Nizam-intizamlı olmaq lazımdır

Son vaxtlar respublikada yol nəqliyyat hadisələrinin sayı artır. Bu bizim ən ağrılı yerimizdir. Ancaq təəssüflər olsun ki, deyilməsinə, maarifləndirmə işi aparılmasına, yol hərəkəti qaydalarını pozmaların cərimələnmələrinə baxmayaraq, bu hadisələr azalmır. Bəs bu cəhətdən rayonumuzda vəziyyət necədir? Son iki ayın nəticələrini nəzərdən keçirməklə vəziyyəti aydınlaşdıra bilərik. Həmin müddət ərzində rayonda iki yol nəqliyyat hadisəsi baş vermişdir. İki nəfər yaralanmışdır. Xoşbəxtlikdən ölən olmamışdır. Hadisə törədənlər Valeh Arif oğlu Əliyev, Arif Kazım oğlu Səfərov və Mahir Tahir oğlu İsmayılovdur.
Bu müddət ərzində keçirilən yoxlamalar zamanı 550 inzibati protokol tərtib edilmişdir.
Nizam-intizamlı olmaq lazımdırTəssüf olunası haldır ki, haqqında tənbeh həyata keçirilənlər arasında qaydaları təkrar pozanlara da rast gəlmək olur. Anar Rüstəm oğlu Əhmədli, Mehrac Füzuli oğlu Əlili, Elvin Yaqub oğlu Hacıyev belələrindəndir.
Ümumiyyətlə, qəzaların böyük əksəriyyəti yüksək sürət, işıqforların siqnallarına məhəl qoymamaqdan irəli gəlir. Nəqliyyat vasitələrini sürətlə idarə edənlərin mənzil başına tez çatacaqlarını zənn etmələri çox yanlışdır. Belələri ancaq özlərinə deyil, digər nəqliyyat vasitələrinə də zərər vermiş olurlar. Qəzaların qarşısının alınması özümüzdən asılıdır. Bunun üçün nizam-intizamlı olmaq lazımdır.
Bundan əlavə, sürücülük hüququ olmadan nəqliyyat vasitələrinin idarə edilməsi də belə səbəblərdəndir. 9 nəfər belə sürücü saxlanmışdır. Onlar inzibati qaydada cərimələnmişlər.
Ən böyük bəla sərxoşluqdur. Sərxoş adam nə etdiyini, nəqliyyatı necə idarə etdiyini dərk etmir. Nəticədə, qəza baş verir, insanlar yaralanır, ölüm hadisələri baş verir, neçə-neçə ailəyə bədbəxtlik üz verir. Son yoxlamalar zamanı 9 nəfər sürücü avtonəqliyyatı sərxoş idarə edərkən yaxalanıb. Acınacaqlı olanı odur ki, bu sərxoş sürücülər Xocalı soyqırımı qeyd olunduğu gündə saxlanmışlar. Onlardan “VAZ -21703” markalı, 99-FV 203 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, İsmayıllı şəhər sakini İlqar İbrahim oğlu Vəliyev sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, “VAZ- 21074” markalı, 90-GK 086 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, İsmayıllı şəhər sakini Elçin Г‡ingiz oğlu Vahidli soyqırım abidəsi önündə avtoxuliqanlıq hərəkətləri edərkən saxlanmışdır. Hər iki sürücü barəsində məhkəmənin qərarı ilə sürücülük hüququndan məhrum olunmaqla, onlara bir aya qədər inzibati həbs cəzası tətbiq olunmuşdur.
Avtonəqliyyat vasitəsilə yola çıxan hər kəs ailəsinə, evə sağ-salamat qayıdacağı barədə düşünməlidir. Ona görə də sadəcə, yol hərəkəti qaydalarına riayət etmək kifayətdir. Sürücülərdən, xüsusilə də gənclərdən tələbimiz odur ki, öz təhlükəsizliklərini düşünməklə, digərlərini də təhlükə ilə üz-üzə qoymasınlar. Respublikada, eləcə də rayonumuzda gedən hərtərəfli inkişafa öz düşüncələrində yer ayırsınlar.
Azərbaycanın mirvarisi və “Gənclər paytaxtı” olan İsmayıllını sevsinlər, onun layiqli sakinləri olmalarını düşüncə, hərəkət və rəftarları ilə təsdiq etsinlər.
Əhməd Cəlilov,
İsmayıllı RPŞ-nin Dövlət Yol Polis bölməsinin rəisi, polis mayoru

Şərh Yaz