Azərbaycanda tolerantlıq

Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda digər din və mədəniyyətlərə dözümlü münasibət yaşam və həyat tərzinə çevrilib. Ölkəmiz müxtəlif millətlərin, dini konfessiyaların dinc birgə yaşadığı unikal nümunədir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə dini ayinlərini və mərasimlərini sərbəst yerinə yetirmək üçün lazımi şərait yaradılmışdır.
Ölkəmizdə tarixən müxtəlif xalqlar, etnik azlıqlar məskunlaşmış, əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynamış, etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxlamış və bu günədək yaşatmışlar.
Azərbaycanda tolerantlıqƏhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda digər din və mədəniyyətlərə dözümlü münasibət yaşam və həyat tərzinə çevrilib. Ölkəmiz müxtəlif millətlərin, dini konfessiyaların dinc birgə yaşadığı unikal nümunədir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə dini ayinlərini və mərasimlərini sərbəst yerinə yetirmək üçün lazımi şərait yaradılmışdır.
Ölkəmizdə tarixən müxtəlif xalqlar, etnik azlıqlar məskunlaşmış, əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynamış, etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxlamış və bu günədək yaşatmışlar.
Müxtəlif dinlərə etiqad edən insanlar Azərbaycanda daim sülh və əmin-amanlıq şəraitində yaşamış, dini icmalar arasında daim möhkəm dözümlülük, qarşılıqlı anlaşma olmuş, milli, irqi, dini ayrı-seçkilik müşahidə edilməmiş, ayrı-ayrı dinlərə etiqad bəsləyən insanlar mehriban bir ailə kimi yaşamışlar. Müasir dövrdə də ölkəmizdə bu zəngin ənənə qorunub saxlanılaraq, uğurla davam etdirilir.
Digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən, xoş məramından irəli gəlir. İslamın Azərbaycanda geniş yayılması da bu ənənənin yaranmasına böyük təsir göstərmişdir.
Bu gün dünyanın bir çox ölkələrində insanların yaşayış yerinin müəyyən edilməsində onların dini mənsubiyyəti əsas meyar kimi götürülür. Yəhudi, xristian, islam və digər dinlərin nümayəndələri ayrı-ayrı məhəllələrdə yaşayırlar. Müxtəlif din və mədəniyyətlərin qovşağı olan Azərbaycanda vəziyyət bu ölkələrdən tamamilə fərqlənir. Belə ki, ölkəmizdə müxtəlif dinə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst yaşayır və bir-birilərinin bayramlarında, dini ayinlərində bir ailə kimi yaxından iştirak edirlər.
Bu zəngin ənənənin qorunmasında və möhkəmlənməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O, yenidən hakimiyyətə gəldikdən sonra bir çox sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də əsaslı dəyişikliklər baş vermiş, milli-mənəvi dəyərlərin qorunmasına dövlət qayğısı artırılmış, dini sahədə mövcud problemlərin həlli istiqamətində ciddi addımlar atılmışdır.
Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan xalqının zəngin tolerantlıq ənənəsinin qorunub saxlanmasına dövlət səviyyəsində böyük önəm verilmiş, dini tolerantlıq ənənəsinin möhkəmləndirilməsi hökumətin din siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Heydər Əliyev mütəmadi olaraq müxtəlif dinlərə mənsub din xadimləri ilə görüşər, ibadət ocaqlarını ziyarət edər, dindarlar qarşısında çıxışlar edər, dini bayramlar və mərasimlər münasibətilə onları təbrik edərdi.
Ümummilli liderin Respublikaya rəhbərliyi dövründə məscidlərlə bərabər sinaqoq və kilsələrin də bərpa və inşasına diqqət artırılmışdır. Onun diqqət və qayğısı sayəsində 1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Kilsə sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunduğundan dağıntılara məruz qalmışdı. Kilsənin təmirini Moskvada yaşayan azərbaycanlı iş adamı Aydın Qurbanov öz üzərinə götürmüş və Baş kafedral kilsə tezliklə təmir olunmuşdur. Kilsənin açılış mərasimində ümummilli lider Heydər Əliyev iştirak edərək nitq söyləmişdir.
1999-2001-ci ildə Bakıda digər pravoslav məbəd – Müqəddəs Məryəmin Miladı Baş kilsəsi bərpa olunmuşdur. 1998-ci ildə Azərbaycanda Bakı və Xəzəryanı ölkələrin bölgə yepiskopluğu yaradılmış, tərkibinə Azərbaycan ərazisindəki Pravoslav kilsələri ilə yanaşı, Dağıstan və Г‡eçenistan Respublikalarındakı Pravoslav kilsələri də daxil edilmişdir.

