Qadın yazarlarımızın yaradıcılığından

Anamin əziz xatirəsinə
Elegiya
Sökülən dan yeri desəm – inanma,
Mən sənsiz qüruba enən günəşəm.
Dərdimi tək sənə deyə bilirdim,
Daha gərək dost-tanışa gənəşəm.
Qadın yazarlarımızın yaradıcılığından
Ömür keçdi, bada verdim illəri,
Yanan, dözən sən verdiyin ürəkdir.
İstəsəm də dönən deyil gün geri,
Dönsə belə, sənsiz nəyə gərəkdir?

Düşünməzdim ana ömrü tükənər,
Dünya mənim gözlərimdə itərmiş.
Yoxluq dərdin varlığıma xətt çəkər,
Bəxtəvərlik xəyal kimi ötərmiş.

Saf eşqindən neçə arzu göyərdi,
Neçə ömrə ömrün oldu nur payı.
Anam mənə: xoşbəxt böyü deyərdi,
Mənə qaldı xatirələr harayı.

O harayın biri sənə yetişməz,
Diləklərim sənsiz ölər içimdə.
Bir günüm də ana, sənsiz ötüşməz,
Yol üstədir daha mənim köçüm də.
Xavər İsmayıllı

Qala bilərəm

Biz ki, bir küçədən keçməmişik heç,
Amma ürəyimdə cığır açmısan.
Dünyada ən uzaq yaxınım mənim,
Dünyamı dar edib hara qaçmısan?

Ərköyün böyütdün arzularımı,
Könlüm uşaq kimi dəcəllik edir.
Cəzamı qəlbinin küncündə çəkim,
O yerdə durmaqçün ürəyim gedir.

Bizim aramızda dağlar ucalıb,
Deyirsən, ayrılaq, ayrılıq nədir?
Ruhumu köksündə ovutmaq üçün,
Bəlkə küsdürməyin bir bahanədir?

Mən düzdə baharam, sən zirvədə qar,
Açan hər qönçədə bir damla cansan.
Mən aylı-ulduzlu, sakit gecəyəm,
Sən doğan Günəşsən, açılan dansan.

Sıxanda qəlbimi ağrı-acılar,
Dərdimi dinləyən ürək kimisən.
Tənha dolananda çölü, çəməni,
Pərişan telimdə külək kimisən.

Gizlənib qəlbinin dərinliyində,
Ölüncə xəyala dala bilərəm.
Əllərim əlinə toxunmasa da,
Köçüb ürəyində qala bilərəm.
Turac Hilal

Qardaş

Dərdimin dərmanı, gözümün nuru,
Könlümün həyanı, diləyi qardaş.
Qəlbimin istəyi, dövləti, varı,
Ruhumun dayağı, köməyi qardaş.

Başımın şah tacı, dilimin sözü,
Dünyamın arzusu, canımın özü.
Qəlbimin aynası, gözümün gözü,
Hər an qardaşın da gərəyi qardaş .

Dərdi ürəyində yanana deyin,
Qəmin dəryasında donana deyin.
Sinəsi dağlanıb sınana deyin,
Qardaşdır bacının ürəyi, qardaş.

Həsrətin belini bükəndən bəri,
Gözümü yoluna dikəndən bəri.
Soldu çiçək ömrüm çəkəndən bəri,
Necə qınamayım fələyi, qardaş?

Bu necə yazıydı, pozan olmadı,
Bu necə yuxuydu, yozan olmadı.
Dünyanı tərsinə yazan olmadı,
Tutulan nitqimin mələyi qardaş.
Nailə Yırğançaylı

Körpə

Körpə İsmayıl üçün

Salam olsun gəlişinə,
Bu dünyaya gələn körpə.
Həsrətinlə ah çəkənlər,
Dönüb oldu gülən, körpə.

Pir ol ata ocağında,
Danış, yeri öz çağında.
İsti ana qucağında,
Gül-çiçəyə bələn, körpə.

Gəl, tanıyaq solu, sağı,
Bağban sevər barlı bağı.
Ruhumuza nur sayağı,
Nəğmə kimi ələn, körpə.

Tut öz mübarək yerini,
Sevək Haqqın qədərini.
Neçə qəlbin kədərini,
Gülüşüylə silən körpə.

Haqq payısan oğul kimi,
Gəlişin xoş nağıl kimi.
Fərəhi bal, noğul kimi,
Doğmalara bölən körpə.
Şərqiyyə Balacanlı

Qadınlar

Təbiətən saf, duru,
Həm də ki, zərif incə.
Gözəlliyin zühuru
Açılar qönçə-qönçə
Qəlbi duyulan anlar,
Qadınlar.

Ürəyi həzin, kövrək,
İncitmə sən amandı.
Həm qayğıkeş bir mələk,
Həm də qayğı umandı,
Qadınlar.

