Yeni bağça ilə tanışlıq

Yeni bağça ilə tanışlıq       İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə tələbələri tanışlıq məqsədilə İsmayıllı rayonunda yeni fəaliyyətə başlamış, regionda ilk ingilis dili təmayüllü məktəbəqədər təhsil müəssisəsini – “Uşaq Bağçası – İsmayıllı”nı ixtisas müəllimlərinin rəhbərliyi altında ekskursiya ediblər.
Tələbələr bağçanın müdiriyyəti və kollektivi tərəfindən səmimi qarşılanıblar. Bağçanın iş prinsipi, fəaliyyəti, şəraiti, göstərilən xidmətlərlə yaxından tanış olmaq tələbələr üçün maraqlı və yaddaqalan olub. Bağçanın müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsi tələbələrdə seçdikləri ixtisasa əlavə maraq və bağlılıq hissi oyadıb.
Bağçada ən çox diqqəti cəlb edən cəhət burada təmizliyə, səliqəyə ciddi önəm verilməsi olub. Sinif otaqlarının uşaqların könlünü oxşayan şəkildə bəzədilməsi, bütün gigiyenik qaydalara əməl olunması, mətbəxin yüksək səviyyədə təşkili ekskursiyada iştirak edən müəllim və tələbələr tərəfindən rəğbətlə qarşılanıb.
Fidan balaların burada şən, xoşbəxt, qayğısız həyat eşqi ilə təlim keçmələri hər bir valideynə qürur hissi verir. Gələcəyimiz olan uşaqların bu cür gözəl bağçalarda təlim almaları tələbələrimizi çox sevindirir.
Kollecin müəllim və tələbələri, məktəbəqədər təhsil müəssisəsindən böyük təəsüratla qayıdıblar.
Müşahidələrindən böyük fərəh hissi yaşayan tələbələrimiz İsmayıllı rayonunda körpələrimizin parlaq gələcəyi naminə açılmış məktəbəqədər təhsil müəssisəsinə görə, bu işdə əməyi olan hər kəsə, xüsusilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova dərin minnətdarlıq bildiriblər.
Tələbələr bağça ilə tanışlıq üçün yaradılan şəraitə görə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlıya və bağçanın müdiri Nilufər Məsimzadəyə də minnətdarlıq ifadə ediblər.
Vüsalə Qasımova,
təcrübə rəhbərləri

Şərh Yaz