İdman sürətlə inkişaf edir

May ayının 1-də İsmayıllı rayon Gənclər və İdman İdarəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına daxil olan atletika üzrə məktəblilər arasında rayon birinciliyi keçirib.
Tədbir öncəsi Azərbaycanda idmanın sürətli inkişafı diqqətə çatdırılıb. Ulu öndərin bu sahədə yürütdüyü uğurlu siyasətdən, bu siyasətin layiqincə davam etdirilməsindən bəhs edilib, gənclərə və idmançılara göstərilən diqqət və qayğıdan danışılıb.
Hər komandanın tərkibi iki qız iki oğlan olmaqla 8 komandanın qatıldığı yarışda qızlar 100, 200 və 500 metr məsafəyə, oğlanlar isə 100, 200 və 800 metr məsafəyə qaçış üzrə mübarizə aparıblar. Qalib komandalara Yeniyetmələrin VII Ümumrayon Spartakiadasında qələbəyə görə Gənclər və İdman İdarəsinin Diplom və qiymətli hədiyyələr təqdim olunub.
B. Səfərəliyev

Şərh Yaz