Vahabın uğurları davamlı olacaq

Vahabın uğurları davamlı olacaq   İsmayıllının təhsil tarixidə ötən ilin böyük uğuru –“ ali məktəbə qəbul imtahanlarından 700 bal toplamış Ağalətif Lətifovun göstərdiyi nəticəni bu il Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov təkrarladı. Bu xəbər İsmayıllıda hər kəsi, xüsusilə də məktəbimizin pedaqoji kollektivini sevindirdi.
Cəbrayılov Vahab Fuad oğlu 2000-ci il fevral ayının 17-də Lahıc qəsəbəsində anadan olub.
Atası dəmirçi, anası Lahıc qəsəbə tam orta məktəbində ibtidai sinif müəllimidir.
Hamını sevindirən Vahab 2006-cı ildə Lahıc qəsəbə tam orta məktəbin I sinfinə qəbul olunub.
Məktəbə gəldiyi ilk gündən müəllimlər onun güclü hafizəyə, böyük istedada malik olduğunu hiss etmişdilər. O, dəqiq fənlərə böyük həvəslə yanaşıb.
İlk uğurunu 2013-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə məktəbdə təşkil olunmuş “Ümumrayon riyaziyyat olimpiadası”nda qazanıb. O, bu olimpiadada I yerə layiq görülüb.
2015-ci ildə fənn olimpiadalarının respublika turunda riyaziyyat fənni üzrə III yeri tutaraq, bürünc medal qazanıb.
Ali məktəbə qəbul zamanı birinci ixtisas qrupunu seçmiş, dəfələrlə sınaq imtahanlarında iştirak edən V.Cəbrayılov hər dəfə 700 bal toplayaraq bu nəticəni istənilən vaxt təkrarlayacağına hamıda ümid yaratmışdır.
Bu il məktəbin XI sinfini bitirən Vahab ali məktəbə qəbula ərizə verən məzunumuz imtahanlardan maksimum nəticə qazanmaqla hər yerdə sevilərək çəkilən adını rayonun təhsil tarixinə yazmışdır. Əlbəttə, bu nəticəni göstərmək hər abituriyentə nəsib olmur.
V.Cəbrayılov təhsil almaq üçün Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması fakültəsini seçib.
O, 23 iyun 2017-ci il tarixdə keçirilmiş ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında da uğurlarının məntiqi nəticəsi kimi, hər üç fəndən bütün suallara düzgün cavab verib.
Vahab təhsil uğurlarına görə qızıl medal almağa təqdim olunub. Biz ondan bu nailiyyəti də gözləyirik.
Təbii olaraq, bir gənc kimi Vahab Cəbrayılovun böyük arzuları var. O, gələcəkdə yaxşı mütəxəssis olub, doğma vətəninə ləyaqətlə qulluq etmək arzusundadır. Ona bu yolda nailiyyətlər arzulayır və əminik ki, Vahabın uğurları davamlı olacaq.
Hikmət Haqverdili,
Lahıc qəsəbə tam orta məktəbinin direktoru, Əməkdar müəllim

Şərh Yaz