Naz-qəmzə barədə – Fərqli baxış

Qızlarımız: – “Yox!..Yox!, – “Olmaz!.. Olmaz!” deyə-deyə şir, aslan cürətli oğlanları dovşana, tülküyə, ilana döndərəndən sonra yaxına buraxırlar. Oğlanlar da dözüb istədiklərinə nail olandan sora bu naz-qəmzənin ikiqat hayıfını çıxırlar. Vəziyyət dəyişdikdə qızlar təəccüblənir və “Dünən ilan kimi dalımca sürünən oğlan bu gün niyə bu qədər laqeyddir?”- deyirlər.
Vurulduğundan yuxusunu itirən qız oğlanla üz-üzə gəldikdə hər sözünə işvə-nazla cavab verib, alovdan don geyərək: – “Yox!..Yox!, – “Olmaz!.. Olmaz!” -deyir.
Qızlar naz-qəmzənin onlara yaxşı heç nə verməyəcəyini, bunun ikiüzlülük, riyakarlıq əlaməti olduğunu nə qədər tez başa düşsələr, bir o qədər də yaxşı olar. Oğlanı istəməyən qız isə elə birincidən sevdasına düşənin “dərs”ini verməlidir ki, o da başa düşüb vaxtını itirməsin.
Qeyd etmək lazımdır ki, müəyyən mənada bəzi kişilərdə formalaşan ikiüzlülük, riyakarlıq, qızların, qadınların yersiz işvəsinin məhsuludur. Naz-qəmzə uydurulmuş hal olduğundan daimi ola bilmir və xoşagəlməzliklərlə nəticələnir.
Odur ki, qızların tərbiyəsində kiməsə yersiz görünən bu məsələdə ciddi olmaq, onları ifrat naz-qəmzədən vaxtında çəkindirmək lazımdır. Yaxşı bilirik ki, duzsuz xörək dadsız olar, həddindən artıq duz isə onu korlayar. Bir anlığa fikirləşək ki, oğlanlar kişiləşərək nazlanan qızlara: – “Yox!..Yox!, – “Olmaz!.. Olmaz!” dedilər. Bəs onda nə olacaq?!.
Seyran Məmmədov

Şərh Yaz