Azərbaycanda tolerantlıq

2003-cü ilin aprel ayında Rum patriarxı II Varfolomey dinlərarası dialoqu inkişaf etdirmək məqsədilə Azərbaycanda rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icmalarının rəhbərləri ilə görüşlər keçirmiş, dini durumla tanış olmuş və ölkədə fəaliyyət göstərən ənənəvi və qeyri-ənənəvi konfessiyalar arasındakı mövcud münasibətləri yüksək qiymətləndirmişdir. Qonağı ümummilli lider Heydər Əliyev də qəbul etmişdir.
1999-cu ildə katolik icması dövlət qeydiyyatına alınmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə lazımi şərait yaradılmışdır, 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Nobel prospektində Roma Katolık Kilsəsi inşa olunmuşdur.
Eyni zamanda, Roma Katolik Kilsəsinin başçısı II İohann Pavel Heyder Əliyevin dəvəti ilə 2002-ci ilin may ayında Bakıya səfərə gəlmiş, ölkədəki dini durumla tanış olmuş, ictimaiyyətin nümayəndələri və din xadimləri ilə görüşmüşdür. Ali qonaq ölkədəki dini durumu və tolerantlıq mühitini yüksək qiymətləndirmiş, katolik icmasına yaradılan şəraitdən məmnunluğunu ifadə etmişdir.
2003-cü ildə Azərbaycanda Alban-udi dini icması dövlət qeydiyyatına alınmışdır. 1836-cı ildə Rusiya çarının fərmanı ilə Alban kilsəsi və katolikosluğu ləğv edilmiş, Alban məbədləri erməni apostol kilsəsinə verilmişdir. Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını bərpa etmişdir. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olunmuşdur. Bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən Alban kilsə-muzeyidir. Bu kilsə 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir.
2001-ci ildə Azərbaycan hökumətinin nümayəndələrinin və dünyanın bir çox ölkələrindən qonaqların iştirakı ilə yəhudilərin yığcam yaşadığı Qubanın Qırmızı qəsəbə adlanan ərazisində bərpa olunan sinaqoqun açılış mərasimi keçirilmişdir.
2003-cü ilin mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. Avropada ən böyük sinaqoq sayılan bu ibadətgah köhnə məbədin yerində inşa olunmuşdur. Açılış mərasimində dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən qonaqlar iştirak etmişlər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası yaxından iştirak etmişdir. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun inşasında iştirakı və yardım göstərməsi dünyada analoqu olmayan hadisələrdəndir.
2003-cü ilin sentyabr ayında Bakıda “Or-Avner” Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır. Açılış mərasimində xaricdə yaşayan yəhudi icmalarının nümayəndələri, eləcə də Azərbaycan rəsmiləri iştirak etmişlər.
2006-cı ilin may ayında Qəbələ rayonunun Nic kəndində Müqəddəs Yelisey adlı qədim alban kilsəsinin yerində Г‡otari adlı alban-udi kilsəsinin açılış mərasimi keçirilmiş, tədbirdə hökumət üzvləri, dini icmaların nümayəndələri və xarici qonaqlar da iştirak etmişlər.
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkədə din sahəsinə böyük qayğı var. Yeni ibadət yerləri inşa olunur, dini icmaların bayramlarında onlara təbriklər ünvanlanır, maddi-mənəvi yardım göstərilir. Eyni zamanda, Heydər Əliyev Fondu bu istiqamətdə ciddi işlər aparır, dini ibadət yerlərinin təmir və bərpasına vəsait ayırır. Roma Katolik və Rus Pravoslav kilsələrinə təmir və bərpa işlərində göstərilən diqqət və yardım bu qayğının ən bariz göstəricisidir.
Tolerantlığa aid qeyd olunan faktlar ölkəmizdə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, tolerantlığın yüksək səviyyədə olduğunu, hökumətin bütün xalqların, etnik azlıqların hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin qorunub saxlanmasına xüsusi önəm verdiyini göstərir.
Qeyd olunan faktlar göstərir ki, Azərbaycanda dini tolerantlığın bərqərar olması üçün bütün tədbirlər ardıcıllıqla, məqsədyönlü şəkildə həyata keçirilir, bütün dinlərin ardıcıllarının tam bərabərhüquqlu vətəndaş kimi yaşayıb fəaliyyət göstərməsinə şərait yaradılır.
Bu gün əsas vəzifəmiz bu zəngin irsin daha dərindən öyrənilməsi, qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir. Bu, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən tarixi məsuliyyətdir. Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Azərbaycan xalqı özünün tolerantlığını qoruyub saxlayacaq və gələcək nəsillərə çatdıracaqdır.
Azərbaycanda tolerantlıq
Ceyhun Məmmədov,
İlahiyyat üzrə fəlsəfə doktoru, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi

Şərh Yaz