlərdən, günəbaxan tumundan, yarma, kəpək, kombinə edilmiş yemlərdən və s. istifadə edilir. Aldadıcı yemin 1 kiloqramını hazırlamaq üçün 950 q. buğda dəni, 25 q. sink fosfid və bir xörək qaşığı günəbaxan yağı gotürülərək qarışdırılır. Çöl siçanları əleyhinə bioloji səmərəliliyi artırmaq məqsədi ilə preparatın miqdarını 10 faizə qədər artırmaq məqsədəuyğun hesab edilir.

Hazırlanmış aldadıcı yem hər işlək yuvaya 3 q. (0.5 çay qaşığı) aldadıcı yem qoyulur. Siçan fərdinin letal dozanı qida ilə alması üçün aldadıcı yemdən 0.15 q (5 zəhərli dən) yeməsi kifayətdir.

Təsiredici maddəsi brodifakum,bromadiolon və flokumafen olan prepratlardan istifadə zamanı gəmirici, letal dozanı qəbul etdikdən sonra qanın laxtalanma səviyyəsi kəskin aşağı düşür. Daxili və xarici zədələnmə zamanı daxili qanaxmaya və ölümə (3-7 gündən sonra) gətirib çıxarır.

Sahədə çöl siçanları əleyhinə aparılan tədbirlərin bioloji səmərəliliyini yüksəltmək üçün bəzi obyektiv və subyektiv maneələr mövcuddur. Bu maneələrin birincisi kiçik pay torpaqları sahiblərinin mübarizə tədbirlərinə eyni cür münasibət göstərməməsidir. Yəni mütəşəkkil qaydada  aqrotexniki, mexaniki, kimyəvi mübarizə tədbirlərinin vaxtında aparmamasıdır. Mübarizə aparılan sahə ilə qonşuluqda olan  mübarizə aparılmamış sahədən gəmiricilərin sirayətlənməsi asanlıqla baş verir və bu da səmərəliliyin azalmasına gətirib çıxarır. Bu problem təkcə gəmiricilər ilə mübarizə istiqamətində deyil, bitkilərin kompleks mühafizəsi məsələsində ciddi problemlər yaradır ki, bu da məhsulun keyfiyyətinin və kəmiyyətinin azalmasına səbəb olur. Odur ki, belə problemlərin həllini yalnız torpaqların istehsal kooperativlərində, kooperasiyalarda birləşməsində həll etmək mümkündür.

Aldadıcı yemlərin hazırlanması zamanı sanitar-gigiyenik tələblərə və ekoloji təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Zəhərli yemlərin hazırlanmsı, daşınması və yuvalara qoyulması zamanı xüsusi geyim formalarından, əlcək və respiratordan istifadə edilməli, dərmanlanmış sahələr xəbərdaredici nişanlarla təmin olunmalıdır. Dərmanlama başa çatdıqdan sonra boş qab, qutu və istifadə olunmuş birdəfəlik ləvazimatlar toplanaraq zərərsizləşdirilməlidir.

Akif Ədov,

İsmayıllı rayon BMM-nin rəisi                        

 

Şərh Yaz