Kənd təsərrüfatı və güzəştli kreditlər

Dekabrın 11-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu İsmayıllı rayonunun Qalınçaq kəndində keçirmişdir.
İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin inkişaf etdirilməsi olmuşdur.
Kənd təsərrüfatı və güzəştli kreditlərKənd təsərrüfatı və güzəştli kreditlər

Kənd təsərrüfatı və güzəştli kreditlər

Dekabrın 11-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu İsmayıllı rayonunun Qalınçaq kəndində keçirmişdir.
İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin inkişaf etdirilməsi olmuşdur.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, fermer mağazalarının, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin) və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Kənd təsərrüfatı və güzəştli kreditlər

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 5401 sahibkara 280 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1446 investisiya layihəsinin maliyyələşdirilməsinə 54,7 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, ixtisaslaşdırılmış “Yaşıl market”in, quşçuluq fabrikinin, heyvandarlıq komplekslərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, tikinti materialları istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 5100-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
Forum çərçivəsində İsmayıllı rayonunda güzəştli kredit ayrılmış ixtisaslaşdırılmış “Yaşıl market”in tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir. 2,25 hektar ərazidə tikilən, ixtisaslaşdırılmış “Yaşıl market” meyvə, tərəvəz, ət və süd məhsullarının saxlanması üçün tutumu 1000 ton olan soyuducu anbar, pərakəndə və topdansatış üçün ticarət zonaları, 150 fermer mağazası və avtodayanacaqdan ibarət olacaq. Tikintisinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 700 min manat güzəştli kredit verilmiş “Yaşıl market”in 2015-ci ilin yay aylarında istifadəyə verilməsi nəzərdə tutulur.
Sahibkarlığa Kömək Milli Fondunun aparıcı mütəxəssislərinin iştirak etdiyi tədbirdə “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov Fondun mətbuat xidmətinin rəhbəri Samir Hümbətovdan bir neçə suala cavab almışdır:

– Samir müəllim, İsmayıllı rayonunun iqtisadi potensialı barədə bir neçə kəlmədə nələri demək olar?
– Əvvəlcə onu qeyd edim ki, İsmayıllı gözəl təbiətə və kifayət qədər münbit torpaqlara malikdir. Burada ərazi dağlıq, dağətəyi və aran zonalarına bölünür. Respublikanın əsas taxılçılıq rayonlarından biri İsmayıllıdır. Bununla yanaşı, rayonda arıçılıq, süd emalı, şərabçılıq və turizm də potensial inkişafa meylli sahələrdir.
– İsmayıllıda kənd təsərrüfatının hansı sahələrinə vəsait qoyuluşunu vacib saymaq olar?
– Bildiyimiz kimi, İsmayıllı rayonu bir sıra kənd təsərrüfatı məhsulları, o cümlədən öz pendiri və balı ilə fərqlənir. Bu sahələrdə istehsalın daha mütərəqqi təşkil olunması, istehsal olunmuş məhsulların qablaşdırılması həmin məhsulların rəqabət qabiliyyətliliyini artıracaq, ixrac potensialını gücləndirəcəkdir. Bu səbəbdən də həmin sahələrə investisiya qoyuluşu vacibdir. Həmçinin, rayonda üzümçülüyün inkişafına, yeni üzüm bağlarının salınmasına da ehtiyac vardır.
– Aqrar sahəyə verilən kreditlərin şərtləri barədə nələri açıqlamaq istərdiniz?
– Ümumiyyətlə, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə dövlətin güzəştli kreditlərinin verilməsi şərtləri ölkə iqtisadiyyatının prioritet hesab olunan bütün sahələri üçün eynidir. Güzəştli kreditlər illik faiz dərəcəsi 6 faiz olmaqla verilir və məbləği 5 min manatdan 10 milyon manatadək, müddəti isə 3 ildən 10 ilədəkdir. Həmçinin güzəştli kreditlər üçün ВЅ güzəşt müddəti də nəzərdə tutulmuşdur. Bu güzəşt müddəti ərzində sahibkarlar yalnız faiz üzrə ödənişlər edirlər ki, bu da onların fəaliyyətlərinin ilk dövrlərində maliyyə vəsaiti cəhətdən çətinlik çəkməsinin qarşısını alır.
– Kreditlərin verilməsinin dövlət tərəfindən dəstəklənməsi barədə fikirləriniz?
– Ölkədə sahibkarlığın inkişafında dövlətin güzəştli kreditlərinin mühüm rolu vardır. Xüsusən də, risklərin çox, gəlirlilik dərəcəsinin isə aşağı olduğu kənd təsərrüfatı sahələrinin güzəştli kreditlərlə dəstəklənməsi çox vacibdir. Bununla yanaşı, dövlətin güzəştli kreditləri hesabına yeni istehsal və emal müəssisələrinin yaradılması ölkədə kənd təsərrüfatı və sənaye məhsullarının istehsalının artımına, yeni iş yerlərinin açılmasına, əhalinin gəlirlərinin artmasına, həmçinin, ixrac potensialının güclənməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
– Kredit götürənlər nələrə diqqət yetirməli, işin qurulmasında nələri ön plana çəkməlidirlər?
– Güzəştli kredit əldə etmiş sahibkarlar kreditlərin təyinatı üzrə istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Bununla yanaşı, sahibkarlar öz fəaliyyətlərini təşkil edərkən, istehsal olunacaq məhsula bazarda tələbat olub-olmadığını, məhsulun hansı səviyyədə satıla biləcəyini və yekunda mənfəətli olub-olmayacağını əvvəlcədən araşdırmalıdırlar. Həmçinin, sahibkarlıq fəaliyyətinin təşkilində mütərəqqi üsullardan, o cümlədən, müasir texnologiyadan istifadə olunması da çox vacibdir. Məsələn, bağçılıqda müasir suvarma sisteminin tətbiqi və yaxud hər hansı bir müəssisədə istehsal olunmuş məhsulların yaxşı formada qablaşdırılması kimi amillər hədəflənən gəlirlilik göstəricilərinə nail olunmasında əsas rol oynayır. Bu sahələrdə Fond tərəfindən sahibkarlara mümkün ola biləcək ən yüksək səviyyədə dəstək göstərilir. Sahibkarlara müxtəlif sahələr üzrə məsləhətlər verilir, onlara istehsal avadanlıqlarının alınmasında, istehsalçılarla emalçılar arasında müqavilə münasibətlərinin yaradılmasında müvafiq köməklik göstərilir.
– Kredit götürənlərə son məsləhət və tövsiyələriniz nədir?
– Sahibkarlara tövsiyəm güzəştli kreditlərdən təyinatı üzrə istifadə etsinlər, öz fəaliyyətlərini qaydalara uyğun şəkildə qursunlar və kreditin vaxtında geri qaytarılmasını təmin etsinlər. Nəzərə alsınlar ki, alınmış kreditin vaxtında geri qaytarılmaması həmin sahibkarın fəaliyyəti üçün mənfi bir amil olaraq qalır və onun bütün gələcək biznes həyatına təsir göstərir.
Güzəştli kredit əldə edən sahibkarlara öz fəaliyyətlərində uğurlar arzulayıram.
– Etdiyiniz açıqlamalar, verdiyiniz məsləhət və tövsiyələrə görə kredit alanlar və oxucularımız adından sizə təşəkkür edirik.
Şahməmməd Soltanov

Şərh Yaz