İntelektual mövzularda tədbir

İsmayıllı Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyi ilə “İrəli” ictimai birliyinin həyata keçirdiyi “Azərbaycanın intelektual birincisi” layihəsi çərçivəsində “Nə? Harda? Nə zaman?”, “Xəmsə”, “Vətəni tanı” və “Axtar, tap” intelektual mövzularında rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin və İsmayıllı, Ağsu, Qobustan rayonlarını təmsil edən 60 nəfər gəncin iştirakı ilə noyabr ayının 11-də yarış keçirilib
İntelektual mövzularda tədbir

Yarış Dövlət himninin səsləndirilməsi ilə açılıb.
Tədbirdə çıxış edən “İrəli” ictimai birliyinin baş katibi Şahin Rəhmanlı bildirib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin intellekt səviyyəsinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür.
Daha sonra çıxış edən İsmayıllı rayon Gİİ-nin rəisi Taleh Salehov gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanmasında bu qəbildən olan lahiyələrin rolundan danışıb.
Tədbirin ikinci hissəsində mübarizəyə start verilib. İştirakçılar dörd intellektual oyun – “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı” üzrə mübarizə aparıblar. “Xəmsə”, Nə? Harda? Nə zaman?” və “Axtar tap” mövzusunda İsmayıllı komandası birincilik əldə edib. Qobustan komandası doğma rayona “Vətəni tanı” mövzusunun qalibi kimi qayıdıb.
Qalib komandalara diplomlar təqdim olunub. Onlar Bakı şəhərində keçiriləcək, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan intellektual oyunların final mərhələsinə vəsiqə qazanıblar.
S.Əzizov

Şərh Yaz