Sözün zirvəsinə doğru

İstedadlı şair, bir neçə şeir kitabının müəllifi, publisist, ədəbiyyatımızın cəfakeş təbliğatçısı Ağami Ağa oğlu Bağırlının əziz xatirəsini unutmaq olarmı? O, sonuncu kitabına “Vətən” adını vermişdi. Ağır xəstə idi. 70 illiyi ərəfəsində oğlu İlqar kitabı çap etdirdi. Müəllif 70 illik yubileyi qeyd ediləndən bir neçə ay sonra, 2014-cü ilin avqustun 26-da dünyasını dəyişdi.
Sözün zirvəsinə doğru
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şahməmməd Dağlaroğlu redaktoru olduğu bu kitaba “Sözə dəyər verən, sözü dəyərləndirən şair” başlıqlı ön söz yazıb.
Adı çəkilən yazıdan oxuyuruq:
– Ağami Bağırlı kiçik bir şeirə sığışdıra bilmədiyi fikirləri sujetli şəkildə qələmə aldığı poemalarında böyük ustalıqla verə bilmişdir. Vətəndaşlıq yanğısından, Vətənə məhəbbətindən yaranan “Ana vətən”, “Azadlığa gedən yollar qan içində” poemaları yurdsevərliyinin, vətənpərvərliyinin dərəcəsini əks etdirir.
Ağami Bağırlı sözə dəyər verən, sözü dəyərləndirən, şairdir. Qələmindən çıxan hər bir yazı onun qəlbinin saflığını, sadəliyini və böyüklüyünü göstərir…
Qonşu, dost, həmsüfrə idik onunla. Yaxşıların itkisi yaman olur.
Yaxınları, doğmaları ilə bərabər mən Ağami Bağırlı adında bir şairi, dostu, ağsaqqalı, gözəl insanı, qardaşı itirdim. Onun yoxluğu – xatırlandıqca artan göynərtidir.
Təsəllimiz isə… Təsəllimiz isə böyükdür, ən azı bizə xatirə qalan bir şair ömrüdür. A.Bağırlının 70 illik ömrü 50 illik yaradıcılığında muncuq-muncuq sözlər, misra-misra şeirlər, yarpaq-yarpaq kitablar şəklinə düşdü. O, söz sənət yolunda uca sözdən yaranan poeziya mehrabına doğru özünəməxsus addımlarla irəlilədi. Sözdən çələng hörə-hörə, insanların qəmini, kədərini duya-duya şivə saçlarını gümüşü rəngə bələdi. Sevən ürəklərə bahar yağışı çiləyib, yaratdıqlarını bizlərə yadigar qoyub əbədiyyətə qovuşdu…
İlk şeiri 1957-ci ildə “Gəncliyin səsi” almanaxında çap olunub. İllər ötdükcə yaradıcılığı poeziyamızın, ədəbiyyatımızın sayılan, seçilən nümunələrinə çevrilib.
1944-cü ildə İsmayıllının dilbər guşəsi olan Kənəə kəndində doğulub. Doğma kəndin əsrarəngiz təbiəti onu erkən yaşlarından gördüklərini tərənnüm etməyə sövq edib. Onun qələmə aldığı ən kiçik şeiri də bir nəğmə kimi səslənir. Bu düşüncələrlə onun mənalı ömrü də unudulmayacaq nəğməyə çevrildi:
Bu yollarda axşam-səhər,
Yoldaş olub sevinc-kədər.
İnsanlığın ömrü qədər
Ömrü vardır nəğmələrin.
Şair olmasaydı onun da həyatı adi bir ədəbiyyat adamının keçdiyi həyat yoluna bənzəyərdi. Müharibə illərinə təsadüf edən uşaqlıq çağları, orta və ali təhsil illəri, ilk məhəbbət və ailə qayğıları, müəllimlik ömrü… Onun bu gün xatirələrə dönmüş ömrü isə poeziyaya doğru uzanan işığa, nura bələnmiş yaradıcılıq yolundan keçib.
Ağami Bağırlı sözün zirvəsinə doğru gedən yolun layiqli yolçusu idi. O, adına bənzəyirdi. Hər adam adına, hər şair təxəllüsünə bu qədər uyar olsaydı, onu xoşbəxt adlandırardılar. Adındakı “ağa” sözünə uyğun – ağayana, sadə, həlim, duyğulu, doğrucul, həssas, insanlara qarşı məhəbbətli idi. Ətrafından, dostlarından, qohumlarından heç bir umacağı da yox idi.
Dilindəki təpər, prinsipiallığı, daim təlatümlü, dolğun və coşqun olması ilə Girdiman çayına bənzəyirdi. Birdən coşar, birdən də sakitləşərdi. Ulduz işartısı boyda məhəbbətə Günəş hərarəti ilə cavab verərdi. Olduğu məclislər şən keçərdi. Zarafatcıl, güclü yumor hissi olan ziyalı idi. Dostluqda möhkəm, qədirbilən, səxalı idi.
Xəstə vaxtlarında imkan tapanda baş çəkərdim. İmzası bəlli olan İsmayıllı yazarlarından bir çoxunun adını çəkər, onlara olan istək və ehtiramını dilə gətirərdi. Musa Yaqubu, Məmmədmirzə Rzayevi, Maarif Soltanı, Oqtay İsmayıllını, Şahməmməd Dağlaroğlunu, Cəbrayıl Hüseyni, Xalıq Yusifoğlunu xeyirxahlıqla xatırlayar, onlarla oturub-durduğundan fəxr duyduğunu deyərdi. Onlarla görüşəndə isə mütləq mənə salamının yetirilməsini xahiş edərdi…
Bir yerdə çox olurduq. Ağami müəllim yazdığı hər yeni şeiri mənə oxuyardı. Yaradıcılıq planlarından danışar, ürək söhbətləri edərdik.
Canındakı ağrı-acını duysa da, dünyasını dəyişməzdən bir neçə ay əvvəl çox sevinirdi. “Vətən” adlı kitabı ilə özünü döyüşə hazır əsgər, qürurlu vətəndaş kimi hiss edirdi. Г‡ox təsadüfi hallarda həyatın sona yaxınlaşdığını dilə gətirərdi. Təbii olaraq, mən də təsəlli verər: Qardaşım, sən ölməyəcəksən, yaşayacaqsan! Gözəl ailən – balaların, nəvələrin, qələmə aldığın şeirlər, bayatılar səni yaşadacaq, – deyərdim.
Amma amansız ölüm sözünü dedi…
Sənin böyük yaradıcılıq irsin, dərs dediyin şagirdlər, lentlərdə şirin ləhcəli səsin, yaddaşlarda ürəyə yatan sözlərin və kifayət qədər də fotoşəkilin qalıb… Hər xatırlayan –“ Ruhun şad olsun! – deyir.
Ağami Bağırlı söz dünyasından qopub gələn səs, nəfəs idi, o öz dünyasına da qayıtdı. Amma duyduqlarını, ömrü bahasına yaratdıqlarını nəzmə çəkib bizlərə, gələcək nəsillərə ərməğan edib əbədiyyətə qovuşdu.
Allah rəhmət eləsin.
Sözün zirvəsinə doğru
Hacıməmməd Məmmədov

Şərh Yaz