Onsuz yoxdu səadət,
Dünya zövqsüz, mənasız.
Bilmirəm bu təbiət,
Necə olar anasız?!?
İkinci Günəş olar,
Bu xanımlar, xatınlar,
Qadınlar.
Xatın

Azərbaycan deyəndə

Bu ad dilə gələndə – Azərbaycan deyəndə,
Ulu öndərimiz tək şəxsiyyət yada düşür.
Göz oxşayan tarlalar, bərq vuran Xəzərimiz,
Qara, ağ qızıl kimi səltənət yada düşür.

Yurdumun bir parçası –“ Kəlbəcərdəki talan,
Namərd tapdağındakı Laçın, Ağdam, Zəngilan.
Canlanır göz önündə Şuşadakı güzəran,
Qarabağda yaşanan vəziyyət yada düşür.

Г‡ətin yolla qazanıb, əziyyət verib cana,
Yayılıb, ayaq açıb üz ağlığı hər yana.
Şöhrət görmək istəyən gəlsə Azərbaycana,
Süleyman Rüstəm deyən şan-şöhrət yada düşür.

Tarixi yaddaşında Leyli-Məcnunu olan,
Diqqəti çəkmək üçün yada nələri salan.
Sevgidən torpağında, daşında külüng çalan,
Fərhad, Şirin yaşayan məhəbbət yada düşür.

Xoşuma gəlir desəm, təkrarlasam onu yüz,
Gözümün işığıdır, açdığımdan onda göz.
Dilə gətirib nəsə, deyəmmirəm başqa söz,
Bu ad dilə gələndə – Azərbaycan deyəndə!
Tamam Nur Tağlabiyanlı

Demə buzdur ürəyin

Demə buzdur ürəyin, məndə ürəkdən yox əsər,
Onu bir isti xəyanətdə əritmiş kimiyəm.

Dayanıb susmağım ilə sənə çox söz demişəm,
Hər sözü söyləmişəm, cümləsi bitmiş kimiyəm.

Baxma ki, sorğuya bənzər qurulubdur baxışım,
Nə qədər var xəyalım, hamısına yetmiş kimiyəm.

Əzizim, sən günü-gündən kiçilirsən, nədi bu?
Mən sənin həndəvərindən belə getmiş kimiyəm.

Tanrıya şükr edirəm xəlq edib sevdalı məni,
Gülüşüm sanki dəniz, həsrəti itmiş kimiyəm.

Bülbüllər fəryad edər şövqü ilə qönçə gülün,
Mən sənin vəslin üçün bir ömür ötmüş kimiyəm.
Elnarə Günəş

Bənövşə

Sən bahar müjdəli, yaz nəfəslisən,
Ətrindən doymaram düzü, bənövşə.
Ürəyə təzə-tər söz həvəslisən,
Qoy deyim ən gözəl sözü, bənövşə.

Götürüm əlimdə dünya mənimdi,
Gözəllik sən bitən çöl-çəmənimdi.
Ən xoşbəxt zamanım, xoşbəxt dəmimdi,
Mehri səni görən gözü, bənövşə.

Ürəklər açılar, diləklər gülər,
Günəş hərarətin mənimlə bölər.
Ömrümün ən gözəl günləri gələr,
Gətirdin özünlə yazı, bənövşə.
Mehriban İbrahimova

Qadın

Daim haqqa tapın, haqdır bil qadın,
Qaldırma naləsin, heç də fəryadın.
Anandır, bacındır, sevdiyin qadın,
Göylərdən gəlmişdir, mələkdir qadın!

Sındırma, tapdama qadın ürəyin,
Bir ömür boyunca olar gərəyin.
Uca tut hər zaman arzu diləyin,
Səninçün döyünən ürəkdir qadın!

Qadını ucaldan ucalar özü,
Г‡oxalar istisi, alovu, közü.
Olmaz özgəsində heç zaman gözü,
Təkcə sevdiyinə bəzəkdir qadın.

Solmaza verməsə sevəni qiymət,
Bir ömür boyunca o, çəkər zillət.
Bilin, dediklərim vallah həqiqət,
Namərdi puç edən diləkdir qadın.
Solmaz Şirvanlı

Gözəldir

Allah nə veribsə çox gözəl verib,
Günəş də gözəldi, Ay da gözəldi.
Hər şeydən bir qədər sərvət göndərib,
Sərvət də gözəldi, pay da gözəldi.

Əgər fəsilləri sadalasaq biz,
Gözlər qamaşdırar gördüklərimiz.
Nə qədər asandır, nə qədər qəliz,
Payız da gözəldi, yay da gözəldi.

Qulağım səsdədir, zəfər səsində,
Yaşayıram qələbə həvəsində.
Xalqımın şad xəbər əqidəsində,
Haray da gözəldi, hay da gözəldi.
Xuraman Baxış

Yetmir

Mən könlümdə, gözümdə qəm,
Yaşayıram dərdli, küskün.
Gözləyirəm taleyimə,
Gələ qəmsiz, xoşbəxt bir gün.

