Sənsiz səninlə…

Bu gecə səni röyada gördüm. Gözlərimə inanmadım. Kölgə kimi gəldin yuxuma. Gözlərinə baxdım, baxışlarında bir yalvarış, su həsrətli dodaqlarında bir titrəyiş duydum…
Mənim röyaya dönən çiçəyim. Əllərimi uzatdım, tutmaq istədim səni, uzaqlaşdın məndən. Elə bil ki, peşman oldun gəlişinə. Mənim ömrüm-günüm…
Həyatıma gəldin körpə gülüşünlə, ağrı ilə, acı ilə, əzab-əziyyətlə. Sevindim, elə bildim arzularım gül açacaq. Elə bildim sevindirəcəksən məni, mənim solğun çiçəyim. Ümidim, gələcəyim sən idin, sən. Sən idin, həyatda özünə yer tapmayan quzum. Soyuq məzarı özünə yuva edən sən idin, sən. Solmuş çiçəyim, indi sənsiz səninləyəm. Səni düşünürəm, səni. Heç kimə deyə bilməyəcəyimi sənə demək üçün. İstəyirəm əllərini əllərimə alım, o qara, qəmli gözlərinə baxım, hey baxım. Ürəyimdən keçənləri duydum, bəlkə…
Baxıram sənin uyuduğun məzara. Xəyal məni səninlə keçirdiyim o qəmli, o əzablı, o dözümlü günlərə aparır. Xəyal məni sənsiz keçən bir həyata qaytarır. Bu mənasız həyat kimə, nəyə lazımdır?! Fikirləşirəm, bəlkə belə yaxşıdır, bəlkə də…
Sevda

Şərh Yaz