“İsmayıllı Yazarları”nın şeir dəftərindən

Üç oğul

Deyirsən ki, üç oğlum var, ay ana,
Ah, nə gözəl, bar-bəhərdi üç oğul.
İki ömrə, iki cana, insana
Üç sabahdı, üç səhərdi üç oğul.
“İsmayıllı Yazarları”nın şeir dəftərindən
Bir ağacda üç meyvədi təzə-tər,
Haqdan olsun üstlərində hər nəzər.
Üç incidi, üç sədəfdi, üç gövhər,
Üç xəzinə, üç əsərdi üç oğul.

Üç düzəndi, üç qayadı, üç dağdı,
Üç çiçəkdi, üç bağçadı, üç bağdı.
Üç yurd-yuva, üç el-oba, oymaqdı,
Üç kənd-kəsək, üç şəhərdi üç oğul.

Vətənin yükünü alıb çiynində,
Saxlaya bilərlər çətin günündə.
Yağıların, düşmənlərin önündə,
Üç qaladı, üç səngərdi üç oğul.

Gerçəkləşən üç arzudu, üç xəyal,
Ataların söylədiyi üç misal.
Üç ailə, üç məhəbbət, üç vüsal,
Üç igid ər, üç əsgərdi üç oğul.

Üç dəryadı, üç dənizdi, üç göldü,
Üç damladı, üç bulaqdı, üç seldi.
Üç cığırdı, üç yoldaşdı, üç yoldu,
Üç Göygöldü, üç Xəzərdi üç oğul.

Arzum budur: xoşbəxt ömür sürəsiz,
Hər arzunun meyvəsini dərəsiz.
Üç igidin üç toyunu görəsiz,
Dünyalara bərabərdi üç oğul.
Nazir Ziya Talıstanlı

Ölümdən həyat qaçmayıb

Göyə can atsa da ürəklər daim,
İnsan uyub ona yerdən keçməyib.
Burda ən düz yolu tapmayıb heç kim,
Xəyal keçən yerdən gerçək keçməyib.

Allah birdir, nədir yüz din, təriqət,
Niyə parçalanır hey bəşəriyyət?
Şəksiz, var hamıya məqbul həqiqət,
Heyif ki, göz onu hələ seçməyib.

Dünyada hər saat təzə büsat var,
Bəs nədən bir belə ağlı boyat var?
Bəlkə də hər yerdə abi-həyat var,
Ancaq bircə adam tapıb içməyib.

Bir duyğumuz əlvan, birisi bozdur,
Bir günümüz alov, birisi buzdur.
İnsanın gözləri bir cüt ulduzdur,
Г‡ox əfsus, çoxusu işıq saçmayıb.

Həm vərdiş etmişik tikib-qurmağı,
Həm hünər saymışıq söküb-qırmağı.
Quru budaqdırmı insan barmağı? –“
Hələ bircə dəfə çiçək açmayıb.

Ölüm ki bir belə qara bəladır,
Həyat niyə özün ona taladır?
Bilmirik, bəlkə də, ana-baladır,
Heç zaman ölümdən həyat qaçmayıb.
Oqtay İsmayıllı

Adsız şeir

Düşəsən borcun içinə,
Bir iri xurcun içinə.
İmkanlının nə vecinə,
Kasıblar düşüb çətinə.
Dərd alıb sürüyə, apara səni,
Dartıb məhvərindən qopara səni.
Ağlamağa yaş qalmaya gözündə,
Naəlac qalasan bu yer üzündə.
Cırıq şalvarından çıxa dizlərin,
Gedib uzaqlara çıxa izlərin.
Acından ağzından qara su gələ,
Burnuna kababın qoxusu gələ.
Durub sürünəsən zibilxanaya,
İt, pişik məskəni dəlixanaya.
Heç nə tapmayasan, naəlac qalıb,
Oturub qalasan bir daşın üstdə.
Əllərin üzülə bu yerdən, göydən,
Düşəsən heydən.
Biri də yol keçə soruşa səndən:
“Bu yol hara gedir, qardaş?
Bir siqaret ver“.
Xalıq Yusifoğlu