Xəzəllənib saralıram,
Bu dünyada yalqız kimi.
Ümidimi itirirəm,
Sevilməyən bir qız kimi.

Bəzən körpə bənövşətək,
Məlul-məlul baxıram hey.
Bəzən durğun bir çay kimi,
Sakit-sakit axıram hey.

Küskünlükdür ancaq peşəm,
Hey məzəmmət, giley bitmir.
Neyləsəm eşq bulağından,
Ünvanıma sevgi yetmir.
Gülxar Cəbiqızı

Sənin məhəbbətdən xəbərin yoxdur

Sevirəm! – deyərək incitmə dili,
Bu sözü söyləyən o qədər çoxdur.
Ruhumun boynuna salma məftili,
Sənin məhəbbətdən xəbərin yoxdur.

Bilirsən, sevənin titrəyər əli,
Yellənməz qəlbinin sevgi təməli.
Bir olar sözüylə işi, əməli,
Sənin məhəbbətdən xəbərin yoxdur.

Bəlkə mənə qədər yanıb-sönmüsən,
Uçub buludlara, yerə enmisən.
Bəlkə ayrılıqdan yeni dönmüsən,
Sənin məhəbbətdən xəbərin yoxdur.

Sevgi ürəklərin bir olmasıdır,
Qəlblərin bu yolda ucalmasıdır.
Sevgi ayrılığın kədər, yasıdır,
Sənin məhəbbətdən xəbərin yoxdur.
Şəhla Ramazanqızı

Ana

Başıma sığal çək, halımı soruş,
Möhtacam, ay ana, nəvazişinə.
Xatırla, bir şirin xatirə daniş,
Bir də heyran olum şirin səsinə.

Lap elə uydursan, bəsimdi ana,
Sənin hər kəlmənə inanacağam.
Sən deyən nağıla giriş də verib,
Qəlbində duyğular oyadacağam.

Ver mənə könlünün hərarətini,
Bu tənha qəlbimə gərəksən, ana.
Xəstəyə can verən bir məlhəm kimi,
Sinəmdə döyünən ürəksən, ana.

Ovundur, içimə ağrı dolmasın,
Görüm ki, gülüstan bağım var, ana.
Bənizin saralıb, gül tək solmasın,
Bilim ki, arxamda dağım var, ana.
Nazilə Səfərova

Ay bahar

Qarşılayır səni yenə el, oba,
Qədəmlərin mübarəkdir, ay bahar.
Qəmli-qəmli bürünüblər çarşaba,
Bənövşələr nə kövrəkdir, ay bahar?

Hamımıza Tanrı adlı ad dayaq,
Ocaq çataq, üstündən də adlayaq.
Tonqalları Qarabağda odlayaq,
O gün hökmən gələcəkdir, ay bahar.

Gəlişindən yurduma nur tökülər,
Namərdlərin qəddi qat-qat bükülər.
Vətənimdən qara əllər çəkilər,
Ana birdir, Vətən təkdir, ay bahar.
Məhəbbət Osmanova

Günəş hara gedər dağlar olmasa

Dağlar Günəş üçün doğma bir qucaq,
Günəş hara gedər dağlar olmasa?
Günəş də dağlarçın yanan od, ocaq,
Günəş hara gedər dağlar olmasa?

Dağlar arxasında gizlənir axşam,
Səhərin gözüylə gözlənir axşam.
Dağların boyunca düzlənir axşam,
Günəş hara gedər dağlar olmasa?

Günəşə yataqdır dağlar arxası,
Dağlara bağlıdır onun dünyası.
Səhərlər dağlardır ilk əlifbası,
Günəş hara gedər dağlar olmasa?

Günəşin ilk nuru dağlara ayan,
Dağlardır Günəşin nurunu yayan.
Dağlardır yeri də göyə calayan,
Günəş hara gedər dağlar olmasa?
Aidə Gədəbəyli

Ayrılmayaq

Hər sözdən, söhbətdən doyub küsəndə,
Açılan sabahda barışıq olaq.
Birimiz qəzəbdən, hirsdən əsəndə,
Doğma bir ocaqda qarışıq olaq,
Heç ayrılmayaq!

Yolçusuz, bulaqsız yola dönməyək,
Meyvəsiz, yuvasız kola dönməyək.
Sözümüzdə sağa, sola dönməyək,
Əlvan bir bağçada sarmaşıq olaq,
Heç ayrılmayaq!

Bir gənclik yaşayaq dövranımızla,
Saf eşqi qoruyaq öz canımızla.
Əvvəlki əhdimiz, peymanımızla,
Ömrə də, günə də yaraşıq olaq,
Heç ayrılmayaq!
Surə Cəbrayılova

Şərh Yaz