Yeni ilə yeni arzularla

Ötən ilin son saatlarında, daha doğrusu dekabr ayının 30-da təhsil almaq üçün ilk dəfə qədəm qoyduğum Külüllü kənd məktəbinə getmək qərarına gəldim. Məktəbə gəldikdən sonra bildim ki, Yeni il ərəfəsində özüm-özümə dəyərli bir hədiyyə etmişəmmiş.Yeni ilə yeni arzularla                 Müasir üslubda 2014-cü ildə tikilib istifadəyə verilən Külüllü kənd ibtidai məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliyi qeyd olunurdu. Məktəbdə cəmi 8 nəfər şagird olsa da bayram coşqusu xeyli yüksək idi. Burada çalışan 3 müəllim öz bilik və bacarıqlarını şagirdləri ilə bölüşür.
Maraqlı cəhətdir ki, tədbirin təşkilini və icrasını şagirdlərin özü həyata keçirirdi. Onlar Yeni ilə, Vətənə, dostluğa aid şeirlər söyləyib mahnılar oxudular. Şən musiqi sədaları altında rəqs etdilər. Hər şey gözəl və sevindirici idi. Bu məqamda yadıma “Sehirli xalat” filmində səslənən bu sözlər düşdü:
– Bu uşağın böyüyüb kim olacağını düşünəndə, adamın tükləri biz-biz olur.
Mən isə bu uşaqların uğurlu gələcəyi olacağını duyub qürur hissi keçirdim və onları alqışladım. Gözəl məktəb binasına görə onun tikilməsinə səbəbkar olanlara, tikinti işlərini aparanlara xoş sözlərimi ifadə etdim. Bununla yanaşı həmin məktəbin müəllim və şagird kollektivinə, xüsusən də məktəbin direktoru Rasim Ağayevə dərin minnətdarlığımı bildirdim. Fürsətdən istifadə edib hər iki bayram münasibətilə Yeni ilə yeni arzularla gedən, təhsil aldığım kənd məktəbinin çalışqan kollektivini təbrik etdim. Şagirdlərə yaxşı oxumalarını və ölkənin layiqli vətəndaşları olmağa hər an can atmalarını tövsiyə etdim.
Aynur Ağayeva,
“Qafqaz” universitetinin ingilis dili və ədəbiyyatı fakültəsi üzrə I kurs tələbəsi

Şərh Yaz