Yaralı yurdum Qarabağ–¦

Qarabağ qoxusu gəldi burnuma,
Daşlıdır yolları keçə bilmirəm.
Yayda buz kəsilən çaylar qoynuna,
Dalıb, bircə ovuc içə bilmirəm.
Qədimdir Şuşanın qala divarı,
Keçəməzdi ondan xain süvari.
Hər dağı, dərəni, bütün çivarı
Xəyalımla gəzib uça bilmirəm.
Şəhidlər yurdudur Xocalı kəndi,
Övladları öldü, kəsildi bəndi.
Düşmənin başında çatlasın fəndi,
Baş alıb qəmimdən qaça bilmirəm.
Laçın, Kəlbəcərin uca dağına,
Obalı, yaylaqlı dastan çağına.
Süsənli, sünbüllü çiçək bağına,
Ümidləri əkdim, biçə bilmirəm.
Ağdam, Füzulinin tərifi yoxdur,
Zəngəzur elinin dərdləri çoxdur.
Qubadlı, Zəngilan bağrımda oxdur,
Dərdimi kimsəyə aça bilmirəm.
Cəbrayıl, Xocavənd xalqı hardadır?
Ağdərə, Xankəndi başı dardadır.
Yaralı ürəyim burda zordadır,
Deyim hansı dərdi, seçə bilmirəm.
İltimas İsmayıl

Getdi…

Şair Namiq Dəlidağlının ”Heç nəyi qalmadı, getdi!” misrasına

Geri dön deməzlər özü gedənə,
O mənim həmdəmim olmadı, getdi.
Gələndə bir dünya vermişdi mənə,
Apardı, heç nəyi qalmadı, getdi…

Düşünməzdim illər onu soyudar,
Özgə laylasına rahat uyudar.
Dedim məni yada salıb qayıdar,
O isə yadına salmadı, getdi…

Yaman incimişəm lal baxışından,
Mürgülü, yuxulu, kal baxışından.
Ögey, aciz, soyuqhal baxışından,
İncimiş könlümü almadı, getdi…

İzin ver öyrədim özümə səni

M.Yaqubun “Öyrətmə özünə, öyrətmə məni“ şeirinə

Sən qəlbinin qapısını bağlama,
İzin ver öyrədim özümə səni.
Sonrasını burax mənim ağlıma,
Öyrədəcəm dərdə dözümə səni,
İzin ver öyrədim özümə səni.

Sənin dərdlərinin ayaqları var,
Mənim də ruhumun qonaqları var.
Ayıra bilməzlər, nə haqları var,
Tutmamış oduma, közümə səni,
İzin ver öyrədim özümə səni.
Elnarə Günəş

Dönmüsən

Bir payız səhəri, payız havası,
Г‡içəyə dönmüsən, gülə dönmüsən.
Sən mənim əqlimi alıb başımdan,
Gəlinlik donunda tülə dönmüsən.

Gəl oxu məhəbbət nəğmələrini,
Uzaq et özündən qəm-kədərini.
Sənə həsr etdiyim şerlərimi,
Bəmdən oxuyardın, zilə dönmüsən.

Daha bel bağlama, bahara-yaza,
Mənsiz bürünərsən şaxtaya-buza.
Bil ki, ömür gedir üzü payıza,
Saralan yarpağa, gülə dönmüsən.

Uzaqlaş nə qədər, dönə bilirsən,
Axan göz yaşını niyə silirsən,
Solmazdan ayrı sən, bil ki, ölürsən,
Daha közün də yox, külə dönmüsən!!
Solmaz Şirvanlı

Gəzirəm səni

Gözündə göllənən nəmi silməyə,
Dərdini, sərini hər gün bilməyə,
Tapdığım sevinci sənlə bölməyə,
Yenə xəyallarda gəzirəm səni.

Yolunda bir yanar çıraq olmağa,
Г‡ətin günlərinə yaraq olmağa,
Ömür kitabında varaq olmağa,
Yenə xəyallarda gəzirəm səni.

Dünyanın sərvətin atıb bir yana,
Gözündə bir sirli dünya boylana,
Uyumuş arzular yenə oyana,
Yenə xəyallarda gəzirəm səni.

Öyrəndim xəyalın danışmaz dilin,
Ağrı -acısı da yoxmuş bu yolun,
Qol açıb göylərdə uçsun xəyalın,
Yenə xəyallarda gəzirəm səni.
Mehriban

Dönüb baxmağım var

Dönüb baxmağım var geriyə hərdən,
Qalır arxada göz necə olursa.
Qalmayır yerində danışılanlar,
Г‡atır qulağa söz necə olursa.

Dönüb baxmağım var hərdən geriyə,
Durmayır üstümdə baş hər baxanda.
Alıram zədəni beldən, kürəkdən,
Tökülür başıma daş hər baxanda.

Dönüb baxmağım var hərdən geriyə,
Arxada qoyduğum zaman var deyə.
Danışıram qəmdən, gizlətmirəm dərd,
Halıma acıyan, yanan var deyə.

