Ata evin dayağıdır

Əksər halda atalar övladlarının xoş davranışlarını müşahidə etdikdə bundan rahatlıq tapır, məmnun qalır. Bu xüsusiyyət ata olmağın üstün cəhətlərindən biridir. İnsan ata olmaqla öz uşaqlıq xatirələrini təkrarlamaq imkanı qazanır. Atalıq hissinin gözəlliklərini yaşamaq üçün övladlar ilk gündən yüksək səviyyədə tərbiyə almalıdırlar. Övladlar kişiyə verilmiş fürsətdir. Əbəs yerə müdriklər deməyiblər: Ata gözdür, oğul gözün işığı. Ata elə etməlidir ki, sabah bu gözün işığına xətər gəlməsin. Ona görə də həyatda atanın üzərinə böyük məsuliyyət düşür.Ailə səadətinin sağlam təməl üzərində qurulması saleh bir atanın iradəsinə bağlıdır. Saleh bir ata ailəsinin dolanışığını təmin edən, övladlarının tərbiyəsinə nəzarət və onları mühafizə edən anlamına gəlir. Bu isə çalışqan, təcrübəli, ən əsası, imanlı və gözəl əxlaqlı olmaqla mümkündür.
Kişi ailəsini hər cür mənfi hallardan –“ dini dəyərlərimizə, əxlaqımıza zidd olan hərəkətlərdən, içkidən siqaretdən, narkomaniyadan (bəzi televiziya verilişlərindən, internetin xoşagəlməz saytlarından və sairdən) qorumalıdır. Ailədə daxili qayda-qanunların bərqərar olması vəzifəsi valideynlərə məxsusdur. Valideynlər güclərini ailəsinin tərbiyəsinə, maddi rifahının daim yüksək olmasına sərf edirlərsə, onlar övladlarına sevgi və hörmət veriblərsə, övladlarından da bunu ummağa haqları var. Övlad valideynlərinə qarşı hörmətsizlik, itaətsizlik, nanakorluq və ya üsyan edərsə, bu, qəbul edilməzdir. Sevimli peyğəmbərimiz: “Allahın razılığı atanın razı qalmasında, qəzəb və əzabı da atanın əsəb və qəzəbindəndir”, – buyurmuşdur.
Ata, nəinki ailəmizin başçısı, həm də daim arxamızda hiss etdiyimiz güclü bir dayaqdır. Yaşlarından, vəzifələrindən asılı olmayaraq, insanların ataya daim ehtiyacı olur. Nə qədər çətin işi olsa da, ata övladlarına vaxt ayırmalı, onlarla iş görməli, onları dinləməli, suallarını cavablandırmalı, kimlərlə yoldaşlıq etdiyini, boş vaxtını necə keçirdiyini, daha çox nələrə maraq göstərdiyini və sairi öyrənməlidir. Övladının gələcəyini düşünən hər bir ata bu cür hərəkət etməlidir. Əks təqdirdə, gələcəkdə baş verənlər valideynə çox baha başa gələcək.
Övlad tərbiyəsi uzun və çətin prosesdir, özü də gündəlik. Bu gün onlarca ailə başçısını göstərmək olar ki, övladının təhsil və tərbiyəsinə vaxt ayırmır. Bəzən uşağa sərbəstlik verilir deyə, onu ərköyün böyüdürlər. Zaman keçdikcə uşağın tələbatı da artır, heç kəsi bəyənmir, yalnız özünü düşünür, milli-mənəvi dəyərlərdən yoxsul olur, eqoist gənclərə çevrilirlər. Bunun fəsadları isə heç də yaxşı olmur. Nəticədə, belələri sərxoşluğa, narkomanlığa, oğurluğa yuvarlana bilərlər. Övlad dünyaya gətirmək üçün çırpınan insan oğlu bəs nə üçün onu doğru yola istiqamətləndirmək istəmir? Bu barədə düşünmək, özü də lap kiçik yaşlarından düşünmək lazımdır. Müqəddəs kitabımızda: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır”, – buyrulur. Biz Rəbbimizin bu tapşırığına lazımınca əməl edə bilirikmi?
Hər bir valideyn övladının əlindən tutmalı, onunla sirdaş, yoldaş olmalıdır. Axı onlar bu dünyada bizə əmanətdirlər. Əmanəti zay etsək, qiyamət günündə əmanət sahibi olan Allahın hüzuruna nə üzlə çıxacağıq? Gəlin, gələcəyimiz olan uşaqlarımızı yad ünsürlərdən qoruyaq (xüsusən də internetin biabırçı saytlarından, televiziyanın bəzi verilişlərindən). Enişli-yoxuşlu həyat yollarında onların əlindən tutaq ki, büdrəməsinlər. Zaman keçəcək, bu gün uşaq və yeniyetmə saydıqlarımız ölkəni idarə edəcəklər. Deməli, təməl möhkəm olmalıdır. Ata ilkdir, ailənin təməlidir, nəslin kökü həm də davamıdır. Belə olduqda, övladların tərbiyəsində səhvə yol verməyimiz bağışlanılmazdır və onun fəsadları faciələrə gətirib çıxara bilər.
Abduləli Əliyev,
şəhər sakini

Şərh Yaz