Şəhid sevgilisi

Həsrətlə gözünü dikib qapıya,
Ölümün yolunu gözləyən qadın.
Baxıb Əzrailə gülümsəyirsən,
Göz yaşı axıdır qəmli övladın.

Nələr düşünürsən, indi nələr sən?
Gözünün önündən gəncliyin keçir.
İllərdir qəlbində gizlətdiyin dərd,
Bu gün ürəyindən əbədi köçür.

Köksünə sıxdığın solğun məktuba,
Yazılıb: “Döyüşə gedirəm, gülüm,
Qayıtsam, baharda toyumuz olar,
Dönməsəm… Əsgərə şərəfdir ölüm!

Məni ürəyində yaşat, amma bil,
Ruhum incik düşər sən tənha qalsan.
Ölsəm, Vətənimi qorumaq üçün,
Bir mərdə yar olub, oğul doğarsan!”

Bu son məktub oldu, ilk sevdasından,
Vətənin yolunda o sinə gərdi.
Üçrəngli bayrağı öpüb son dəfə,
Qanlı sinəsinin üstünə sərdi.

O gündən göz yaşı qəlbinə axdı,
Bir şəhid eşqilə əridi gözəl.
O son vəsiyyətə əməl edərkən,
Sanmayın unutdu, kiridi gözəl.

O güllə yarası qaysaq tutmadı,
Hələ də ağrıdır, hələ incidir.
Sevinir, gözləyən Əzrail deyil,
Onu aparmağa gələn eşqidir!

Əsgər məktubunu verib oğluna,
– Sən saxla yadigar, gedirəm, – dedi.
– Səni Allahıma, sənəsə, oğlum,
Vətəni əmanət edirəm, – dedi.

Bir oğul qəlbində qisasa döndü,
O igid bağrına sancılan güllə.
Göz yaşı tökməyin, ağı deməyin,
Onu yola salın çiçəklə, güllə.

Tabuta sərilən qanlı bayrağı,
Gətirin, duvaq tək üzünə salın.
Bir şəhid ruhuna gəlin köçür o,
Г‡alın, “Azərbayçan himni”ni, çalın!!!
Turac Hilal

Şərh Yaz