Dönüb baxmağım var hərdən geriyə,
Yerdən ağır-ağır qaldırıb başı.
Arxamca sürünən, gəzən kölgəmi,
Görüb keçirirəm qorxu, təlaşı.

Min cür söz danışa, söyləyə hərə,
Fərqi yox kimsələr görməyə, görə.
Kimsəyə görə yox, özümə görə,
Dönüb baxmağım var hərdən geriyə.
Tamam Nur Tağlabiyanlı

Dilə dedim

Bir gümanın işığında,
Ümidlənim, elə dedim.
Qol-qanad ver mənə, Allah,
Yoluma nur ələ dedim.

Gözlərimə gözəllik yaz,
Ürəyimdə cücərsin yaz.
Danışdıqca bir xoşavaz,
Tuta şirin dilə, dedim.

“Canım“, – deyə qəlb sirdaşım,
Quruyaydı gözdə yaşım.
Sevincimdən aşıb-daşım,
Dönüm coşqun selə, dedim.

Ürəyimdə qorunursan,
Gözəlliksən, işıq, nursan.
Ay Allahım, sən ki varsan,
Hara getsəm, dilə, dedim.
Xatın

Saxta olanlar

Riyakar insanın hər vaxt özünün,
Neçə astarı var, neçə üzü var.
İblistək getdiyi yolu, izinin
Neçə əyrisi var, neçə düzü var.

Bilinməz yollardan kəsməz ayağın,
Vaxsız bir zamanda olar qonağın.
Düşər dastan olar səsin, sorağın,
Neçə deyilməyən hələ sözü var.

Zay olar çəkdiyin əmək nadana,
Qara bir ləkətək düşər adına.
Zalım üfləyərsə yanan oduna,
Hələ alışmayan neçə közü var.
Nailə Yırğınçaylı

Ömrümün

50 yaşıma

Fələk işə saldı öz fellərini,
Soldurdu bəxtimin tər güllərini.
Ən cavan, ən gözəl, xoş illərini,
Bir nadan qoparıb çaldı ömrümün.

Dərd-qəmi daşlayıb, daha gülürəm,
Gözümün yaşını indi silirəm.
Əllini yaşadım, bunu bilirəm,
Görən nə qədəri qaldı ömrümün?

Qədrimi bilərmi hər yoldan ötən,
Qoy mərdlər var olsun, namərdlər itən.
Yanımda balam var, arxamda Vətən,
Hər günü şəkərdi, baldı ömrümün.
Südabə Şeyda

Ana, ürəyimdən vurdu erməni!

(Şəhid qardaşımız Mikayıl Vahabovun xatirəsinə)

Əzablar çəkdin çox, böyüyüm deyə,
Qurban kəsdi atam yeriməyimə.
Qalın geyinirdim donmayım deyə,
Üşüyür bədənim, qucaqla məni,
Ana, ürəyimdən vurdu erməni!

Deyirdin “bir igid, ər olacaqsan,
Xalqımın qisasın sən alacaqsan”.
Bilirəm yadına çox salacaqsan,
Qəlbinə zamansız çökdürdüm çəni,
Ata, ürəyimdən vurdu erməni!

Vüqarlı dağına yağdı bəyaz qar,
Gül-çiçək açmadı niyə bu bahar?
Qoyub hamınızı gözləri ağlar,
Az yaşda telinə saldım ağ dəni,
Qardaş, ürəyimdən vurdu erməni!

Siman əbədilik yadımda qaldı,
Ürəyin cənnəti hədiyyə aldı.
Neynəyim, Əzrayıl canımı aldı,
Gözləri yaş içrə qoyuram səni,
Gülüm, ürəyimdən vurdu erməni!
Şəhla Ramazanqızı

Yaratmısan

Ey qoca dünyanı yaradan Allah,
Bütün insanları sən yaratmısan.
Hər kəsin ömrünü, həyat yolunu,
Yarı qəmgin, yarı şən yaratmısan.

Atanın, ananın varmı heç tayı?
Onlartək əzizmi heç əmi, dayı.
Göylərdə ulduzu, Günəşi, Ayı,
Dağlarda pəritək çən yaratmısan.

Köçür növbə ilə dünyaya gələn,
Yaxşı, pis ötüşür günlər ömürdən.
Gah ağladıb, gah güldürüb bizi sən,
Qanala qanmazı tən yaratmısan.
Aidə Gədəbəyli

Şərh Yaz