Hamının ilkin yardım göstərə bilməsi vacibdir

2000-ci ildən etibarən hər il sentyabr ayının ikinci şənbəsi “Ümumdünya İlk Tibbi Yardım Günü” kimi qeyd olunur.
Bu tarix Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə təsis edilib. Günün əsas məqsədi bədbəxt hadisələr zamanı insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərin necə yardım göstərməsini öyrətməkdir.
Hamının ilkin yardım göstərə bilməsi vacibdir
Hamının ilkin yardım göstərə bilməsi vacibdir       Bu sahədə professional yardım əlbəttə ki, həkimlərin işidir, lakin polis və xilas edənlərin də düzgün ilkin yardım göstərə bilməsi vacibdir. 14 sentyabr 2017-ci il tarixdə Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Qızıl Aypara Cəmiyyəti Prezidentinin müşaviri Elşən Səlimzadə, rayonun idar və müəssisələrində çalışan işçilər və məktəblilər iştirak edib.
Tədbiri R.Ağayev açaraq ilk yardımın mahiyyəti barəsində məlumat verib. Sonra E.Səlimzadə ilk yardımın yaşdan, əldə olunan biliklərdən asılı olmayaraq hər kəs tərəfindən qavranılmalı, öyrənilməli və lazım olan vaxtda istifadə olunacağı zəruriliyini vurğulayıb.
Sonra Qızıl Aypara Cəmiyyətinin İlk Yardım üzrə mütəxəssisi doktor Şahin Biləndərli müxtəlif bədbəxt hadisələr, ekstremal hallar, bu hadisələrdə ilk yardımın göstərilmə qaydaları haqqında ətraflı məlumat və izahat verib. Tədbirin daha maraqlı və izlənən olması üçün təşkilatcılar tərəfindən Təzəkənd və Tircan məktəbliləri arasında bilik viktorinası keçirilib. Doktor Biləndərli verilən suallara dair açıqlamalar verib. Viktorinanın sonunda Tircan məktəblilərindən ibarət komanda qalib gəlib. Qalib komandaya Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.
Bəhruz Xələfov

Şərh Yaz